Artur Rəsizadənin səhhəti kəskin pisləşib

Baş nazir Heydər Əliyevin anım mərasiminə qatıla bilmədi

Baş nazir Artur Rəsizadənin səhhətində ciddi problemlərin yarandığı, onun işə çıxmadığı haqda xəbərlər, demək olar ki, bu gün öz təsdiqini tapıb. Belə ki, keçmiş prezident Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı Prezident İlham Əliyev başda olmaqla, hökumət rəhbərlərinin Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarəti zamanı Artur Rəsizadə görünməyib. Daha sonra İlham Əliyevin verdiyi ehsanda da, ölkənin de-yure ikinci şəxsi iştirak etməyib (Yazıya əlavə olunmuş fotolara bax).

Artur Rəsizadənin səhhətinin kəskin pisləşdiyi, onun faktiki əmək qabiliyyətini itirdiyi haqda məlumat “AzPolitika.info”-ya bir neçə gün əvvəl daxil olmuşdu. Heydər Əliyevin vəfatının 10-cu ilində gözə görünməməsi bu məlumatın əsassız olmadığını göstərdi.

Fevralın 26-da A.Rəsizadənin 79 yaşı tamam olacaq. Prezident İlham Əliyev bütün proqnozları alt-üst edərək, 9 oktyabrda üçüncü müddətə prezidentliyini rəsmiləşdirdikdən sonra Artur Rəsizadəni yenidən baş nazir vəzifəsinə təyin etdi. Lakin onun uzun müddət formal da olsa bu vəzifəni daşıyacağı az ehtimal olunur. Bəzi məlumatlara görə, hökumətdə növbəti baş nazirin kimliyi ilə bağlı kompromisə gəlmək mümkün olmadığından İlham Əliyev yenidən A.Rəsizadəni təyin etmək məcburiyyəti qarşısında qalıb. Lakin yeni baş nazir axtarışları davam edir. A.Rəsizadənin artıq Heydər Əliyevin məzarını belə ziyarət eləmək iqtidarında olmaması ondan xəbər verir ki, bu axtarışlar, müzakirələr tezliklə yekun qərarın verilməsilə nəticələnəcək.

Maraqlıdır ki, iyerarxiyada ikinci şəxs olan Rəsizadənin bugünkü anım mərasimlərində görünməməsi heç kimin diqqətini çəkməyib…

Murad MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar