"MÜTTƏFİQLƏR RUSİYADAN UZAQLAŞIRLAR" - Qleb Pavlovski

"Danışarkən, Rusiya artıq ahənginə fikir vermək zorundadır"

Xəbər verildiyi kimi, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Astana səfəri naməlum səbəbdən qeyri-müəyyən müddətə təxirə salınıb. Olay dünyanın siyasi dairələrində ciddi reszonansa səbəb olub, mütəxəssislər ona yönəlik müxtəlif və nəzəri-mümkün rəylər səsləndirməkdədirlər. Bu sıradan, rusiyalı politoloq, Effektiv Siyasət Mərkəzinin rəhbəri Qleb Pavlovskinin «Exo Moskvı» radiostansiyasına müsahibəsi diqqəti çəkir. AzPolitika.info aktuallığını nəzərə alıb, həmin müsahibəni bəzi ixtisarlarla hörmətli oxucuların diqqətinə çatdırır.

- Salam, mənim adım Oksana Çijdir, «Osroboe mnenie» proqramından. Bugünkü qonağımız politoloq Qleb Pavlovskidir. Suallar çoxdur, əksəriyyəti Boris Nemtsovun qətlinin araşdırılmasına aiddir, amma söhbətimizə bugünkü olaydan - prezidentin səfərinin ləğv olunmasından və ona yönəlik şərhlərdən başlamaq istəyirəm. Əvvəlcə, KİV mənbələri xəbər yaydılar ki, prezident səhhəti ilə bağlı problemin yaranması səbəbindən Qazaxıstana getməyə bilər. Amma prezidentin mətbuat katibi tələsik bunu təkzib etdi və bildirdi ki, prezident tam sağlamdır. Qazaxıstana getməmək üçün hansısa siyasi səbəb var idimi?

- Əgər söhbət səfərin qarşılışlı razılaşma əsasında ləğv olunmasından getsəydi, belə bir formula tapıla bilərdi ki, ortada xəstəlik məsələsi yoxdur. «Röyter»in Qazaxıstan mənbələrinə istinad etməsinə gəlincə, dəqiqdir ki, belə mənbə var, olmasaydı «Röyter» istinad etməzdi. Digər tərəfdən, ola bilər ki, bu, səfərin ləğvi ilə bağlı Qazaxıstan tərəfdə hansısa narazılıq yaranıb.

- Üslub da maraqlıdır: «Görünür ki, o, xəstədir»...

- Özlüyündə bu, üslubdur - belə üslub Şərqdə təsadüfən seçilmir. O, heç bir təminat vermir, əlbəttə, heç bir dəqiqliyi əks etdirmir və ola bilər ki, səfərin ləğv olunmasından dolayı Astananın narazılığına bir işarədir. İstisna da deyil ki, ortada xəstəlik səbəbi var, amma Astananın bəyanatından yeganə bir nəticə çıxarmaq olar - münasibətlər dağılır! Gerçəkdə isə postsovet məkanında münasibətlərin yeni - fərqli sistemi meydana çıxır - Rusiya-Belarus münasibətlərində də, Rusiya-Qazaxıstan münasibətlərində də. Hamı eyni zamanda, özünü daha çox müstəqil, həm də daha çox asılı hiss edir. Ona görə ki, öz günahı üzündən beynəlxalq aləmdə çətin duruma düşən Rusiya müttəfiqləri ilə danışarkən ifadələri seçmək, ahənginə fikir vermək zorunda qalıb. Müttəfiqlər də artıq seçim imkanı əldə ediblər - özləri həll edirlər, harada müttəfiqdirlər, harada müttəfiqlik bitir.

- Yəni, müttəfiqlər yaxşı anlayırlar ki, onların sayı çox azdır.

- Qazaxıstan ümumiyyətlə, müstəsna durumdadır - onun uğrunda Çin və Rusiya dartışır. Bəli, onların sayı azdır. Onlar kifayət qədər qiymətlidirlər, onların çəkimi əldə etdikləri məbləğlə ölçülür.

Odur ki, indi hər cür xoşagəlməz vəziyyətlər baş qaldırır. O da mümkündür ki, Putin kimdənsə, nə isə eşidib və eşitdikləri onun xoşuna gəlməyib - ikisindən biri ola bilər, ya Lukaşenko, ya da Nazarbayev. Mümkündür ki, Putin görüş zamanı yarana biləcək mümkün xoşagəlməz situasiyadan qaçmaq istəyib. Bundan başqa, Astana məhz bu gün (11 mart 2016 il - red.) elan etdi ki, Nazarbayev yenidən prezident seçkilərinə qatılacaq. Bütün bunların bir-biri ilə bir əlaqəsi varmı? Cavab verməkdə çətinlik çəkirəm. Təkrar edirəm, bütün bunların xəstəliklə bağlılığına birmənalı siqnal olmasını demək xeyli riskli məsələdir.

- Amma hansısa qıcıqlanma, minimum iki tərəfdən, açıq-aydın hiss olunur.

- O, var. Səbəb isə çoxdur. Başlıcası isə odur ki, müttəfiqlər artıq çox səliqəli şəkildə uzaqlaşırlar - dayaq axtarırlar, ikinci ayağı hara qoymaq barədə düşünürlər. Açıq-aydın görünür - gizlətmək mümkün deyil. Bu da onunla əlaqədardır ki, biz Ukrayna böhranı ilə bağlı öz mövqelərimizi zəiflətmişik...

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar