Kərəm Həsənovun müavini kütləvi ixtisarlara başlayıb

emlak-komite

Qərib Məmmədovun komitəsinin ləğvindən sonra üç aydır maaş verilmir

Dövlət Yerquruluşu Layihə İnstitutunun 800 nəfərlik kollektivi adından “Yeni Müsavat”a məktub daxil olub. Məktub müəllifləri ölkə başçısı İlham Əliyevə və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova qəzetimiz vasitəsi ilə müraciət ediblər.

Müraciətdə komitənin kadastr xidmətinin rəisi Ramiz Quliyevdən şikayət olunub. Bildirilib ki, prezidentin sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunanda bu institut əmlak komitəsinin rəhbərliyi altında fəaliyyətini davam etdirib. Ancaq problemlər də bundan sonra başlayıb. Çünki kadastr xidmətinin rəisi kollektivdə ixtisarlar həyata keçirmək üçün çırmanıb.

Məktub müəllifləri isə yazırlar ki, hər iki qurum ayrı-ayrı sahələr olduğu üçün R.Quliyevin müdaxilə səlahiyyəti yoxdur. Onların sözlərinə görə, buna baxmayaraq rəis institutda ixtisarlar aparmaq planındadır.

“Cənab prezident, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvini zamanın tələbinə uyğun hesab edərək, bu sərəncamı təqdir edirik. Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi altında işləməyi özümüzə şərəf bilirik. Ancaq komitənin kadastr xidmətinin rəisi bizə gün verib, işıq vermir, kollektivi təngə gətirib.

Anlamırıq ki, hazırda ləğvetmə komissiyası işlədiyi halda, Ramiz Quliyev hansı səlahiyyətlə bizimlə işləməyəcəyini bəyan edir? Üstəlik, indidən özünü rəhbər elan edib. İşçilərdən qəbuluna şəxsiyyət vəsiqəsi ilə gəlməyi tələb edir. Yalnız Cəlilabad bölgəsində olanlarla fərqli davranır. Onlarla işləməyə üstünlük verir.

Görünür, Kərəm Həsənovun xoşuna gəlmək üçün bu addımı atır. Halbuki, Ramiz Quliyev kadastr xidmətinin rəisidir və onun bizim instituta heç bir aidiyyatı yoxdur. Bu halda hansı əsasla bizi ixtisar etmək səlahiyyətinə malikdir?

Bu suallara cavab verilmir. Artıq məsələ ilə bağlı dövlət başçısına və komitə sədrinə məktub göndərmişik. İnanırıq ki, problem öz həllini tapacaq. İlin-günün bu vaxtından bizi ixtisar etmək kollektivə zərbədir. Kərəm Həsənov bizi qəbul etsə dərdimizi ətraflı danışarıq”.

Müraciət müəllifləri onu da qeyd edirlər ki, institutun rayonlarda idarələrinin rəisləri və kollektivləri Bakıya çağırılmaqdadır: “Ancaq onlar da bizim kimi üç aydır ki, əmək haqqı ala bilmir. Səbəbi açıqlanmır. Ona görə də Bakıya gəlməyə maddi imkanları yoxdur. İdarə rəislərimiz komissiyanın qərarına müdaxilə etmək səlahiyyətləri olmadığını əsas gətirərək səbirli olmağı məsləhət görür”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar