BEYNƏLXALQ BANKDA ŞOK - Cahangir Hacıyev "vuruldu", yoxsa...? (Qısa şərh)

Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifəsindən azad edilməsi barəsində ərizəsi təmin edilib. Bu barədə Trend-ə Beynəlxalq Bankdan məlumat verilib.

İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müaviniEmil Mustafayevə həvalə edilib.

Azərbaycan dövlətini Bankda təmsil edən Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.

Cahangir Hacıyevin "səhhətinə görə" istefaya göndərilməsi əsl sensasiyadır. Şübhəsiz ki, rəsmi versiya - xəstəlik məsələsi reallıqdan uzaqdır. Azərbaycanda bu praktikadan uzun illərdir istifadə olunur. Hətta 2003-cü ildə "səhhətinə görə" baş nazir postundan istefa verən Artur Rəsizadə cəmi 3 aydan sonra yenidən vəzifəsinə qaytarılmışdı və üstündən 12 il keçdikdən sonra 80 yaşında bu gün də Azərbaycanın Nazirlər Kabinetinə rəhbərlik edir. Cahangir Hacıyev isə hələ çox gəncdir...

Xatırlatmaq yerinə düşər ki, uzun illərdir Beynəlxalq Banka rəhbərlik edən cənah Hacıyev, Prezident İlham Əliyevin ən yaxın adamlarından biri hesab olunub. Hətta onların şəxsi dostluq münasibətləri haqda da kifayət qədər yazılıb, deyilib. Bir neçə il əvvəl isə Cahangir Hacıyev MTN başçısı Eldar Mahmudovla quda olmuşdu. C.Hacıyev həmçinin Azərbaycanın ən nüfuzlu oliqarxlarından biri hesab oluna bilər. Xeyli vaxtdır onun adı Mili Bankın sədri postuna real namizəd kimi keçir.

Yeri gəlmişkən, gələn ay Milli Bankın hazırki sədri Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır. Manatın devalvasiyasından sonra isə E.Rüstəmovun yenidən bu vəzifəyə təyin olunmayacağı haqda söz-söhbətlər yayılıb. Bu baxımdan, nəzəri olaraq istisna deyil ki, Cahangir Hacıyev məhz bu posta təyin olunmaq üçün vəzifəsini tərk edib. Lakin Cahangir Hacıyevin "səhhətinə görə" postunu tərk etməsi bu versiyanın ciddiliyini şübhə altına salır və onun "vurulduğu" ehtimalını ön plana keçirir.

Elə isə sual olunur: Cahangir Hacıyev niyə prezidentin qəzəbinə gəlib?

Bu suala cavab vermək, hələlik mümkün deyil. Məlumat azlığı var. Lakin müstəqil ekspertlər ilkin rəylərində C.Hacıyevin Beynəlxalq Bankın düşdüyü acınacaqlı vəziyyətə görə istefaya göndərilməsinin inandırıcılığını qeyd ediblər. İqtisadçı ekspert Samir Əliyev bu barədə yazıb:

"Azərbaycanın ən böyük bankı olan Beynəlxalq Bankın çoxlu problemləri var. Problemli kreditlərin həcmi həddindən artıq "şişib". Bankın problemi devalvasiyadan sonra xüsusilə təhlükəli həddə çatıb. Görünür Cahangir Hacıyevin istefaya göndərilməsində əsas səbəb bankın düşdüyü indiki ağır durumdur."

Rasim ƏLİYEV

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar