“Eşitdiklərim,oxuduqlarım, gördüklərim”

Təhsil sistemi nə tarixi oçerkdir, nə də publisistik esse

Nadir İsrafilov, təhsil eksperti

Harda olursunuz olun, əlinizdəkilərlə edə biləcəklərinizi edin.

Teodor Ruzvelt

1987-ci ildə “Azərnəşr” tərəfindən Manaf Süleymanovun Bakının qədim keçmışındən bəhs edən 320 səhifəlik “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı klitabı işıq üzü görmüşdü. Sonralar, bu son dərəcə səmimi, ürəkdən yazılan və oxucularda böyük maraq doğuran əsər, təkrar-təkrar tirajla nəşr olunaraq 500 000 ədəd satılmışdı. O zaman, ədəbiyyatşünasların qənaətinə görə, bu əsər nə tarixi oçerk, nə də publisistik esse deyil, hər şeydən əvvəl, keşməkeşli bir dövrün həyat həqiqəti, bədii səlnaməsi idi.

Bəlkə də bir çoxları tərəfindən unudulmuş bu əsər nədən birdən yadıma düşdü? Deyəsən, bir az da belə getsə, bizim də təhsilimizin keşməkeşli dövrü ilə bağlı həyat həqiqətlərinə dair güdəlik eşitdiklərimizdən, oxuduqlarımızdan, gördüklərimizdən bir səlnamə yazılacaq desəm yanılaram, çünki, artıq yazılıb da.Yuxarıda bəhs etdiyimiz səlnamədən fərqli olaraq, bu səlnamənin nə yazılmasına, nə də oxunmasına nə səmimiyyət, nə ürək, nə də maraq tələb olunur. Çünki, bu başqa bir həqiqətdir, artıq alışdığımız və razılaşmağa məhkum olduğumuz bir həqiqət.

“Qulaq gündə bir söz eşitməsə, kar olar” el məsəli sanki təhsilimiz üçün deyilib.TQDK-nın “ötən il abituriyentlərin 64,7 faizi imtahanlardan “2” alıb”, “Azərbaycanda 9-cu və 11-ci sinif şagirdləri arasında oxumağı və yazmağı bilməyənlər var”, kimi bəyanatları adama sanki, bir vaxtlar tarix dərsliklərindən oxuduğumuz materiallara əsasən ölkədə kütləvi savadsızlığın ləğv edilməsi tədbirlərinin həyata keçirildiyi ötən əsrin 30-cu illərini xatirladır.

Son olaraq, martın 15- də keçirilmiş 2014-2015-ci tədris ili üzra buraxılış imtahanı verən peşə liseyləri şagirdlərinin 31,51 faizinin (1519 nəfər) “Ana dili”ndən, 58,02 faizinin (2797 nəfər) “Riyaziyyat” fənnindən “iki” alması, şagirdlərin yalnız 0,19 faizinin “Ana dili”ndən, 0,19 faizinin “Riyaziyyat” fənnindən beş alması kimi acınacaqlı statistika isə adamda istər-istəməz

"Bir az da belə getsə, XX əsrin əvvəllərindəki kimi, Bakının tinlərində ərizə yazmaq üçün pullu mirzələr axtaracaqlar" kimi təsəvvürlər yaratmış olur.Halbuki, bir vaxtlar Respublikada deyil, məktəbdə deyil, hər sinifdə o zaman “əlaçı” adlandırılan beşlə oxuyanların faizi bu rəqəmlərdən qat-qat yüksək olardı.

Söhbət təkcə şagirdlərimizin problemləri ilə bağlı olsaydı dərd yarıydı.Millət vəkillərimizdən biri

müəllimlərimizə ışdən sonra gedib yük daşımağı məsləhət görür, digərləri tərəfindən Cəbiş və Mustafa müəllim obrazları ilə bağlı aşağılayıcı paralellər aparılır, rektor qızının döyülməsi qızğın mübahisə predmetinə çevrilir, digər bir deputatımız “Azərbaycan elmi ölü vəziyyətdədir” kimi sərt bəyanatla çıxış edir, Təhsil Nazirliyinin bir rəsmisi TQDK-nın ibtidai sinif dərsliklərinin tədrisə yararsız olması iddiasına cavabında deyir ki, Azərbaycanda dərslik yaza bilən mütəxəssis yoxdur və s. Hansını deyim. Bir sözlə, ötən hər ilimiz, ayımız və günümüz, sıradan olan hər hansı bir tədbirimiz, bəyanat və açıqlamalarımız, təhsilimiz və onun mövcud durumu ilə bağlı iradlarsız və qarşılıqlı ittihamlarsız ötüşmür.

Diqqət yetirin, ölkəmizin ildən-ilə inkişaf etməsi, beynəlxalq nüfuzunun artması, dünyanın ən rəqabətli ölkələri sırasına daxil olması, regionun iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsinə çevrilməsi fonunda təhsilimizdə kəskin eniş tendensiyası müşahidə olunur, şou-bizneslə eyniyyət təşkil edən qalmaqallar yaşanır. Bəyənmədiyimiz, avtoritar adlandırdığımız rejimdə elm və təhsilimiz, mədəniyyət və incəsənətimiz özünün intibah dövrünü yaşadığı halda, müstəqil, demokratik sistemdə bu kimi problemlərlə üzləşməyimizə səbəb nədir?

Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razilaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü, məhz təhsildən qaynaqlanır. Məktəbin və cəmiyyətin vəziyyəti arasında həmişə bir eyniyyətin olması fikri, ölməz Hüseyn Cavidin hələ “Həsb-hal” məqaləsində dahiyanə şəkildə vurğulanmışdı: “Bir millətin hər halını tədqiq etmək üçün ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir”.

Elə isə nə baş verir, nəyimiz çatmır? Ilk baxışda elə təəssürat yaranır ki, təhsilimizin inkişafı naminə nə lazımdırsa, hamısını etmışık:

-Müstəqilliyimizin elə ilk illərindən “Azərbaycan Respublikasinın təhsil sahəsində İslahat Proqramı”nı qəbul etmişik;

-2005 –ci ildən Bolonya prosesinə qoşulmaqla, Beynəlxalq təhsil sisteminə inteqrasiya edirik;

-“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası-Milli Kurikulum” 2006-cı ildən tətbiq olunur;

-Bir az gec də olsa “Təhsil haqqında” Azərbaycan Respublıkasının Qanunu təsdiq olunub; “Qanun”la yanaşı, elə həmın 2009-cu ildə “Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nin təsdiqi barədə Nazirlər Kabineti qərar verib;

-Bütün tipdən olan təhsil müəssisələrinin fəəaliyətini tənzimləyən “Əsasnamə” və “Nızamnamə”lər, normativ- hüquqi aktlar, təlimatlar, qaydalar hazirlanaraq təsdiq olunub;

-Müqavilələr, sazişlər, kreditlər, qrantlar, yardımlar, fondlar, dəstəklər, alt və üst komponentlər də ki, saymaqla bitmir;

-Təmir-tikinti, maddi-texniki təchizat və digər infrastrukturlar sarıdan da korluq çəkmirik;

-Dövlət büdcəsindən hərbidən sonra, ən çox vəsait məhz təhsilə ayrılır;

-Prezidentin Fərmanı ilə “2007-2015 –ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul olunub;

-2020-ci ilədək dövrü əhatə edən Gələcəyə baxış İnkişaf Konsepsiyası, hələ 2012-ci ildən istifadəmizə verilib;

-Respublikamızda təhsilin inkışafı üzrə” Strategiya”mız da təsdiq olunub və artıq əsas hədəflərimiz də müəyyələşdirilib.

Uzun illərdən bəri müəllimlık və təhsili idarəetmə orqanlarında fəaliyyətimlə bağlı təcrübəmə əsaslanaraq belə bir qənatdəyəm ki, təhsilimizlə bağl üzərimizə birdən-birə çox böyük yük götürmüşük,eşitdiklərimiz, oxuduqlarımız, gördüklərimiz nə varsa təhsilimizə tətbiq etmışik.

Dəb xətrinə dünya təhsilinə inteqrasiya adı ilə, qərb təhsilinə sıçrayış etməklə onun prinsip və metodlarını hələ tam mənimsəməmış, məqsəd və vəzifələrinə düzgün əməl etməmişik. Necə deyərlər, təhsilimiz nə köhnə sovet şinelindən çıxa bilib, nə də yeni təhsil texnologiyalarını mənimsəyə bilib. Sanki ortalıqda qalıb, nə edəcəyimizi bilməyən təəssüratı bağışlamışıq.Başqa sözlə, təhsilimizin mövcud durumunu araşdırmaq, yeni konsepsiyalar təklif etmək üçün nəyi əldə etdiyimizi, nəyi əldən verdiyimizi ayırd edə bilməməyimiz məsələsi ortalığa çıxıb.

Mənəviyyatı bir kənara qoyub, maddiyyata olan ifrat maraqlarımız da təhsilimizin öz axarı ilə getməsinə, məcrasına yönəlməsinə imkan verməyib.Korporativ maraqlarımız bir çox hallarda təhsil qanunvericiliyimizi üstələyib. Bir çox qanun və qaydaların qəbul olunmasını münaqişə və intriqa predmetinə çevirmişik, təhsil bosslarının maraqlarının toqquşması, hansısa yüksək cinli məmurların şəxsi kaprizi qanun və qaydalarda ciddi izlər buraxıb.

Necə deyərlər, təhsilimiz nə köhnə sovet şinelihdən çıxa bilib, nə də yeni təhsil texnologiyalarını yetərincə mənimsəyə bilib. Sanki ortalıqda qalıb nə edəcəyimizi bilməyən təəsüratı bağışlayırıq. Başqa sözlə, təhsilimizin mövcud durumunu araşdırmaq, yeni konsepsiyalar təklif etmək üçün nəyi əldə etdiyimizi, nəyi əldən verdiyimizi ayırd edə bilməməyimiz məsələsi ortaya çıxıb. Yəni, bir vaxtlar aid olduğumuz sovet təhsil sistemi hansı təməl prinsiplərə arxalanırdı və hazırda üz tutduğumuz Qərb təhsilinin baza prinsipləri nəyə söykənir.

Braziliyaya,Yaponiyaya, Skandinaviya və digər Avropa, Asiya, Şimali və Cənubi Amerika ölkələrinə ezam olunan nümayəndə heyyətlərimiz getdikləri olkələrdə nə görüb, nə eşidiblərsə ölkə təhsilinə tətbiq etmək paketi hazırlayıblar.Braziliyalılar məndən ınciməsin, bu olkədə kofenin dəbdə olması və futbola oyununa olan maraqdan başqa uğurlarından xəbərim yoxdur. Boloniya prosesinə qoşulub, tyutor xidmətini inkışaf etdirmək əvəzinə, kreditlərin sayını artırıb, bakalavr pilləsi üçün 5 illik təhsil materialını 4 ilə sıxışdırıb tədris planlarında, tələbələrin təhsil yükündə ağırlıq yaratmışıq.

Qüvvədə olan qərar və qaydaların demək olar ki, böyük əksəriyyətinin təhsilin məzmununa deyil, əsasən formasına yönəldildiyindən, yekun olaraq təhsilin məzmunu kölgədə qalmış, ciddi deformasiyaya uğramışdır. Başqa sözlə, forma dəyişikliyinə xidmət edən və yenilik kimi təqdim olunan bu manıpulativ addımlar nəticə etibarı ilə təhsilimizin inkişafına deyil, əksinə məzmunca sarsılmasına, formaca bayağılaşmasına gətirib çıxarıb.

Qəbul etdiyimiz bir çox qanun və qaydalarımız, normativ-hüquqi aktlarımız, həddən artıq yüklü olub, ziddiyyətlərdən və anlaşılmazlıqlardan heç də xali deyil. Təkcə, hələlik sonuncu olan “Elm siyasəti haqqında” qanun layihəsi 8 fəsil və 47 maddədən ibarərtdir. (115 bənd) Halbuki, elm də daxil olmaqla təhsilin məktəbəqədər, orta məktəb, texniki-peşə təhsili və ali məktəb pillələrini əhatə Təhsil haqqında qanun 6 fəsil və 47 maddədən ibarət olub vəs. və i.a.

Dünya təhsilinə inteqrasiya etmək dünya təhsili haqqında nə eşitmişiksə, nə oxumuşuqsa, nə görmüşüksə onu ölkə təhsilinə tətbiq etmək demək deyil, Harvard, Kembric, Oksford kimi universitetlərdə təhsil haqqı yüksəkdir deyib, bizim universitetlərdə də təhsil haqqını kəllə-çarxa qaldırmaq deyil, bu təhsil müəssisələrində verilən təhsilin keyfiyyətindən örnək götürmək deməkdir. Əgər müqayisə aparırıqsa, onda məsələn, Avropanın ən kiçik ölkələrindən olan Lüksemburqda müəllimlərin stajından asılı olaraq ildə 50-98 min avro əmək haqqı almasını da nəzərə alaq.

Son olaraq Teodor Ruzveltin bir kəlamını da nəzərə alaq: Harda olursunuz olun, əlinizdəkilərlə edə biləcəklərinizi edin.

.

Nə isə, “Təhsilimiz müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin “laboratoriya mərkəzinə” çevrilib. 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır.” Son dərəcə lakonik və sərrast ifadə isə mənə deyil, PA rəhbəri, akademik Ramız Mehdiyevə məxsusdur.

Gec də olsa, bəlkə bir nəticə çıxarmağın zamanı yetişıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar