ON İLDƏ AZƏRBAYCANDAN 17 MİLYARD ÇIXARILIB! - Daha bir ŞOK hesabat

Azərbaycandan fırıldaq, korrupsiya yolu ilə, kölgə iqtisadiyyatı köçürmələri ilə, bir sözlə, qanunsuz yolla nə qədər pul çıxarılır?

Vaşinqtonda qərarlaşan Global Financial İntegrity təşkilatı dünya ölkələrinin hər birindən çirkli yollarla axan kapitalı hesablayıb.  Məlum olur ki, 2011-ci ildə inkişaf etməkdə olan 150 ölkədən qırağa ümumilikdə 1 trilyon dollara yaxın, yəni 946 milyard dollar pul axıb. Bu isə o deməkdir ki, inkişaf etməkdə olan ölkəyə qıraqdan gələn hər 1 dolların əvəzində ölkədən çirkli yolla 10 dollar çıxır.

Azərbaycandan qanunsuz olaraq qırağa hər il nə qədər pul axır?

Qiymətləndirməyə əsaslanan hesabata görə, 2007-ci ildə Azərbaycandan qırağa qanunsuz olaraq 8 milyard 539 milyon dollar pul çıxarılıb. Bu, hesabatın əhatə etdiyi 2002-2011 –ci illər arası dövrdə Azərbaycan üçün illik rekorddur.

2009-cu ildə Azərbaycandan qırağa qanunsuz kapital axını 3 milyard 854 milyon dollardır.

2006-cı ildə Azərbaycandan qanunsuz çıxarılan pul 2 milyard 462 milyon dollardır.

2010-cu ildə 990 milyon dollar pul Azərbaycandan qırağa qanunsuz köçürülüb.

Ancaq hesabata görə, 2011-ci ildə Azərbaycandan qırağa qanunsuz olaraq köçürülən pul olmayıb. Çirkli pulu xaricə ötürməyin təzə yolunu tapıblar yoxsa doğrudan da xariciə qanunsuz pul ötürmə dayandırılıb?

Hesabata görə, Azərbaycandan qırağa qanunsuz kapital axını

2002-ci ildə - 87 milyon dollar

2003-cü ildə - 112 milyon dollar

2004-cü ildə - 50 milyon dollar

2005-ci ildə - 126 milyon dollar

2006-cı ildə - 2 milyard 462 milyon dollar

2007-ci ildə - 8 milyard 539 milyon dollar

2008-ci ildə - 845 milyon dollar

2009-cu ildə - 3 milyard 854 milyon dollar

2010-cu ildə - 990 milyon dollar

2011-ci ildə - 0 dollar olub

2002-2011 – ci illər arası Azərbaycandan qırağa hər il orta hesabla 1 milyard 700 milyon dollar pul qanunsuz çıxarılıb.

Bu 10 ildə Azərbaycandan qanunsuz olaraq 17 milyard dollar pul qırağa axıb.

Hesabatdakı bu rəqəmlər nə qədər realdır?

İqtisadi ekspert Azər Mehdiyev:

Təbii ki, bu hesabat qiymətyləndirmələrə əsaslanır, buna görə xətalar ola bilər. Ancaq məsələn, Dünya Bankının vaxtilə hesabatı var idi ki,  Azərbaycanda kölgə iqtisadiyyatının həcmi Ümumi Daxili Məhsulun 60 faizinə çatır. Keçən il daxili məhsul 54 milyard  manat olub. Bu da o deməkdir ki, kölgə iqtisadiyyatının həcmi ildə 32 milyard manatdır. Təbii ki, bu kölgə iqtisadiyatı öz gəlirlərinin bir hissəsini xaricə ötürəcək. Kölgə iqtisadiyyatının həcmi ilə götürəndə ,  rəqəmlər real görünür.

Hesabatda 2011-ci ildə Azərbaycandan xaricə qanunsuz kapital axını 0 dollar göstərilib. Ola bilərmi ki, 2011-ci ildə Azərbaycandan xaricə əyri yollarla kapital  axını heç olmasın?

Azər Mehdiyev: Bu, inandırıcı deyil. Çünki o vaxt əvvəlki illərlə müqayisədə elə bir  əhəmiyyətli dəyişiklik olmayıb ki, qanunsuz pul axını tamamilə dayansın. Ola bilər, araşdırmaçılar, həmin dövrlə bağlı məlumatları toplaya bilməyiblər. Ancaq qanunsuz kapital axınının heç olmamağı  inandırıcı görsənmir.

Global Financial İntegrity Təşkilatının hesabatına görə 2011-ci ildə qanunsuz pulun ən çox çıxarıldığı ölkə Rusiyadır.  2011-ci ildə burdan kənara çirkli yolla 191  milyrd dollar pul çıxarılıb. Çin ikinci yerdədir – 151 milyard dollar.

Azərbaycanın qonşularından nə qədər pul qanunsuz çıxarılır?

2002-2012-ci illərdə Ermənistandan qırağa 6 milyard 230 milyon dollar çıxarılıb.

Həmin 10 ildə Gürcüstandan çıxarılan pul 4 milyard 534 milyon dollardır.

(azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar