ASİYA UĞRUNDA ABŞ-ÇİN SAVAŞI - Çinin pulları ABŞ-ın müttəfiqlərini özünə çəkir

Asiya uğrunda "əlbəyaxanı" kim qazanacaq?

Asiya İnfrastruktur İnvestisiyalar Bankı (AİİB) barəsindəki hadisə ABŞ üçün diplomatik bədbəxtliyə çevrilir. 2013-cü ildə Çin bu bankın təsis edilməsi niyyəti haqqında məlumat verən zaman, ABŞ öz müttəfiqlərini həmin bankı boykot etməyə çağırmışdı. Amerikanlar bildirirlər ki, Çin tərəfindən dəstəklənəcək yeni bank Dünya Bankına nisbətən kreditləşmə standartlarının həyata keçirilməsində, hakimiyyətlərin şəffaflığına diqqət göstərilməsində və həmçinin də ətraf mühitin qorunması məsələsində daha az tələbkarlıq nümayiş etdirəcək.

Ancaq tam mənası ilə bəllidir ki, bu hakimiyyət uğrunda mübarizədir. Dünya Bankı Vaşinqtonda yerləşir və onun prezidenti də həmişə ABŞ-dan olur. Dünya Bankının potensial rəqibi olacaq Asiya İnfrastruktur İnvestisiyalar Bankı Şanxayda yerləşəcək və Çin isə onun aparıcı səhmdarı rolunda çıxış edəcək.

İlk öncə Yaponiya, Cənubi Koreya və Avstraliya digər iri Avropa ölkələri kimi AİİB-dən kənarda duracaqları və orada iştirak etməyəcəkləri barəsində qərar vermişdilər. Lakin Böyük Britaniya həmin bankın üzvü və təssisçisi olacağı niyyətini açıqlayandan sonra AİİB-ə qarşı yönəlmiş vahid cəbhənin sıralarında əhəmiyyətli dərəcədə çatlar əmələ gəlib. Analitiklərin əksəriyyəti deyir ki, müəyyən bir zaman keçdikdən sonra Cənubi Koreya da yeni bankın işində iştirak edəcək. Hal-hazırda Avstraliya öz mövqeyini götür-qoy edir. Avropanın böyük dövlətləri də Britaniya örnəyinin izi ilə hərəkət edə bilərlər. Bu gün üçün isə AİİB-in əsas əhəmiyyətli əleyhdarları Yaponiya və ABŞ-dır. Belə bir vəziyyət ABŞ üçün heç də yaxşı sayılmır. Dostlarını öz ətrafında kollektiv şəkildə sıx birləşdirmək və prinsipial mövqe tutmaq əvəzinə AİİB-lə olan epizodda ABŞ təcrid olunmuş və küskün düşmüş kimi görünür.

Bu tarixi hadisə çinlilərin "yaralı qəlbi" üçün yaxşı məlhəm olacaq, çünki onlar Asiyadakı təsir dairəsi uğrunda Amerika ilə mübarizədə xeyli müvəfəqiyyətsiz illər yaşayıblar. Çinin öz qonşuları ilə ərazi mübahisələri məsələsində daha aqressiv mövqe tutması səbəbindən Filippin, Yaponiya, Avstraliya və Hindistan ABŞ ilə diplomatik və təhlükəsizlik sferasında əlaqələrin möhkəmləndirilməsinə can atırlar.

Daha az qarşıdurma

Görünür ki, Çin bütün bunların hamısından özü üçün müəyyən nəticələr çıxarıb. Son aylar Çin qonşularına qarşı özünü daha az qarşıdurma tərəfdarı kimi aparır və bunun əvəzinə iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət və infrastruktur layihələri çərçivəsində Orta Asiyadan keçəcək yeni ipək yolunun yaradılmasına can atdığını göstərir. Bütün bunların hamısı “Dəniz ipək yolu” layihəsinə paralel olaraq həyata keçiriləcək. Onu da qeyd etmək lazımdır ki, AİİB həmin təşəbbüslərin maliyyələşdirilməsi istiqamətində mühüm rol oynaya bilər.

Pekin özünün iqtisadi baxımdan güclənməsinin Asiya ölkələri üçün hər hansı təhlükə təşkil etmədiyini, əksinə, onun varlanmasından qonşularının da xeyir götürəcəyini inandırmaq fikrindədir.

Hal-hazırda AİİB məsələsi aydın göstərir ki, Asiya uğrunda mübarizədə Çinin əlindəki başlıca güclü kart - onun artan iqtisadi qüdrətidir. Çindən fərqli olaraq, Amerikanın əsas güclü kartı hərbi qüvvə və təhlükəsizlik sferası ilə bağlı olan müqavilələr kompleksidir. Ortada qalan ölkələr dilemma ilə qarşı-qarşıyadırlar. Yaponiya, Avstraliya, Filippin və Cənubi Koreya ABŞ ilə təhlükəsizliyə dair müqavilə imzalayıblar. Lakin onların hər biri ABŞ-la müqayisədə daha çox Çinlə ticarət aparırlar. Beləki, Cənubi Koreya Şimali Koreyadan və eləcədə nə zamansa Çindən gələ biləcək potensial hücumun qarşısını almaq üçün Amerikanın hərbi gücünə arxalanır. Amma Cənubi Koreya öz məhsullarının 25%-ni Çinə ixrac etdiyi halda, onun ABŞ-a ixracı 12% təşkil edir. Ona görə də C.Koreyanın maraqları müxtəlif istiqamətlərə tərəf dartınır.

AİİB–lə əlaqədar olan hadisə regionun 12 ölkəsini özündə birləşdirəcək Trans Sakit Okean əməkdaşlıq müqaviləsinin imzalanması üçün Amerika və Yaponiyaya stimul verir. Çin isə nümayişkəranə şəkildə buraya daxil edilməyib. Amerikanlar bildirirlər ki, burada söhbət Çin əleyhinə blokun yaradılmasına cəhddən deyil, iqtisadi standartlara riayət olunmasından gedir. Ancaq Amerikanın bir çox müttəfiqləri tam mənası ilə həmin arqumentlərə inanmırlar və Asiya-Sakit okean regionunun əsas aparıcı ticarət gücü sayılan Çinin iştirakı olmadan bu müqavilənin imzalanmasının qəribə göründüyü barəsində də sakitcə danışırlar .

Asiya uğrunda Vaşinqton ilə Pekin arasında gedən bu əlbəyaxa qarşıdurmanın ən mühüm sualı ondan ibarətdir ki, görəsən yekun nəticədə ABŞ-ın hərbi qüdrəti, yoxsa Çinin iqtisadi gücü daha mühüm rol oynayacaq. Konkret vəziyyətə uyğun şəkildə cavablar da müxtəlif olacaq. Lakin bütövlükdə götürsək bu və ya digər ölkə özünə qarşı Çin tərəfindən gələ biləcək hər hansı təhlükə hiss edərsə, onda onlar daha çox Amerikaya meyl göstərəcəklər. Yox, əgər əksinə Çin məsələlərə kifayət qədər düşüncəli və sağlam məntiqlə yanaşıb, yumruqlarını tez-tez göstərməzsə, onda onun üçün tədricən öz iqtisadi imkanlarını diplomatik və siyasi çəki ilə transformasiya etmək şansı yaranacaq.

Dünyanın qüdrətli dollar qarşısında baş əydiyi barəsində danışılır. Ancaq AİİB hadisəsi göstərir ki, hətta Amerikanın yaxın müttəfiqlərinin gözü önündə yuanın simvolları canlanmaqdadır.

(The Financial Times)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar