DEPUTAT TƏHSİL EKSPERTİNİ MƏHKƏMƏ İLƏ HƏDƏLƏDİ – Qalmaqal

“Mənim müsahibələrimdə işlətdiyim bir çox cümlələr fəlsəfi məna daşıyır”

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov təhsil eksperti Etibar Əliyevi məhkəməyə verməklə hədələyib. Buna səbəb E.Əliyevin “Azpolitika”da yayımlanmış iki müəllif yazısında Novruzəli Aslanovu tənqid etməsidir.

Deputat bu gün “AzPolitika”ya göndərdiyi məktubunda qeyd edir ki, E.Əliyevin tənqidi fikirləri əsassızdır, qərəzlidir və onun işgüzar nüfuzuna xələl gətirir.

“AzPolitika.info” saytının redaksiyası hər zaman olduğu kimi, qarşı tərəfin cavab haqqına hörmətlə yanaşır və cənab Aslanovun məktubunu olduğu kimi təqdim edir.

“Hörmətli Redaksiya heyətinin üzvləri və Etibar Əliyev!

Öz ehtiramımı bildirərək öncə Sizi salamlayır və «Novruz» bayramı münasibətilə hər birinizi təbrik edirəm.

Bildiyiniz kimi özünü təhsil eksperti kimi qələmə verən Etibar Əliyev adlı bir yazarın müəllifliyi ilə mart ayının 19-da «Hamlet İsaxanlını ləkələmək olmaz», martın 23-də isə «Novruzəli Aslanovun anonim xeyriyyəçiləri» adlı məqalələri Sizin saytınızda yerləşdirilmişdir.

«Hamlet İsaxanlını ləkələmək olmaz» adlı məqalədə Etibar müəllim mənim verdiyim müsahibələrin birində səsləndirdiyim fikirləri düzgün dəyərləndirməyərək, qeyri-obyektiv şəkildə izahatınını verməyə cəhd göstərmişdir. Etibar Əliyevin bu yazıda Hamlet müəllim barədə yazdıqları fikirlərlə mən də razıyam. Hamlet müəllim cəmiyyətimizdə tanınan ziyalılardandır və onun adının xoşagəlməz hadisələrdə hallandırılaraq nüfuzdan salınmasına mən də pis baxıram. Ən azı ona görə ki, Hamlet müəllimi şəxsən tanıyıram.

Nəzərinizə çatdırıram ki, mənim müsahibələrimdə işlətdiyim bir çox cümlələr fəlsəfi məna daşıyır. Hesab edirəm ki, bu baxımdan da qarşı tərəf belə cümlələrin dərinliyinidə olan mənalara vara bilmir və bu baxımdan da özünün başa düşdüyü tərzdə, primitiv şəkildə izahını verir. Həmin müsahibəmdən Etibar Əliyevin məqaləsində qeyd etdiyi bir sitatı misal göstərim: «Mən işə maşınla gedib-gəlirəm. Kimsə avtobusla gedib-gəlir. Avtobusla işə gedib-gələn insandan artıq deyiləm. Sadəcə, bu, yaradanın məsləhətidir. Deməli, avtobusdan istifadə edən insandan daha artıq iş görməliyəm.» Burada onu qeyd edirəm ki, mənim üzərimə bu həyatda çox böyük bir məsuliyyət qoyulmuşdur. Və bunun yerinə yetirilməsi üçün Yaradan mənə müvafiq şəraiti yaratmışdır. Mən də öz növbəmdə mənə bəxş edilən bu şəraitdən şüurlu surətdə istifadə edərək insanlara, xalqıma, dövlətimə təmənnasız xidmət etməliyəm. Çünki o avtobusda gedən insanlardan heç nə ilə fərqlənmirəm və onlardan artıq deyiləm. Sadəcə, reallıq bundan ibarətdir. Bu fəlsəfi fikirləri kimin necə başa düşməsi, artıq onun malik olduğu təfəkkürün göstəricisidir.

Mən hər bir yazarın subyektiv fikirlərinə hörmətlə yanaşıram. Təbii ki, əgər yazılarda heç kimin şərəf və ləyaqətinə toxunulmur, işgüzar nüfuzuna xələl gətirilmirsə. Etibar müəllimin birinci məqaləsində mənim ünvanıma söylədiyi qeyri-obyektiv mülahizələrinin səbəbini də istərdim ki, fikirlərimin fəlsəfi mənasının düzgün dəyərləndirilməməsi kimi görüm. Lakin elm adamının və fəlsəfə doktorunun belə sadə və səmimi cümlələrin məntiqli mənasını anlamaması mənim üçün bir o qədər də inandırıcı deyil. Hesab edirəm ki, Etibar müəllim həm bir ekspert kimi, həmçinin də elmlə məşğul olan bir insan kimi bu fikirlərimi düzgün qəbul edib obyektiv izahatını verməsində heç bir çətinlik çəkməməli idi.

Hadisələrdən belə bir məntiqli sual meydana çıxır: Əgər belə deyilsə, onda heç bir şəxsi tanışlığı olmayan, heç vaxt üzbəüz gəlmədiyin bir insana qarşı belə qeyri-obyektiv münasibətin səbəbi nədir? Bildiyiniz kimi cəmiyyətdə baş verən neqativ hadisələrdən biri də mətbuatda bəzi yazarların müəyyən adamların diqtəsi və ya sifarişi ilə, maliyyə maraqlarının təmin olunması, eyni zamanda ictimaiyyət arasında nüfuza malik şəxsləri nüfuzdan salmaq məqsədilə bu tipli yazıların yer alması faktlarının mövcudluğudur. Düşünürəm ki, internet resursu olaraq sizlər də belə faktları müşahidə etmisiniz. Amma, mən heç də düşünmək istəməzdim ki, Etibar müəllim belə yazarlar sırasına daxildir.

Etibar Əliyevin 2-ci yazısında - «Novruzəli Aslanovun anonim xeyriyyəçiləri» adlı məqaləsində artıq müəyyən məqamların üzə çıxmasının şahidi oluruq. Belə ki, respublikada humanitar missiya ilə məşğul olan, ehtiyaclı insanlara öz köməkliyini əsirgəməyən, beynəlxalq statuslu təşkilat kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Az.QAC) xeyirxah fəaliyyətinə kölgə salmaq, düşünürəm ki, qərəzli münasibətin nümunəsidir. Az.QAC-ın keçirdiyi xeyriyyə aksiyalarına dəstək verən xeyirxah insanlar haqqında belə səviyyəsiz yazılar, yalnız bir məqamdan xəbər verir - sifariş və qərəz. Əlbəttə, bununla müəllif nəinki xeyriyyəçi insanlara, həmçinin də belə aksiyalardan bəhrələnən ehtiyaclı insanlara qarşı hörmətsizlik etmiş olur. Heç kimə sirr deyil ki, hər bir cəmiyyətdə olduğu kimi bizim də cəmiyyətdə köməyə ehtiyacı olan insanlar mövcuddur və belə insanlara həmişə xeyriyyəçiliklə məşğul olan insanlar və ya təşkilatlar köməklik edir, onları öz himayələri altına alırlar. Hətta, bəzi telekanallarımızda da belə xeyriyyə məqsədləri ilə verilişlər təşkil olunur. Hər bir xeyirxah insan etdiyi yardımda adının çəkiliməməsini tələb kimi irəli sürə bilər. Bu onun hüququdur. Bizim də borcumuz və vəzifəmiz həmin şəxsin adının açıqlanmamasına şərait yaratmaqdır. Belə tendensiya dünyanın hər bir ölkəsində var.

Məlumat üçün nəzərinizə çatdırım ki, bu il martın 10-u Az.QAC-ın yaradılmasının 95 illik yubileyi yüksək səviyyədə qeyd olundu. Möhtərəm Prezidentimiz, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin sərəncamı ilə yubiley ərəfəsində 16 nəfər əməkdaşımız orden və medallarla təltif edildilər. Bütün bunlar Az.QAC-ın humanitar fəaliyyətinə verilən qiymətdir.

O ki qaldı Etibar Əliyev bizim fəaliyyətimizi təhlil etməsinə, buyursun gəlsin cəmiyyətmizə. Onu bütün şöbələrlə tanış edək, mühasibatlığımızda istədiyi sənədi ona təqdim edək və bundan sonra özünün təhlilini əyani surətdə aparsın. 2000-ci ildən bəri bizdə «açıq mühasibatlıq» prinsipi əsasında işlər aparılır. Əgər mənimlə görüşmək arzusunda olsa, onu qəbul da edə bilərəm.

Bütün bu hadisələrin fonunda dünən müəllif tərəfindən yazılmış 2-ci yazı azpolitika.info saytından çıxarılmışdır. Hesab edirəm ki, sizin saytınız obyektivlik nümayiş etdirərək bu addımı atdı və bununla da baş verən bu xoşagəlməz, qərəzli hadisəyə bir növ öz jurnalist münasibətini bildirdi. Bunu dəyərləndirirəm. Lakin müəllifin 1-ci «Hamlet İsaxanlını ləkələmək olmaz» adlı yazısı saytda qalmaqdadır. Həmin yazıda da əvvəldə qeyd olunduğu kimi mənə qarşı çox ciddi təhriflərə yol verilmiş və qeyri-obyektiv mülahizələr yer almışdır.

Qeyd olunanları nəzərə alaraq xahiş edirəm:

1. «Azpolitika.info» saytı mənim bu məktubumu olduğu kimi saytda yerləşdirsin.

Etibar Əliyevdən tələb edirəm:

2. «Hamlet İsaxanlını ləkələmək olmaz» adlı yazıda mənə qarşı yazılan qeyri-obyektiv hissənin çıxarılmasını təmin etsin.

3. 10-gün müddətində «Azpolitika.info» saytı vasitəsilə Az.QAC-ın əməkdaşlarından və məndən üzr istəsin.

Etibar Əliyev bu tələbləri yerinə yetirmədiyi halda, işgüzar nüfuzuma, şərəf və ləyaqətimə vurduğu zərərə görə müvafiq qanunvericiliyə uyğun olaraq, hüquqi müstəvidə bu məsələyə münasibət bildirilməyimə məcbur olacağam.

Hörmətlə,

Novruzəli Aslanov

Az.QAC-ın prezidenti,

Milli Məclisin deputatı”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar