Mənzillərin ucuzlaşacağı gözlənilir: Bahalaşma xəbərləri məqsədlidir

binaNatiq Cəfərli: “Yaxın aylarda bunun nəticələrini görməyə başlayacağıq”

Rövşən Ağayev: “Mənzil bumunun başlanması ilə bağlı mediaya ötürülən məlumatlar məqsədlidir”

Ölkənin mənzil bazarında hərc-mərclik başlayıb. Manatın devalvasiyasından sonra qiymətlər qaldırılsa da, bazarda alıcı qıtlığı yaşanır.Ekspertlər isə bildirirlər ki, bahalaşma süni şəkildə yaradılıb və hökumətin müdaxiləsi vacibdir. Həmçinin, ekspertlər qısa müddətdə mənzil bazarında ucuzlaşmanın olacağını da vurğulayırlar.

Ekspert Natiq Cəfərli bildirir ki, ucuzlaşma qaçılmazdır: “Azərbaycanın daşınmaz əmlak bazarı anormal inkişaf edirdi, qiymətlər həddən artıq şişirdilmiş idi. Belə anormal qiymətlərin NatiqCeferliasdgvbhjklmnbvcxzqwertyuioolmasının səbəbləri təbii ki, inhisar və korrupsiyadır. Bu iki faktor həm tikinti materiallarının baha olmasına, həm də tikilən evlərin maya dəyərinin şişməsinə səbəb olurdu. Əgər inhisar və korrupsiya olmasa, Bakıda tikilən evlərin hər kvadratmetri ortalama 300-350 manata başa gələrdi. İndi bu rəqəm 1,5-2 dəfə yüksəkdir. Büdcə vasitəsi ilə paylaşdırılan havayı neft pulları yüngül qazanca çıxış imkanlarını artırmışdı. Bu da qiymətlərə təsir göstərirdi. Rusiyada yaşayan və çalışan soydaşlarımız illərdir ki, Rusiyada qazandıqları vəsaitlərin bir hissəsinə Azərbaycanda, əsasən də, Bakıda daşınmaz əmlak alırdılar. Yatırım kimi məhz bu alətdən istifadə edirdilər. Çünki burada biznesə girişmək çətin olduğundan, inhisarçılıq Rusiyadan qat-qat çox korrupsiyalaşdığından, yatırım kimi ancaq daşınmaz əmlakı görürdülər”.

Ekspert həmçinin bildirib ki, yeni tikililərin sahibləri, əsasən, yüksək vəzifəli məmurlardır: “Onların əsas qazancı kreslolarından çıxdığından, tikintiyə əlavə biznes kimi baxırlar. Məsələn, Türkiyədə hər hansı bir şirkət bina tikərkən bankdan kredit götürür. Ona görə də, binanı tez və keyfiyyətli tikməklə yanaşı, tez də satmaq istəyir ki, kreditini tez ödəsin, artıq faiz ödəməli olmasın. Rəqabət də çox yüksək olduğundan, türkiyəli iş adamı, qiymətləri normal tutmağa çalışır ki, satışını tez həyata keçirsin. Bizdə isə məmur-biznesmenin belə dərdi yoxdur. O, tikdiyi binaya görə kredit götürmür. Əsas qazancı bu sahə deyil. Ona görə də, tez satılması üçün qiymət endirmir”.

Əmlak bazarının perspektivindən danışan N.Cəfərli qeyd edib ki, ucuzlaşma ehtimalı var: “Devalvasiyadan sonra banklar uzunmüddətli kreditlər ya vermir, ya da ancaq dollarla verir. Ona görə də, ipoteka bazarı durğunluğa girəcək. Rusiyadan pul gəlməsi xeyli azalıb, hətta əks proses gedir. Bəzi iş adamları Bakıda aldıqları mənzilləri sataraq, vəsaiti Rusiyaya çıxarıb, öz bizneslərini ayaqda tutmağa çalışırlar. Neft pulları azalır, azalmaqda da davam edəcək. Yəni bu amilin də bazara təsiri zəifləyir. Məmur-biznesmenlərin də büdcə xərcləmələri azaldıqca, gəlirləri də azalacaq. Deməli, onlar da sahibi olduqları daşınmaz əmlakı daha ucuz satmağa məcbur olacaqlar. Həm də bazarda tələbin azalması ilə əlaqədar bunu etməli olacaqlar.

Əgər yaxın 2 ildə neftin qiymətləri 60-70 dollar civarında qalsa, Bakıda daşınmaz əmlak qiymətlərinin kəskin enməsi qaçılmazdır. Onsuz da illərdir ki, şişmiş bu “şarların” bir gün partlayacağı məlum idi. Sadəcə, bu proses sürətlənir, yaxın aylarda bunun nəticələrini görməyə başlayacağıq”.

1rovshen_agayev-5Ekspert Rövşən Ağayevin sözlərinə görə isə, devalvasiyadan dərhal sonra mənzil bumunun başlanması ilə bağlı mediaya ötürülən məlumatlar məqsədlidir: “Bu məlumatların məqsədli olduğunu düşünürəm. Maraqlı dairələr düşünür ki, bu informasiyalarla cəmiyyətin əmlak bazarında qiymətlərin enişi ilə bağlı gözləntilərini aradan qaldıra bilərlər. Ölkədə tələb məhdudluğundan dolayı iqtisadi durğunluq şəraitində mənzil satışının kəskin genişlənməsi və əmlak bazarında kəskin qiymət artımı ağlabatan görünmür. Əksinə, adətən durğunluq və onun tənəzüllə əvəzlənəcəyinə dair ictimai gözləntilər şəraitində mənzil almaq istəyənlərin gözləmə mövqeyi tutması, bu bazarda satışın məhdudlaşması və qiymətlərin enməsi ilə nəticlənir. Ola bilər ki, devalvasiya prosesinin ilk vaxtlarında milli valyuta ilə qiymətlərdə artım baş versin. Amma böhranın uzunmüddətli xarakter aldığı şəraitdə qiymətlərin enməsi qaçılmazdır. Xüsusilə də söhbət Azərbaycan kimi əmlak bazarında qiymətlərin süni şəkildə yüksək olduğu ölkədən gedir. Bu “köpük” nə vaxtsa partlamalıdır. Əgər yaxın 6 ayda milli valyutanın ucuzlaşması davam etsə, neftin qiyməti yüksəlməsə, əmlak bazarında yüksək qiymətləri saxlamaq mümkün olmayacaq”.

Ekspert hökumətin mənzil bazarındakı süni artıma qarşı tədbir görməməsinə də diqqət çəkib: “Bir məsələ maraqlıdır: hökumətin təcrübəsi ola-ola nədən indiyədək mənzil bazarındakı süni qiymət artımı ilə də mübarizə aparmayıb? Bir vacib məqamı da deyim ki, dünyada, o cümlədən, bizim qonşularda əmlakın qiymətində ciddi enmələr müşahidə olunur. Əgər bizdə “gözəgörünməz inhisarçı əl” mənzil bazarında qiymətləri istənilən yolla tutub, saxlamaq istəsə, əmlaka biznes məqsədilə yanaşan xeyli milli kapital xaricə axa bilər. Bu, dolayısı ilə mənzil bazarında bazar qanunlarının işləməməsi səbəbindən valyuta bazarına yeni təzyiq dalğası yarada bilər. Bir də əgər doğurdan da, belə bir bum varsa, onda mənzil satışının həftəlik dinamikasını coğrafi ərazilər üzrə dərc etmək mümkündürmü?”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar