PUTİNİ DƏYİŞDİRİBLƏR! - "Prezident çox ağır pristup keçirib"

"Putinlə nə isə qaydasında deyil və böyük ehtimalla o, ölümcül xəstədir"

Rusiya Feredasiyasının prezidenti Vladimir Putinin şübhəli şəkildə 10 gün «yoxa çıxması», bunun doğurduğu söz-söhbətlər - onun ölümü, ağır xəstə olması, ölkədə dövlət çevrilişinin baş verməsi kimi şayiələri nəinki siyasi, həm də ədəbi hadisələr kimi dəyərləndirmək olar. Lap Aqata Kristinin məşhur «yoxa çıxması» kimi. Heç təsadüfi deyil ki, martın 16-da Putinin üzə çıxmasından sonra ictimaiyyət daxilində belə bir fikir dolaşmağa başladı ki, Putin özünə oxşamır, qeyri-adi şəkildə ayaqlarını oynadır və «vəhşi kimi» gülümsəyir.

Bu fikirlər rusiyalı dramaturq və publisist Vladimir Qolışevin 22 mart 2015 -ci il tarixdə «Azadlıq» radiosunun saytında dərc olunmuş müsahibəsindən götürülüb.

Saytın yazdığına görə, Vladimir Qolışev uzun illərdir ki, Putini öyrənir. 2006-cı ildə o, Stanislav Belkovski ilə birlikdə «Vladimir Putinin biznesi» adlı kitabını, 2011-ci ildə isə «Prebiotiki» adlı pyesini yazıb. Qolışevin fikrincə, intuisiyası ona deyir ki, məlum 10 gün ərzində onun qəhrəmanı (prezident Putin) tamamilə dəyişib. Qolışev öz «bloq»unda yazıb ki, Putinlə nə isə qaydasında deyil və böyük ehtimalla o, ölümcül xəstədir. Dramaturq «Azadlıq» radiosunun efirindən müşahidələrini dinləyicilərlə bölüşüb. Aktuallığını nəzərə alıb, həmin müsahibənin bəzi epizodlarını "AzPolitika" oxucularının diqqətinə çatdırırıq. Aparcı Dmitri Volçakdır.

- Mən sizin yazını məlum şaiyələrə bir parodiya kimi qəbul etdim. Siz ironiya edirsiniz, yoxsa Putinin xəstəliyi barədə ciddi danışırsınız?

- Böyük nisbətdə, ciddi danışıram, nəinki ironiya edirəm. Məlum «informasiya zibili» də o zaman təsadüfi olaraq meydana çıxmamışdı. Hesab edirəm ki, bu «zibil» daha çox həqiqət payına malikdir... Mən əminəm ki, o günlər Putinin fəaliyyət qabiliyyətində olmaması, hansısa çevrilişin baş verməsi, nəticədə hakimiyyətin başqa şəxslər tərəfindən zəbt olunması barədə danışılanlar həqiqətə daha yaxındır. Başqa sözlə, martın 16-da gördüyümüz Putin tamamilə həmin Putin (martın 5-də «itirdiyimiz Putin») deyil. Bu, təzələnmiş və tamam fərqli parametrlərə malik Putindir.

- Xarici görkəminə görə belə deyirsiniz, yoxsa danışdıqlarına görə?

- Hər ikisinə görə. Bundan da artıq öz yaradıcılıq intuisiyama əsaslanıram - yaradıcı insanlara xas olan sövqi-təbiiyə. Mən bu saat Putinin şəxsində qərar qəbul etməyən (edə bilməyən) birisini görürəm! Əgər belə bir suala cavab axtarmalı olsaq ki, qarşımızdakı qərar qəbul edən şəxsdir, yoxsa istisnasız olaraq, «nümayəndə» funksiyasını yerinə yetirən birisidir? O zaman mən tərəddüd etmədən cavab verərəm - bu adam qərar qəbul etmir!

Martın 16-dan sonrakı günlərdə ortaya çıxarılan bütün videolara baxmışam. Əgər onun fiziki durumu barədə danışsaq - bu ayrıca mövzudur - görünür ki, prezident ağır nəticələri olan çox ağır pristup keçirib. Həkimlər onu vəziyyətdən çıxarıblar, hazırda o, ağrıkəsicilərə və stimulyatorlara «oturmuş» durumdadır. Bunların sayəsində Putin az-çox normal haldadır, fəqət bəzi qeyri-adi hərəkətləri (ona xas olmayan eyforik baxış, qeyri-adi təbəssüm və s.) nəzərə alınmasa. Açıq görünür ki, o tamamilə əvvəlki adam deyil. Amma kamera qarşısına çıxarıla biləcək durumdadır.

Məsələnin mahiyyəti bunlarda deyil. Başlıcası odur ki, hakimiyyət maqyasını itirmiş bu adam əvvəlki dövrdə qərar qəbul edən adam xarizmasının daşıyıcısı deyil. Məsələn, şərti olaraq «sülh və ya hərb məsələsinin həllində Putinə yox, hansısa bir başqa instansiyaya müraciət etmək lazımdır» qənaəti yaranır.

- Buna baxmayaraq, Putin məlum mitinqin tribunasına qalxdı, Rusiyanın himni səslənəndə hamı ilə birgə oxudu və ölüm ayağında olan adama oxşamırdı...

- Bəli, sözsüz, mübahisə etmirəm. Mən bunu farmakoloqların böyük uğuru hesab edirəm. Kimsə deyə bilər ki, o, çox sağlamdır. Amma bunun bir əhəmiyyəti yoxdur ki, o sağlamdır, yoxsa yox. Mən istisnasız olaraq, hakimiyyət xarizmasından danışıram, cihazlar bunu qeydə ala bilmirlər. Məsələn, mən indi çox hiss edirəm ki, bu insan artıq indiki anda qərar qəbul etmir...

Müsahibəni axıra kimi çevirib, təqdim etmək olardı. Amma hesab edirəm ki, qonşu ölkədə yaranmış «gözəgörünməz» atmosferi duymaq üçün yuxarıda təqdim olunan epizodlar da kifayət edər.

Qolışevin fikrincə, hadisələrin sonrakı inkişafı təxminən, aşağıdakı kimi sıralanacaq - Putin müəyyən keçid dövrü üçün prezident postunda saxlanılacaq, amma o qərar qəbul etməyəcək. Keçid dövrü ərzində keçid hökuməti formalaşacaq, keçid Konstitusiya çərçivəsində gerçəkləşəcək. Putini əvəzləyəcək namizəd tapılacaq (Qolışev mümkün namizədlərin adlarını da açıqlayır). Ukraynaya yönəlik Rusiyanın hazırkı siyasəti dəyişəcək. Krım bir müddət Rusiyanın tərkibində saxlanacaq, Rusiyanın hərbi kontingenti və texnikası Ukraynadan tam çıxarılacaq, separatistlərlə əlaqəyə son qoyulacaq. Əvəzində isə yeniləşmiş Rusiya təkrarən dünya birliyinə qovuşacaq (Bu ssenarinin ilk dəfə Y.Primakov tərəfindən səsləndirildiyi bildirilir).

Xatırlayırsınızsa, Putini «itirdiyimiz» günlərdə bu sətirlərin müəllifi «Putini «gizli hökumət» cəzalandırır!» başlıqlı məqalə ilə çıxış etmişdi. Qolışevin bu müsahibəsi məqalədə ortaya qoymuş olduğum versiyanın nə qədər işlək olduğunu əyani surətdə təsdiqləyir. Məqalənin sonunda postskriptumla verdiyim - «Bu məqaləni bir neçə gündən sonra yazmaq fikrindəydim, amma düşündüm ki, birdən sabah gec olar» fikrini də təsadüfən səsləndirməmişdim...

Mirzə AĞ

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar