"Cin ayrı, şeytan ayrı" - Rövnəq Abdullayev

Rovneqabdullayev“İcraiyyə Komitəsinin iclası da başa çatdı. Konfransda əsas federasiyanın gördüyü işlər barədə danışıldı. Hamısı şəffaf şəkildə göstərildi. İcraiyyə Komitəsinin yeni üzvləri ilə ağır iclas keçirildi. Əsas fikir ayrılığına səbəb olan qərar 21 və 23 yaşlı futbolçuların maaşları ilə bağlı limit məsələsi oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

İcraiyyə Komitəsinin bu gün baş tutan iclasından sonra mətbuat konfransı keçirən Abdullayev toplantıda qeydə alınan qərarları açıqlayıb: “Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, bir qərar qəbul etdik. 21 yaşlı futbolçuların maaşlarına limit qoyulması ilə bağlı qərar qəbul etdik. Qiymətlərin süni dərəcədə şişirdilməsinin qarşısını almaq, klublara kömək üçün bunu etdik. 21 yaşlı futbolçuların maaşına sədd qoyduq. 21 yaşlı futbolçu maksimum ildə 30 min, 23 yaşlı futbolçu isə 50 min qazana bilər. Milli üzvüdürsə həmin oyunçu, klub 50 faiz artıra bilər. İkinci qərar bu idi ki, gələn il çempionatın oyunlarının yayımı üçün tender keçiriləcək. Yayımı udan, tenderdə qalib gələn müəyyən bir qurum o yayımı həyata keçirəcək və gəlir klublar arasında hələ ki, eyni bölünəcək. Gələcəkdə klubların reytinqinə görə yayım haqqı müəyyənləşəcək. Bir çox ölkələrdə məhz belədi. Əsas bu iki qərar qəbul olundu”.

- Almaniya Futbol Məktəbi layihəsi özünü doğrultdumu?

- Almaniya Futbol Məktəbi layihəsi birinci vitse-prezident Rauf Əliyevin layihəsidi. Görürəm ki, effekt vermir. Tapşırıq vermişəm ki, dayandırılsın. Yanvarın 1-dən dayandırılacaq. Başlayanda mənə demişdilər ki, hər il 10 oyunçu ortaya çıxacaq, amma çıxmadı.

- 2009-cu ildəki “Neftçi” – “Turan” oyunu ilə bağlı söz-söhbətlər yayılmışdı. Amma sonra siz təkzib etdiniz. Lakin üstündən neçə il sonra Elxan Məmmədov həmin oyunu faciəvi qarşılaşma adlandırdı. Bu nəyə xidmət edir?

- Elxan müəllim elə deməyib. Həmin açıqlama ilə tanışam. Bəli, həmin oyunla bağlı şübhəmiz var idi. Lakin araşdırdıq. Belə bir şey olmasın deyə, komandaların sayını 12-dən 10-a endirdik. İndi görürsüz ki, çempionatda həmişə uduzan komanda yoxdu.

- Legioner limitində dəyişiklik ediləcəkmi?

- Bu barədə iclasda çox müzakirə apardıq. Limit dəyişilməyəcək, əvvəlki kimi qalacaq.

- Çempionatda komandaların sayının nə qədər olacağı hələ də dəqiq bilinmir. Bir də ki, 4 ildə “Sumqayıt” klubunun gördüyü işlər sizi qane edirmi?

- Çempionatda komandaların sayı 10 olaraq qalacaq. İki komanda çempionatı tərk edib, əvəzində ikisi gələcək. Qaldı ki, “Sumqayıt”a, klub yaxşı nəticələr göstərir. Aqil Məmmədov legionersiz komandada yaxşı işlər görür. Mən “Sumqayıt”ın oyunlarına həvəslə baxıram. Bəlkə də bunu deməyim düz deyil. “Sumqayıt” milliyə 3 oyunçu verir ki, bu da yaxşı nəticədi.

- U-21-in baş məşqçisi postuna Yaşar Vahabzadənin gətirilməsi ilə bağlı fikirləriniz necədi?

- Onun namizədliyini Məşqçilər Komitəsi irəli sürdü, biz də razılaşdıq. Niyə də olmasın? Yaşar özümüzünküdü, yaxşı məşqçidi.

- “Araz Naxçıvan” klubunun fəaliyyətini yenidən bərpa ediləcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Nə dərəcədə doğrudu?

- Elə bir şey yoxdu. “Araz Naxçıvan” klubu cəzalandırılıb. Və onlar qayıtmaq istəyirlərsə, sıfırdan başlamalıdılar.

- Futbola ildən-ilə vəsait artır. Amma futbolumuz keçən illə müqayisədə zəifləyib, azarkeşlərin də sayı azalıb. Bununla bağlı tədbir görüləcəkmi?

- “Qarabağ”ın oyunlarında gördük ki, stadion necə dolur. Problem daxili çempionatımıza olan marağın azlığından gedir. O klubların problemidi ki, stadiona azarkeş yığa bilmirlər. Mən “Neftçi”yə işləyəndə biz stadionlara maksimum azarkeş cəlb edirdik. Lotereyalar, maşın uduşları həyata keçirirdik ki, azarkeşlər çox olsunlar. Futbola baxmağa az adam gəlirsə, bu yaxşı hal deyil. Klublar yəqin özləri istəmirlər. Azarkeş olmayanda fitə basmırlar, istefaya səsləmirlər (gülür).

- PFL var ikən Klublar Komitəsinin yaradılmasına nə ehtiyac var idi?

- Cin ayrı, şeytan ayrı. Peşəkar Futbol Liqası hüququ qurumdu, çempionatı idarə edir. Klublar Komitəsi ayrı qurumdu. Bir ara klublar arasında münasibət pisləşmişdi. Onları yığdıq bir araya ki, istəklərini bizə çatdırsınlar.

- “Bakı” klubuna AFFA tərəfindən yardım edilir. Bu, nə vaxta kimi davam edəcək?

- “Bakı” bizə bank zəmanəti təqdim etmişdi. Biz o ödənişləri bankdan alıb, kluba ödədik. Bu mövsümlə bağlı heç bir problemləri yoxdu. Gələcəkdə necə olacaqsa, o sonranın işidi.

- Yayımla bağlı tenderi bizim heç bir kanalımız ala bilməyəcək. Hansı kanalın gücü çatacaq ki, yayım hüququnu alsın?

- Ala biləcək. Mən buna inanıram. Əgər heç bir kanal çempionatın yayım hüququ ala bilməyəcəksə, biz bu hüququ pulsuz olaraq, AzTV-yə verəcəyik. Bütün dünyada belədi ki, klublar gəlirlərinin 60 faizini yayımdan əldə edirlər.

- Azərbaycan Superkubok məsələsi hələ də yoluna qoyulmayıb...

- O problem deyildi. Sadəcə, vaxtla bağlı problemlə üzləşdik. Yəni o oyun üçün uyğun vaxt tapa bilmədik. Əvvəl klublarımız Avrokuboku birinci turdan tərk edirdilər, onda rahat idi. Amma indi klublarımız Avrokubokda mərhələ adlayırlar deyə, bunu reallaşdırmaq çətindi.

- AFFA-nın büdcəsi Ermənistanın dövlət büdcəsi ilə müqayisə edilir. Amma onlar nəticə verə bilirlər, biz isə yox...

- Birinci verdiyimiz kitabı oxuyun ki, o pul hara gedir, necə xərclənir. Bu sözlərin bizim zəhmətimizə qiymət verməmək kimi bir şeydi. Qaldı ki Ermənistan məsələsinə, razıyam. Aclıqda insan daha çox irəliləyir. Bir az toxluğumuz var. Amma nəticə yoxdu demək düzgün olmaz. Bu qədər infrastruktur işləri aparılır, klub çempionatı da yaxşı keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar