Cahangir Əsgərovun milyardları necə "sildiyi" məlum oldu

AZAL üçün yeni adı ilə Qərb ölkələrində zibilxanaya atılası köhnə avadanlıqlar alınırmış

AZAL Almaniya yanğınsöndürənlərinin istifadəyə yararsız hesab edib zibilxanaya atdıqları köhnə pilləkənləri işlədirmiş. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Almaniyanın “Weser-Kurier” qəzetində yer almış məqalədə bəhs edilib. Bu məqalədən məlum olur ki, ölkənin Falkenberq əyalətinin Lillental şəhərinin yanğınsöndürən komandasının müxtəlif xilasetmə avadanlıqları almaq üçün təcili olaraq 460 min avroya ehtiyacı var. Lakin şəhər meriyası bu vəsaitin ayrılmasına tərəddüd edir. Çünki yerli büdcənin imkanları məhduddur. Bildirilir ki, bələdiyyə avadanlıqların alınması üçün bu ilin büdcəsindən cəmi 230 min avro ayıra bilib.

Yanğınsöndürənlər isə bildirir ki, sifariş verilən avadanlıqların qiyməti 267 652 avrodur. Bəs yanğınsöndürənlər qalan vəsaiti haradan tapacaqlar?

Qəzetin xəbərinə görə, qalan 37 min avronu əldə etmək üçün istifadəsiz avadanlıqların bir hissəsini satmaq planlaşdırılır. Bundan əvvəl şəhər yanğınsödürənləri istifadəyə yararsız avtomobilləri satıblar və əldə olunan pulu yanğın deposunun təmirinə xərcləyiblər.

Yanğın xidmətinin maliyyə şöbəsinin rəhbəri Andreas Kordes deyib ki, onlar yeni avadanlıqlar alanda köhnələri həmişə satırlar. Onun sözlərinə görə, məsələn, yanğınsöndürənlərin vaxtilə Azərbaycana satdığı açılıb-bağlanan pilləkənlər Bakı aeroportunda hələ də istifadə olunur.

Amma Andreas Kordes zibilxanaya atılası köhnə pilləkənləri AZAL şefi Cahangir Əsgərova neçəyə satdıqlarını açıqlamayıb.

Qeyd edək ki, AZAL texniki avadanlıqların və aeroportların, o cümlədən yeni təyyarələrin alınması üçün son illlərdə dövlət büdcəsindən milyardlarla manat vəsait alıb.

Əgər AZAL-a yenilərinin əvəzinə, zibilxanaya atılası köhnə avadanlıqlar alınırsa, deməli bu milyardlar şəxsi ciblərə gedib. Heç şübhə yoxdur ki, sənədləşmədə zibilxanaya atılası köhnə avadanlıqlar yeni kimi qeydiyyata alınır. Və yenilərin qiymətinə uyğun, hətta daha artıq dövlət büdcəsindən vəsait silinir.Bu da korrupsiyaya qarşı "kəsgin mübarizədən" danışan ölkə rəhbərliyi üçün daha bir fakt.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar