Ermənistanda siyasi zəlzələ: Sərkisyan qorxutdu, “tupoy Qaqo” siyasətdən qaçdı

Ermənistanda prezident Serj Sərkisyanın hədə-qorxu gəlməsindən sonra az əvvəl ona meydan oxuyan oliqarx, Çiçəklənən Ermənistan Partiyasının lideri siyasətdən birdəfəlik getdiyini elan edib. Virtualaz.org saytı xəbər verir ki, Sərkisyanın çıxışında “tupoy Qaqo” dediyi Qaqik Tsarukyan bu barədə partiyasının növbədənkənar qurultayında bildirib.

Tsarukyan vida nitqində deyib ki, siyasətdə olduğu dövrdə heç vaxt şəxsi maraqlarını güdməyib: “Mən açıq danışmaq istəyirəm. Bütün mümkün siyasi yollarla mən həll yolu tapmağa, xalqa əzab verən problemlərin həll yolunu tapmağa çalışdım. Lakin mən həmişə maydanların əleyhinə oldum və bu məsələdə də tam səmimiyəm. Bir nəfərin də olsa qanı axsaydı, mən bunu özümə bağışlaya bilməzdim. Bu, mənim gücüm çatmayan işdir. Məni necə varamsa, eləcə də qəbul edin.

Mən fəal siyasətdən gedirəm. Artıq partiya sədri deyiləm. Ancaq bundan sonra da xalqıma və ölkəmə fayda verməyə çalışacağam. Bu, başqa sahələrdə baş verəcək”.

Tsarukyan xahiş edib ki, bir daha heç kim ona siyasi suallarla müraciət etməsin. Çünki o, heç bir siyasi məsələyə qarışmayacaq və Çiçəklənən Ermənistan Partiyası ilə əlaqəsini kəsəcək.

Tsarukyan partiyanın sədri vəzifəsinə deputat Naira Zöhrabyanın namizədliyini irəli sürdüyünü deyib. Qurultay onu sədr seçib. “Tupoy” erməni oliqarx isə Sərkisyana əlçək atmasına peşman olaraq siyasi səhnəni tərk edib.

Xatırladaq ki, bu günlərdə Tsarukyan Ermənistanın əsas müxalif qüvvələrinin toplantısında ölkədə hakimiyyət dəyişikliyinin vaxtı çatdığını elan edib və Sərkisyanın hakimiyyətini kəskin tənqid edib. Buna cavab olaarq Sərkisyan hakim partiyanın toplantısını keçirərək Tsarukyanın ünvanınaa təhqiramiz çıxış edib, onun xalq arasında “tupoy Qaqo” kimi tanındığını, siyasətdən anlayışının olmadığını, üzündən güclə oxuduğunu və s. deyib. Daha sonra elan edib ki, Tsarukyanın cinayət əməlləri araşdırımalı, onun korrupsiya yoluyla əldə etdiyi gəlirləri yoxlanılmalı, deputat mandatı əlindən alınmalıdır.

Tsarukyan isə Sərkisyana cavab olaraq onu “səviyyəsiz, küçə adamı” kimi epitetlərlə yad edib. Siyasi ehtiraslar əməlli-başlı qızışıb və Tsarukyan digər müxalif qüvvələrlə birlikdə Sərkisyana qarşı mitinqlərə başlamaq qərarı verib. Ancaq gözlənilmədən vəziyyət dəyişib. Rusiya erməniləri diasporunun lideri, milyarder Samvel Karapetyanın vasitəçiliyi ilə Tsarukyanla Sərkisyan arasında xəlvəti görüş olub.

Görünür, tərəflər anlaşma əldə ediblər, özü də cinayətkar aləmin qanunları əsasında: Tsarukyan siyasətdən birdəfəlik gedir və əvəzində həbsə düşmür, biznesi əlindən alınmır və adamlarına divan tutulmur...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar