"Biz Rövnəq Abdullayevdən soruşduq ki..." - "Global Witness" təşkilatı

Anar Əliyev onun qohumudurmu? Bu suala sadəcə hə-yox cavabı ola bilər"

"ARDNŞ-nin cavabı məyusedicidir. Biz Anar (Əliyev) və Qolovuşkin barədə may ayında göndərdiyimiz məktubda soruşmuşduq, amma onlar bu suala cavab vermədilər”, Global Witness təşkilatının tədqiqatçısı Tom Mayne BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, təşkilatın bu ilin may ayında da göndərdiyi sorğuda 20-yə yaxın “konkret və detallı” sual verilmişdi, ARDNŞ-dən gələn cavab isə “çox ümumi idi”.

Birbaşa sual

BBC Azərbaycanca ilə müsahibəsində Cənab Mayne tədqiqat zamanı üzləşdiyi problemləri qeyd edərkən sorğulara cavab almaq çətinliyindən də danışıb.

O, birbaşa Rövnəq Abdullayevə göndərilən suala cavab ala bilmədiyini deyib: “Birbaşa Rövnəq Abdullayevə ünvanladığımız məktubda biz ondan soruşduq ki, Anar Əliyev onun qohumudurmu? Bu suala sadəcə hə-yox cavabı ola bilər. Əgər qohumu deyilsə, onlar yenə də izah etməlidirlər ki, Anar Əliyev nə üçün ARDNŞ-lə müqavilə bağlayan bu qədər şirkətlə əlaqəlidir. Əgər qohumudursa, bu avtomatik olaraq korrupsiya demək deyil, amma neft şirkətinin onu necə seçdiyi barədə daha ciddi suallar qaldırır.”

ARDNŞ-in cümə günü verdiyi bəyanatında şirkət bildirir ki, “azərbaycanlı iş adamı” Anar Əliyevlə 2000-ci illərin əvvəllərindən əməkdaşlıq edir və bu, peşəkar mütəxəssislərə olan tələbat ehtiyacından irəli gəlib.

“Tədqiqatı Anar Əliyev barədə eşitdiyinizə görə başladınız, yoxsa onun haqqında məlumat sonra peyda oldu?” sualını cavablayan Tom Mayne deyib ki, daha əvvəl Anar Əliyev barədə mediada məlumat olsa da, tədqiqatın məqsədi o deyildi: “Biz bu hesabatı iki səbəbə görə yazmağa başladıq. Birincisi, EITI-ın ... gələcəkdəki fəaliyyətinə baxmaq istəyirdik. İkincisi isə, eşitmişdik ki Azərbaycan EITI-da aparıcı ölkələrdən biri kimi təqdim olunur, halbuki şirkətin şəffaflığı barədə vətəndaş cəmiyyətinin ciddi sualları var. Ona görə biz bu problemi tədqiq etmək istədik. Anar Əliyev barədə mediada eşitmişdik, amma məqsəd o deyildi. Tədqiqat zamanı gördük ki, əvvəl 5-6 şirkət, sonra 20 şirkət, bir il davam edən araşdırmalardan sonra isə 48 şirkət ona bağlıdır”.

EITI “hospital kimidir”

Cənab Mayne EITI təşəbbüsünü “müsbət birinci addım” adlandırsa da, onu “hospital tikməyə” bənzədib.

“Lap yaxşı, hospital tikmisən. Müsbət addımdır. Amma bundan savayı həkimlər, yaxşı aparatura da lazımdır”.

Eyni zamanda o, Azərbaycanın EITI-da aparıcı ölkələrdən biri adlandırılmasını sual altına alıb.

“Mən bununla razı deyiləm, - o deyib. - Xüsusilə Azərbaycanın faydalanan sahiblərin açıqlanması barədə sınaq proqramında iştirakdan imtina etdiyinə halda. Tacıkistan, Qırğızıstan bu təşəbbüsə maraq göstəriblər. İraq, Liberiya və Nigeriya isə onu artıq həyata keçirirlər. Azərbaycan bunu niyə etmir?”

Azərbaycanın fəaliyyətini digər ölkələrlə müqayisə edərkən o qeyd edib ki, Liberiyada EITI könüllü təşəbbüs deyil, milli qanunların bir hissəsidir. Qazaxıstanda isə parlament də təşəbbüsdə maraqlı tərəf kimi qeydə alınıb.

“Şəffaflığı artırmaq üçün EITI-dan bir çox şəkildə istifadə etmək olar, amma Azərbaycan bunu etmir”, Tom Mayne belə düşünür. (bbc/azeri)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar