Məni bu günə salanlar utansınlar...

Əbil HƏSƏNOV

Nadir qəsəbənin hörmətli sakinlərindən biri idi. Hamı onu sevir, hörmət edirdi. Ətrafda elə insan tapılmazdı ki, onun haqda pis nəsə danışsın. O, bu hörməti həm xarakterinə, həm də sənətinə görə qazanmışdı. Belə ki, Nadir kişi qəsəbənin sevimli müəllimlərindən biri idi.

Bununla belə o, dolanmaqda çətinlik çəkirdi. Aylıq məvacibi növbəti aya çatmırdı. Evə qazanc gətirən təkcə o idi. Üstəlik oğlu da xəstə idi - əmək qabiliyyətini itirmişdi. Müharibəyə sağlam gedən oğlu geriyə yarımcan qayıtmışdı. Düzdür güllə yarası almamışdı. Ancaq günlərlə ac qalmaqdan, soyuq və nəm səngərdə yatmaqdan mədəsi və digər orqanları sıradan çıxmışdı. Bütün bunlara görə Nadir müəllim ailəsini dolandırmaq üçün dərsdən sonra müxtəlif işlər görürdü. Gah bənnalıq edir, gah da bağlarda fəhləliklə məşğul olurdu. Çətinliklə də olsa, birtəhər ailəsini dolandırırdı.

Bir dəfə Saray bağlarındakı villaların birinin həyətindəki zibilləri maşına yükləyirdi. Villanını sahibi zəhlətökən adama bənzəyirdi. Elə bil Nadir müəllimi incitməkdən xüsusi bir zövq alırdı. Villanın eyvanında oturb Nadir müəllimin üstünə ədəbsiz-ədəbsiz qışqırırdı. Nadir müəllim isə bir tikə çörək xatirinə dözürdü. Nəhayət qaranlıq düşənə yaxın o işini bitirdi. “Xozeyin” həyətə düşüb Nadir müəllimi yanına çağırdı:

- Ə, bir bəri gəl. Məni tanıdınmı?

Nadir müəllim diqqətlə ona baxıb tanıdı. Qarşısında duran Qasım idi. İllər öncə Nadir müəllimin şagirdi olmuşdu. Avara şagird idi. Dərslərini oxumazdı. Nadir müəllim onun qapısının zibilini təmizlədiyi üçün pis oldu. Belə bir görüşü heç arzulamazdı.

- Müəllim, yadındadı mənə deyirdin ki, səndən bir şey çıxmayacaq. Görürsən indi rayonda böyük bir təşkilatın rəhbəriyəm. Bilirəm, utanırsan, utanma müəllim, yaxın gəl al zəhməthaqqını. Burada sənin bir illik məvacibin var - deyib, hırıldaya-hırıldaya cibindən bir ovuc pul çıxarıb Nadir müəllimə tərəf uzatdı.

Nadir müəllim isə ona - Mən qəbahətli bir iş görməmişəm ki utanım. Halal çörək qazanmaq nə vaxtdan utanmalı iş olub? Mənim kimi müəllimləri bir parça çərəkpulu üçün sənin kimi parazitlərin qapısında zibil təmizləməyə vadar edənlər utansınlar. Mən niyə utanım? - deyib pulu da götürmədən qapını üzünə çırpıb getdi.

Nadir müəllimin sözləri onun sifətinə şillə kimi dəydi…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar