ƏMANƏTLƏR TƏHLÜKƏDƏ- İnflyasiya arta bilər, yeni devalvasiya riski var

pullar-manat_0Ekspertlərin proqnozlarına görə, banklar müflis ola, əmanətlər bata bilər

Son bir həftədə Mərkəzi Bankın üç qərarı cəmiyyətə bəlli olub. Bunlar açıq valyuta mövqeyi limitinin tətbiqinin ilin sonunadək dayandırılması, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlərin nəzarət altında olan aktivlər kimi təsnifləşdirilməsinin mümkünlüyü və depozitlər üzrə məcburi ehtiyat normasının 2 faizdən 0,5 faizədək azaldılmasıdır. Bu üç qərarı şərh edən ekspertlər bildirirlər ki, bank sistemi və əhalinin əmanətləri ciddi təhlükədədir.

Ekspert Əkrəm Həsənovun sözlərinə görə, açıq valyuta mövqeyi limitinin tətbiqinin ilin sonunadək dayandırılması qanunsuzdur: “Mərkəzi Bank da bununla bağlı şərh vermir. Deməli, qanunsuz qərar verdiyini təsdiqləyir”.

Onun sözlərinə görə, Mərkəzi Bankın banklar üzərindəki nəzarətinin məqsədi banklara pulunu etibar etmiş şəxslərin, əmanətçilərin maraqlarının qorunmasıdır: “Bankın qazanc mənbəyi kreditdir. Kredit üçün vəsaiti isə bank əmanətçilərdən cəlb edir. Başqa sözlə, kredit verərkən əsasən özünün deyil, başqalarının vəsaitlərini risk altına qoyur. Mərkəzi Bank da banklara nəzarət edir ki, banklar üzərlərinə həddən çox risk götürməsinlər və əhalinin əmanətlərini batırmasınlar.

Açıq valyuta mövqeyi limitləri də o cümlədən, bu məqsədə xidmət edir. Deməli, Mərkəzi Bank bu limitdən imtina edirsə, bankların üzərində nəzarəti azaldır və əmanətçilərin maraqlarını təhlükə altına qoyur. Məlumdur ki, devalvasiyadan sonra əmanətlər bir qayda olaraq, dollarda qoyulur. Kreditlər isə, əksinə, manatla götürülür. Bunun törətdiyi riski bir misalda izah edək. Tutaq ki, bankın kapitalı, yəni öz pulu 50 milyon manatdır. Xaricdən 100 milyon dollar borc cəlb edib. Ölkədə əmanətçilərdən 150 milyon dollar cəlb edib. Beləliklə, bankın cəmi vəsaiti, aktivləri 50 milyon manat və 250 milyon dollardır. Bank qazanc əldə etmək üçün bu vəsaiti kredit vermək istəyir. Krediti hamı manatla götürmək istəyir. Bankın öz pulu olan 50 milyon manatın verilməsində problem yoxdur. 250 milyon dolları isə manata çevirib, verməlidir. Bu isə 262,5 milyon manata bərabərdir. Açıq valyuta mövqeyi limiti, yəni kapitalın 10 faizi qüvvədə olsaydı, cəmi 5 milyon manatı verə biləcəkdi. Yəni cəmi 4,76 milyon dolları... 245 milyon dollardan çox olan məbləği isə dollarla kredit verməli olacaqdı. Amma indi limit yoxdur. Buna görə də bank 250 milyon dolların hamısını manatla (262,5) kredit verir. Bu halda manatın növbəti devalvasiyası bütün bank sistemini çökdürə bilər.

Banklar müflis olacaq və əmanətlər batacaq. Açıq valyuta mövqeyi limitinin aradan qaldırılmasının əsas təhlükəsi məhz budur. Mərkəzi Bank valyuta risklərini tənzimləməkdən və onlara nəzarətdən imtina edirsə, deməli, bank sisteminin özünü təhlükə altına qoyur.

Onu da nəzərə almaq lazımdır ki, bank sistemində “domino” effekti var: bir bankın başına belə hal gəlsə, digərlərində də valyuta riskləri reallaşa bilər. Bu halda Əmanətlərin Sığortalanması Fondunun özü də müflis olacaq. Deməli, əmanətlərin sığortası da heç nə olacaq, SSRİ vaxtında qoyulmuş əmanətlərin taleyi yenidən yaşanacaq. Mən hələ orta səviyyəli bankı misal gətirdim. İri banklarımızın kredit portfeli daha böyükdür, deməli, riskləri də daha çoxdur... Xarici təcrübə isə göstərir ki, devalvasiya zamanı sözügedən limit, əksinə, daha da sərtləşdirilir”.

Ekspertin sözlərinə görə, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlərin nəzarət altında olan aktivlər kimi təsnifləşdirilməsinin mümkün hesab edilməsi birinci qərardan fərqli olaraq, qanun çərçivəsində həyata keçirilib: “Sözügedən dəyişikliklə Mərkəzi Bank restrukturizasiya olunmuş aktiv üzrə daha yumşaq təsnifat, deməli, daha az ehtiyat üçün əsas yaradıb. Restrukturizasiya kreditin qaytarılması üzrə çətinliyin yaranması səbəbindən kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsidir. Devalvasiyanın nəticəsi olaraq, dollarla götürülmüş kreditlər hazırda bir qayda olaraq, restrukturizasiya olunur. Əsasən müddət uzadılır ki, borc alanların üzərindəki aylıq ödəniş yükü azalsın. Adi qaydada belə kreditlər üzrə banklar 30 faiz ehtiyat yaratmalı olacaqdılar. İndi isə 5 faiz ehtiyat yaradacaqlar”.

Onun fikrincə, banklar bununla az ehtiyat yaradacaq və cəlb etdikləri əmanətləri təhlükə altına qoyacaqlar: “Mərkəzi Bankın bu addımı da bankların təzyiqi altında atılıb və devalvasiyanın “qan bahası”dır. Sözügedən yumşaltma bankların maraqlarına cavab verir və Mərkəzi Bankın onlara güzəştidir. Lakin bu güzəşt nəticəsində bankların ehtiyatları azalacaq. Deməli, əmanətlər üçün təhlükə xeyli artacaq”.

Ə.Həsənov qeyd edir ki, depozitlər üzrə məcburi ehtiyat normasının 2 faizdən 0,5 faizədək azaldılması da qanun çərçivəsində həyata keçirilib: “Mərkəzi Bankın sərəncamında daha çox vəsait qalacaq. Mərkəzi Bank sözügedən ehtiyat normasını artırırsa, deməli, inflyasiya təhlükəsini görür və dövriyyədəki pulun həcmini azaldır. Əksinə, azaldırsa, deməli, inflyasiya təhlükəsi yoxdur və ya hətta deflyasiya təhlükəsi var.

İndiyə qədər Mərkəzi Bank deyirdi ki, inflyasiya cüzidir. Buna baxmayaraq, sözügedən ehtiyat normasını 2 faiz həddində saxlayırdı. Hazırda hamını inflyasiya təhlükəsi narahat edir. Dövlət qiymət artımı ilə mübarizə aparır. Mərkəzi Bank isə sözügedən ehtiyat normasını azaldır. Yəni qanun və iqtisadi nəzəriyyəyə uyğun olaraq, deyir ki, nəinki ölkədə inflyasiya təhlükəsi yoxdur, hətta bir aydan az müddət ərzində inflyasiya təhlükəsi daha da azalıb. Bunu necə başa düşək? Dükanlarda qiymətlərin real artması şəraitində necə inanaq ki, inflyasiya təhlükəsi yoxdur? Mərkəzi Bank niyə əsas məqsədinə, yəni qiymətlərin sabitliyinə can atmaq əvəzinə, bunun tam əksinə istiqamətlənmiş qərar verir?”

Ekspertin sözlərinə görə, məcburi ehtiyatın normasını azaltmaqla, Mərkəzi Bank, daha doğrusu, onun rəhbərliyi özünə çatacaq xəracın məbləğini azaldır: “Səbəb də bəllidir - devalvasiya nəticəsində Mərkəzi Bank banklara ciddi zərər vurub, indi də onların qarşısında başıaşağıdır. Banklar da təzyiq edir ki, heç olmasa, xəracının məbləğini azalt. Mərkəzi Bank da bu təzyiq altında xəracını azaltdı”.

Ə.Həsənov vurğulayır ki, sözügedən üç qərar üzrə ümumi nəticə belədir: “Mərkəzi Bankın məmurlarının banklara güzəştləri əhalinin əmanətlərinin salamatlığı üçün təhlükəni artırır və inflyasiyaya rəvac verir. Faktiki olaraq, Mərkəzi Bankın tabeliyində olan Əmanətlərin Sığortalanması Fondunun sığortalanan əmanətlər üzrə faiz dərəcəsini 12 faizə çatdırması da bu fikri təsdiqləyir. Əmanət faizlərinin artması kredit faizlərinin də artmasına səbəb olacaq. Faizlər artacaqsa, inflyasiya da artacaq. Digər tərəfdən isə bu addım onu göstərir ki, bankların ciddi likvidlik problemi var və bu problemi əmanətlər hesabına həll etmək istəyirlər”.

Ekspert qeyd edir ki, xarici təcrübəyə görə, devalvasiyadan sonra xarici valyutanın ölkədən çıxarılması məhdudlaşdırılmalıdır: “Lakin nədənsə Mərkəzi Bank ən gözlənilən və zəruri addımı atmır. Nəyi gözləyir? Ölkəni tamamilə xarici valyutasız qoymaq və devalvasiyanı davam etdirmək istəyir?”(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar