ABBAS ABBASOVU BAKIYA BURAXMADILAR - Sabiq vitse-primyer məhkəməyə verildi

3abbasFevralın 20-də qurultay keçirərək Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti-"AzerRos"un parçalanmasını rəsmiləşdirən sabiq vitse-primyer Abbas Abbasov barədə yeni məlumatlar yayılıb. “Yeni Müsavat”ın mənbəsinin xəbərinə görə, uzun müddətdir hakimiyyətlə əlaqələrini bərpa etməyə, dövlət başçısı ilə görüşmək üçün cəhdlər edən A.Abbasova ötən ay birmənalı “yox” cavabı verilib.

İyun ayında Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana gəlməyi çox arzulayan sabiq vitse-primyer yenə rədd cavabı alıb.

Məlumdur ki, A.Abbasov Dünya Güləş Federasiyasında “Güləşin dostları” təşkilatının rəhbəridir. O, məhz bu yarışlara gəlməyi hakimiyyətlə barışıq üçün son şans hesab edirdi. A.Abbasova deyilib ki, onun adı əvvəldən açılış mərasimində iştirak edəcək ali qonaqların siyahısına daxil edilməyib.

Bu qərardan çox məyus olan A.Abbasov son qurultaydakı çıxışında mərhum prezident Heydər Əliyev haqda xoş sözlər danışsa da, indiki dövlət rəhbərinin adını bir dəfə belə xatırlatmayıb. O, yalnız indiki hakimiyyəti dəstəklədiyini deməklə kifayətlənib, könüllü olaraq vəzifədən getdiyini, yerini gənclərə verməklə “nümunə göstərdiyini” söyləyib.

Qeyd edək ki, baş nazirin sabiq birinci müavininin oğlu da bir müddət əvvəl atasının məhz Bakıya Avropa Oyunlarında gələcəyinə ümidli olduğunu demişdi. A.Abbasovun özü isə hələ çox əvvəl “bir də tabutda”

Bakıya qayıdacağını söyləyərək “ona da əgər icazə versələr” əlavəsini etmişdi.

Milyarderlər İttifaqı” fiaskosundan sonra aralarında soyuqluq yaranan, “Bakıya girişi qadağan olunan” məşhur kinorejissor Rüstəm İbrahimbəyovla A.Abbasovun yenidən birgə görünməsinin səbəbi də ortaya çıxmış sayılmalıdır. A.Abbasovun bəlkə də qayıtdılar ümidi də puç olub.

Hakimiyyətin A.Abbasovla bağlı qeyri-rəsmi qadağanı qaldırmamasını təsdiq edən daha bir xəbər də var. İki gün əvvəl Moskvada “Aleksandr House” mərkəzində “AzerRos”da yaranmış vəziyyətlə bağlı tədbirdə A.Abbasovdan prezident İlham Əliyevə şikayət ünvanlanıb.

Tədbirdə Söyün Sadıxovun tərəfdarlarından ibarət qeyri-rəsmi “AzerRos”un Federal Şurasının üzvləri 30-dan çox regional və yerli milli-mədəni muxtariyyətlərin rəhbərlərinin, Azərbaycan ictimai təşkilatlarının başçılarının, həmçinin Rusiya Ədliyyə Nazirliyinin və media nümayəndələrinin iştirak etdiyi bildirilir. Moderator.az-ın məlumatına görə, “tədbirdə Söyün Sadıqov deyib ki, intriqalar təşkilatı münaqişələrə və məhv olmaq həddinə gətirib. O, “AzerRos”da 15 il ərzində birgə fəaliyyət göstərdiyi Mehriban Sadıxovanı, Cəmil Sadıxbəyovu, Vaqif Adıgözəlovu, o cümlədən Şirvan Kərimovu, Rüstəm Arifcanovu, Natiq Ağamirovu və Tamilla Şıxməmmədovanı tədbirə dəvət etdiyini deyib: “Onlar SMS yazaraq Abbas Abbasovun onlara buraya gəlməyi qadağan etdiyini bildirdilər”. S.Sadıqov qarşı tərəfin münaqişənin arxasında Azərbaycanın Rusiyadakı səfirliyinin dayandığı barədə iddiaları yalanlayıb və deyib: “"AzerRos" ciblik təşkilat deyil, heç kəs onu “özəlləşdirmək” ixtiyarına sahib deyil. O bütün Rusiya azərbaycanlılarına məxsusdur". 

O qeyd edib ki, Vladimir Putin və İlham Əliyev səmərəli dostluq münasibətlərinin möhkəmlənməsi naminə fəaliyyət göstərən bir dövrdə "Abbas Abbasov və onun kimilər öz destruktiv fəaliyyəti ilə bu münasibətlərə ziyan vururlar".

Çıxış edənlərin çoxu A.Abbasovun “AzerRos”u şəxsi mirasına çevirərək, bütün bunları Rusiya vətəndaşlığı olmadan qeyri-qanuni şəkildə etdiyini vurğulayıblar.

“Abbasov vaxtı ilə Azərbaycanı tərk edib, indi isə bizləri burada - Rusiyada bölməyə çalışır. Keçmiş Azərbaycan məmurunun bizi idarə etməyə nə haqqı var? O kənara çəkilməlidir. Bizlər- Rusiya vətəndaşları isə azərbaycanlıların barışıq içində yaşamağa qadir olduqlarını sübut etməliyik” deyə, toplantındakı çıxışlarda vurğulanıb.

Musvat.com-a məlum olub ki, “AzerRos” prezidenti vəzifəsini icra edən Tahir Hacıyev adından A.Abbasov məhkəməyə də verilib. Görüş iştirakçıları sonda Azərbaycan prezidentinə müraciət qəbul ediblər. Müraciətdə xüsusi olaraq vurğulanıb ki, Abbas Abbasovun özünü “AzerRos”un özbaşına şəkildə Bakıdan təyin olunmuş nümayəndəsi kimi təqdim etməsi Azərbaycan hökumətini nüfuzdan salmaq məqsədini daşıyan təxribatdır. Azərbaycanlılar İlham Əliyevdən “AzərRos”dakı münaqişənin həlli üçün kömək istəyiblər.

Xatırladaq ki, Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - "AzerRos"un fevralın 20-də Moskva Millətlər evində baş tutan fövqəladə qurultayından sonra təşkilat rəsmi olaraq Abbas Abbasov və tərəfdarlarının nəzarətinə keçib. 12 regiondan 9-unun iştirak etdiyi son qurultaydan sonra Söyün Sadıqov və tərəfdarları isə faktiki olaraq "AzerRos"dan qovulublar.

Qeyd edək ki, qurultayda Abbas Abbsov "AzerRos"un Ağsaqqallar Şurasının sədrliyindən istefa verdiyini bəyan etsə də, bu qəbul olunmayıb. Belə ki, Ağsaqqallar Şurası məsələsi gündəmə gələn zaman Abbas Abbsov şura sədrliyindən istefa verdiyini, adının Ağsaqqallar Şurasından çıxarılmasını istədiyini bildirib: “Bu gün AzərRos ətrafında yaşanan bu konfliktlər, mətbuatda yazılanlarda başlıca hədəf olaraq adımın keçdiyini nəzərə alaraq, diasporumuzun birləşməsi naminə bu addımı atır, istefa etdiyimi elan edirəm. Bu fikrimdə son dərəcə səmimiyəm”.

O, "AzerRos" ətrafında yaşananların əslində ona qarşı olduğunu qeyd edərək, diaspor təşkilatının başında olmasa da, yenə də onlarla, hər hansı problemlərinin həllində yanlarında olacağını söyləyib.

Ancaq şura üzvləri Rüstəm İbrahimbəyov, Kamran Rüstəmov, Şirvan Kərimov bu təşkilatda ağsaqqal olaraq Abbas Abbasov olmazsa, onlar da istefalarının səsə qoyulmasını istəyiblər. “Bu hücumlara, süni yaradılan konfliktlərə bais olaraq siz getmək qərarı vermisinizsə, mənim bu siyahıda olmağım bəlkə də bir şeyi dəyişdirməz. Ona görə mən də namizədliyimin geri çəkilməsini istəyirəm”-deyə Rüstəm İbrahimbəyov bildirib

Beləliklədə, qurultay nümayəndələri səsvermə ilə Abbas Abbasovun istefasını qəbul etməyib.

Qurultayda səsvermə yolu ilə fəxri prezdient postu da ləğv olunub. Federal şuraya yeni sədr olaraq Tver dövlət texniki universitetinin prorektoru Fayaz Paşayev seçilib.

Qurulutayda "AzerRos"un prezident postuna isə Mehriban Sadıqova seçilib.

Onu da qeyd edək ki, "AzerRos"un Abbas Abbasov və tərəfdarlarının nəzarətinə keçməsi Kremlin istəyi əsasında baş tutub. Yəni, Moskva birmənalı olaraq Abbasova dəstək verib. Qurultayın işində Rusiya prezident aparatından, ədliyyə və mədəniyyət nazirliyindən nümayəndələrin iştirak etməsi də bunu təsdiqləyir.

Bakı bu məsələdə Söyün Sadıqovu dəstəkləsə də, onun çabaları nəticə verməyib. Faktiki olaraq "AzerRos"dan qovulan Söyün Sadıqov indi yalnız vaxtaşırı bir qrup tərəfdarını toplayıb bəyanat verməklə məşğuldur.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar