ASLANOV BU ŞƏXSLƏRİN ÖLÜMÜNDƏ İTTİHAM OLUNUR - Şok SİYAHI

1384377420aslanİş adamı Aslan Aslanovun “ölüm eskadronu” qurbanlarının adlarını açıqladı

Elpərəst Həsənli: “Baş Prokurorluqdan istintaq qrupunu gözləyirəm, gəlsinlər, başqa ölümlər haqda da məlumat verməyə hazıram”

Lamiyə Quliyevanın məhbəsdə ana olması ictimailəşəndən sonra Şəmkirdə baş vermiş və illərlə araşdırılmayan bir çox cinayətlər haqda bilgilər ortaya çıxdı. İllərlə susmaq məcburiyyətində qalanlar bu gün də danışmaqda davam edirlər və yeni-yeni faktlar üzə çıxır. Bir anlıq təsəvvür edək ki, deyilənlər, yazılanlar Aslan Aslanovun deyil, müxalifət təşkilatlarından birinin ucqar kənddəki özəyinin sədri haqdadır.

Yəqin ki, bu gün həmin adamın yaxınları Bakı İstintaq Təcridxanasının qarşısında dayanıb ona gətirdikləri sovqatı ötürmək üçün yollar axtarırdılar...

Lamiyə Quliyevanın məhbəsdəykən ana olması xəbəri yanvarın 16-da yayılıb, fevralın 20-də isə Bakı Apelyasiya Məhkəməsində onu məhkəmə zalından azad ediblər. Xəbərin yayılmasından 2, L.Quliyevanın azad edilməsindən 1 ay ötür. L.Quliyeva sərbəst şəkildə başına gələnləri danışır, ona qarşı həbsdə törədilən cinayətləri detallarına qədər konkret ad çəkərək söyləyir.

Araşdırma aparılması üçün başqa nə lazımdır? YAP üzvü olmaq, vaxtilə hökumətdə təmsil olunmaq cinayət törətməyə və cəzasız qalmağa yol açır?

1-ci ölüm

A.Aslanovun Şəmkirin icra başçısı olarkən iş adamı Elpərəst Həsənlini həbs etdirməsi haqda yazmışdıq. İş adamı A.Aslanov haqda bir çox iddialar dilə gətirmişdi. E.Həsənli bu gün də dediklərinin araşdırılmasını tələb edir: “Dediklərimi araşdırsınlar. Onda görəcəklər ki, Aslan Aslanov kimdir. O, Şəmkirdə icra başçısı işləyəndə çox adamlar qəfil ölüb. Şəmkir Avtobazasının müdiri Elman vardı. Aslan onun qara rəngli ”Volqa"sı ilə Bakıya gedib gəlirdi. Elmana demişdi ki, özüm Bakıya vəzifəyə gedirəm, səni öz yerimə qoyuram. Onun həyat yoldaşı Üçtəpədən idi. Şəmkirdə hamı bilir ki, o kənddə yaşayanların böyük əksəriyyəti pulludur. Onlar pulu Rusiyada qazanırlar. Elmanın qayınatası “Rayponun” sədri olmuşdu. Elman onlara demişdi ki, “Aslan gedir, yerinə məni qoyacaq, pul lazımdır”. Onlar da Aslanı tanıdıqlarından Elmana pul vermək istəməyiblər. Elman deyib ki, Aslan pulu filankəsə aparıb verəcək. O şəxs həmin vaxt çox nüfuzlu idi, onun icra başçısı təyin etdirmək imkanı vardı. O adamın adı çəkildiyinə görə pulu yığıb Elmana vermişdilər. 3 milyon... O da aparıb vermişdi Aslana ki, onu vəzifəyə qoyacaq. Aradan xeyli keçəndən sonra Aslan Elmanı kabinetinə çağırıb, deyib ki, sabah yox, birigün əmrin veriləcək. Elman evinə gedəndən az sonra qəfil öldü".

E.Həsənli deyir ki, mərhumun meyiti qeyri-adi şəkildə qaralıb: “Elmanın meyiti qapqara olmuşdu. Camaat yasda pıçıldaşırdı, hamı Elmanın Aslanın kabinetindən gələndən sonra qəfil öldüyünü deyirdi. Camaatdan soruşdum, dedilər yəqin ki, ona da zəhər veriblər”.

E.Həsənlinin sözlərinə görə, avtobaza müdirinin müəmmalı ölümündən sonra A.Aslanov onun qohumlarını vəzifəyə təyin etdirməklə sakitləşdirib: “Elmanın ölümündən sonra qardaşı Aydını Şəmkir Qaz İstismar İdarəsinin rəisi təyin etdirdi. Oğlunu Qazax Gömrük Keçid Məntəqəsində işə düzəltdi. Bu gün də orada işləyir”.

2-ci ölüm

E.Həsənli deyir ki, A.Aslanov avtobaza müdirinin oğlu kimi, Gədəbəy batalyonunun komandiri Cahangir Rüstəmovun oğlunu da vəzifəyə qoydurub, onun qohumlarını sakitləşdirib: “Cahangir sayılıb-seçilən komandirlərdən idi, Aslanovun onun işlərinə qarışmasına imkan vermirdi. Onun maşınını Nəbi vardı, onun əli ilə minaya saldılar. Cahangir öldü, sürücüsü sağ qaldı. Bu məsələni araşdıran müstəntiqi də güllələdilər. Cahangir Rüstəmovun oğlunu da aparıb Qazaxda Gömrük Keçid Məntəqəsində işə qoydu”.

3-cü ölüm

E.Həsənli deyir ki, A.Aslanov icra başçısı vəzifəsinə təyin etdirəcəyi vədini çoxlarına verib: “Üçtəpədən Hidayət İsmayılov vardı. O, uzun illər ”Selmaş"ın müdiri olmuşdu, sonradan 2-ci katib işləmişdi. Aslan Aslanov ona da söz vermişdi ki, özünün yerinə icra başçısı qoyacaq və bir xeyli pulunu almışdı. Hidayət İsmayılov Aslan Aslanovun qəbulundan çıxandan 2 saat sonra gedib evində ölmüşdü. Ona da zəhər vermişdilər".

4-cü ölüm

E.Həsənli deyir ki, A.Aslanovun özünün tutduğu postu vəd etdiyi şəxslər müəmmalı şəkildə və şəraitdə dünyalarını dəyişiblər: “Ceyhun adlı şəmkirli vardı. Atası çox imkanlı idi. Həmin oğlanı Şəmkir İcra Hakimiyyətinin hüquq şöbəsinə müdir qoymuşdu. Ceyhuna da demişdi ki, Bakıya vəzifəyə gedir, yerinə onu qoyacaq. 3 milyon Ceyhunun atasından almışdı. Ceyhuna demişdilər ki, əmrini sabah oxuyacaqlar, gedək Kür çayının kənarında yeni vəzifəni qeyd edək. Başda qardaşı Elsevər, əmisi oğlu Nizami, dayısı oğlu İsa, özü və Ceyhun Kürün kənarına getmişdilər. Ceyhunun qalstuklu meyitini Mingəçevirdə ”vodolaz"lar tapdı. Dedilər ki, Ceyhunu özləri itələyib Kürə atıblar. O oğlan da elə getdi".

5-ci ölüm

E.Həsənli general-mayor Fikrət Məmmədovun qanını da A.Aslanovun batırdığını dedi: “Fikrət Məmmədov öldürülməsəydi, müdafiə naziri olacaqdı. Bunu demişəm, deyəcəyəm. Onu qəzaya saldılar. Qəzadan sonra o və sürücüsü maşından düşmüşdülər. Fikrət Məmmədov camaatı sakitləşdirib demişdi ki, maşın əzilibsə, düzəldəcəklər. Həmin vaxt Aslan Aslanov başda olmaqla, qardaşı Elsevər, əmisi oğlu Əziz, dayısı oğlu İsa və 2 gürcüstanlı qəza yerinə çatmışdılar. Fikrət Məmmədov Aslanı görəndə başa düşmüşdü ki, bu, quramadır. Camaata da demişdi ki, qoymayın, bu adamlar məni vuracaq. Fikrət Məmmədovun qollarını burub başının arxasından çəkiclə vurmuşdular. Əgər o qəzaya düşmüşdüsə, xəsarətləri başının ön hissəsində olardı. Başının arxası necə əzilə bilərdi? Onu öldürdülər. Müdafiə Nazirliyindən Murad Həmidov gəlib onun meyitini apardı”.

6-cı ölüm

E.Həsənli A.Aslanovun qardaşı Elsevər Aslanovun maşınla Şəmkir sakinini vurub öldürdüyünü də bildirib: “Həmin kişi hər gün piyada 5 kilometr yol gedirdi ki, ayaqları açılsın. Elsevər bazardan aşağıda yerləşən restoranda yeyib-içəndən sonra oradan çıxmışdı və onu maşınla vurmuşdu. Kişi elə orada ölmüşdü. Aslan həmin ölümü Sahib adında birinin boynuna qoydu və sonradan onu yol polisində işə düzəltdi. Həmin Sahibə sonradan bazar da açdı. O kişinin də qanı elə batdı”.

Siyavuş Novruzov dedi ki...

E.Həsənli deyir ki, dediklərinin Baş Prokurorluqda araşdırılmasını istəyir: “Aslanla bağlı bu məsələlər ortaya çıxandan sonra YAP-çı deputat Siyavuş Novruzov dedi ki, mətbuatda yazılanlar araşdırılmalıdır. Əgər düzdürsə, Aslan Aslanov, düz deyilsə, deyən adamlar məsuliyyətə cəlb olunmalıdırlar. Siyavuş Novruzov bunu Milli Məclisdə dedi. Mən Baş Prokurorluqdan istintaq qrupunu gözləyirəm. Gəlsinlər, başqa ölümlər haqda da məlumat verməyə hazıram”.(musavat.com)

P.S. Yazıda adı keçən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar