Fərhad Əliyev Milli Şuranın qərarına görə azadlığa çıxır

Sabiq nazirlər həbsxanada son günlərini sayır; hakimiyyət Əli İnsanovu da ölkədən getməsi şərti ilə azadlığa buraxmaq istəyir...

Səkkiz ildir həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov bugünlərdə imzalanacaq əfv fərmanı ilə azadlığa buraxılacaq. Mötəbər mənbənin məlumatına görə, Əfv Komissiyasında Ə.İnsanovun adından yazılmış əfv ərizəsi həqiqətən də yoxdur. Sabiq nazir vəkili vasitəsilə də bəyan edib ki, əfv ərizəsi yazmaq fikrində deyil.

Məsələ ondadır ki, Ə.İnsanov əslində məhkəmə hökmü ilə 11 il azadlıqdan məhrum ediləndən az sonra prezidentin adına əfv ərizəsi yazıb. Həmin ərizəni nədənsə, kiril əlifbası ilə yazan sabiq nazir (ərizənin surətini “525-ci qəzet” dərc etmişdi-red.) prezidentdən səhvlərini etiraf edərək əfv istəmişdi. Amma məhkəməsində hakimiyyətin ünvanına ittihamlar yağdırması və bəzi tabu məsələlərdən danışması prezidenti qəzəbləndirdiyi üçün onun ərizəsinə baxılmadı. Hakimiyyətin münasibətini gördükdən sonra Ə.İnsanov yaxınlarına da bir daha belə bir müraciət edilməsinə yasaq qoyub. Yəni sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevdən fərqli olaraq onun əfv ərizəsi hazırda müzakirə olunmur. Amma formal olaraq o ərizə qüvvəsində qalır...

Əli İnsanovun azadlığa buraxılmasının müəyyən şərtlər çərçivəsində olacağı barədə əldə etdiyimiz xəbərlər də ilgincdir. Belə ki, Ə.İnsanova ölkədən gedəcəyi təqdirdə azadlığa buraxılacağı şərti qoyulub. Qeyd edək ki, Ə.İnsanovun oğlundan başqa digər ailə üzvləri uzun müddətdir Avropada yaşayır. Ə.İnsanovun özünün də ciddi müalicəyə ehtiyacı var və bu şərtə razılıq verməsi onun da marağındadır.

Ə.İnsanovun ölkədən uzaqlaşdırılması şərti onun müalicəsinin qayğısına qalmağa görə deyil. Ə.İnsanov mülkünün, əmlakının yağmalanmasını hələ də bağışlaya bilmir və həbsdən çıxdıqdan sonra da onları məhkəmə yolu ilə geri almaq niyyətini dəfələrlə bildirib. İkinci bir tərəfdən, Ə.İnsanov hələ də qərbi azərbaycanlılar arasında xüsusi çəkiyə malikdir. Hakimiyyətdən narazı salınan qərbi azərbaycanlıların onun ətrafında təşkilatlanmaq ehtimalı böyükdür. Ona görə də həbsdən müxalifəti dəstəkləyən bəyanatlar verən Ə.İnsanovun ölkədən uzaqlaşdırılması daha məqsədəuyğundur.

Ə.İnsanovun azadlığa buraxılmasını vacib edən mühüm bir fakt da var.

Avropa İnsan Haqları Məhkəməsinin Ə.İnsanovun mühakiməsinin ədalətsiz keçirildiyi barədə qüvvəyə minmiş qərarı var. 14 iyun 2013-cü il tarixində qüvvəyə minmiş qərarı icra etmədiyinə görə Əli İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevi və Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu məhkəməyə verib. Onu da qeyd edək ki, Avropa Məhkəməsinin haqqında qərar çıxardığı məhbusun əfv ərizəsi yazmadan da azadlığa buraxılması praktikası Azərbaycanda mövcuddur. Avropa Məhkəməsinin qərarını icra etməmək isə hakimiyyətin israrına baxmayaraq, Azərbaycanın nüfuzuna ciddi zərbə vurur. Hazırda sabiq səhiyyə nazirinin Avropa Məhkəməsinin qərarının icra olunması üçün Ali Məhkəmənin sədrini məhkəməyə verməsi də hakimiyyətə ciddi başağrısı yaradıb.

Başqa bir nüans azadlığa buraxılacağı qətiləşən F.Əliyevlə bağlıdır. 2005-ci ildə eyni gündə-oktyabrın 19-da həbs edilən sabiq nazirlərdən birinin azadlığa buraxılması, digərinin isə “əfv ərizəsi yazmadığı üçün” türmədə saxlanılması hakimiyyətin humanist addımına kölgə salar.

F.Əliyevin azadlığa buraxılması üçün qəfil başlayan hərəkətliliklə bağlı redaksiyamıza sensasion məlumat daxil olub. Məlumatda deyilir ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənli elan ediləndən sonra F.Əliyevin azadlığa yolu açılıb. “Fərhad və Rafiq Əliyev qardaşlarının azadlığa buraxılması səyləri hər dəfə uğursuz olurdu. Cəmil Həsənlinin Milli Şuranın prezidentliyə namizədliyi rəsmiləşən kimi hakimiyyət xeyli həssas və əsas seçici kütləsinin cəmləşdiyi cənub zonasına nəzarəti gücləndirdi. Cəmil Həsənlinin bu bölgədən olması və nüfuzlu ziyalı kimi hörməti cənub elektoratına daha diqqətli olmağı tələb edirdi. Fərhad Əliyev və nəsli cənub zonasında həm nüfuzu, həm maddi imkanlarına görə tanınır. Onun həbsdən buraxılması istənilən halda prezidentə həm də əlavə dəstək deməkdir”, deyə, mənbəmiz bildirib.

Xatırladaq ki, C. Həsənli uzun müddət Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri olub. Milli Şuranın namizədi olandan sonra isə F.Əliyev dərhal bəyanat verərək seçkilərdə İlham Əliyevi dəstəklədiyini bildirib.

Əfv fərmanının nə zaman imzalanacağı ilə bağlı dəqiq bilgi yoxdur. Bir məlumata görə, fərman seçkidən əvvəl imzalanacaq. Amma fərmanın Qurban bayramı-oktyabrın 15-i və ya 16-sı imzalanacağı da deyilir. Hüquq-müdafiəçilərindən birinin məlumatına görə isə fərman seçkidən əvvəl imzalanacaq: “Seçki öncəsi əfvin həm ölkədə, həm beynəlxalq təşkilatlarda doğuracağı reaksiya hakimiyyətə daha çox xal qazandıra bilər”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar