TƏHSİL EKSPERTİ DEPUTATIN HƏDƏLƏRİNƏ CAVAB VERDİ- Açıq məktub

Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin “AzPolitika.info” saytında yayımlanmış son 2 müəllif yazısına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov məhkəmə hədələri ilə cavab verib. Bunu deputat Novruzəli Aslanov ekspert Etibar Əliyevin saytımızda yerləşdirilmiş

"Hörmətli Novruzəli müəllim!

Mən də Sizi “Novruz” bayramı münasibətilə təbrik edirəm!

İlk öncə məktubunuzdakı hədə-qorxu tonu heç xoşuma gəlmədi. Millət vəkili və Humanitar təşkilat rəhbərinə yaraşmayan tondur. Mən Sizi bu qədər emosional və səbirsiz bilməzdim. Siz, millət vəkili kimi anlamalısınız ki, bizim birimizin digərimizi tənqid etməyimiz ölkədə söz azadlığı və fikir plüralizmi ilə bağlıdır. Bu bizim müstəqil dövlətimizin hüquq fəlsəfəsindən irəli gəlir. Bəlkə siz bunu hələ dəyərləndirə bilmirziniz? İnanmıram. Yox, əgər belədirsə çox pis.

Yazırsınız ki, müsahibələrimdə işlətdiyiniz bir çox cümlələr fəlsəfi məna daşıyır və hesab edirsiniz ki, bu baxımdan da qarşı tərəf belə cümlələrin dərinliyinidə olan mənalara vara bilmir və bu baxımdan da özünün başa düşdüyü tərzdə, primitiv şəkildə izahını verir. Çox gözəl. Mən Sizə burada fəlsəfə sözünün mənasını, predmetini və fəlsəfi cərəyanları xatırlatmaq istəmirəm. Mənim fəlsəfədən və xüsusi istiqamət kimi təhsilin fəlsəfəsindən 10 –a yaxın kitabım var. Siz fəlsəfədən söhbət açırsınızsa gərək “fəlsəfi cümlələr” deyil, “fəlsəfi fikirlər, yaxud “fəlsəfi mülahizələr” anlayışlarını işlədəydiniz. Cümlədə yox, fikir və mülahizələrdə fəlsəfi məna axtarırlar. Məni qınamayın, mən Sizin öyündüyünüz cümlələrdə hələ də fəlsəfi məna tapa bilməmişəm. Buna görə məni məhkəməyə də verə bilərsiniz.

Siz deyirsiniz: «Mən işə maşınla gedib-gəlirəm. Kimsə avtobusla gedib-gəlir. Avtobusla işə gedib-gələn insandan artıq deyiləm. Sadəcə, bu, yaradanın məsləhətidir. Deməli, avtobusdan istifadə edən insandan daha artıq iş görməliyəm. Burada onu qeyd edirəm ki, mənim üzərimə bu həyatda çox böyük bir məsuliyyət qoyulmuşdur. Və bunun yerinə yetirilməsi üçün Yaradan mənə müvafiq şəraiti yaratmışdır. Mən də öz növbəmdə mənə bəxş edilən bu şəraitdən şüurlu surətdə istifadə edərək insanlara, xalqıma, dövlətimə təmənnasız xidmət etməliyəm. Çünki o avtobusda gedən insanlardan heç nə ilə fərqlənmirəm və onlardan artıq deyiləm”.

Hörmətli Novruzəli müəllim!

Əslində Milli Elmlər Akademiyasının, Universitetlərin əməkdaşlarının, orta məktəb müəllimlərinin 90 faizi avtobusla işə gedib - gəlirlər. Siz bu “fəlsəfi cümlələrinizlə” bizi ələ salırsınız? Onda belə çıxır ki, yaradan bizlərə maşında gedib-gəlməyi məsləhət görməyib? Bizim günahımız nədir görəsən? Burada Siz yaradanın adından sui-istifadə edirsiniz, hörmətli Novruzəli müəllim! Siz məndən üzr istəməyi tələb edirsiniz. Bəs avtobusa minən müəllim və alimlərdən kim üzr istəməlidir?

Mən əlimə qələm alandan heç kimin diqtəsi ilə yazı yazmamış, heç kimdən sifariş və maliyyə almamışam. Və sizinlə də heç bir qəsdi-qərəzliyim yoxdur. Sadəcə Siz ifadələrinizə fikir verin ki, tənqidə tuş gəlməyəsiniz. Siz həm istəyirsiniz ki, ictimai-siyasi xadim olasınız, həm də tənqid olunmayasınız? Dünyada baş verən prosesləri bilən adam kimi bunu niyə bilmirsiniz, görəsən? Siz Siyavuş Novruzovdan, Hadı Rəcəblidən, Fəzail Ağamalıdan, Elton Məmmədovdan, Nizami Cəfərovdan və başqalarından artıqsınız?

Mən sizin bioqrafiyanizdakı yol verilən bir xətanının tənqidini unutmuşdum. Vikipediyada verilmiş bioqrafiyanızda yazılıb: “Novruzəli Aslanov millət vəkili, Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorudur”. Bunu necə tənqid etməyəsən, Novruzəli müəllim! Niyə bu yanlışlığı aradan qaldırmırsınız? Fəlsəfə doktoru elmi dərəcəsi elmin müxtəlif istiqamətləri üzrə verilir. Akademiyanın da fəlsəfə doktoru olur? Mən fəlsəfə doktoruyam. Ancaq çalışdığım Elmlər Akademiyasının fəlsəfə doktoru deyiləm, böyük elmi işçisiyəm. Tənqid insana səhvlərini düzəltmək üçün lazımdır, Novruzəli müəllim!

Gəlirəm rəhbərlik etdiyiniz Qızıl Aypara Cəmiyyətinə. Mən şəxsən dəfələrə “Əli və Nino” kitab şəbəkələrində və digər yerlərdə Qızıl Ayparanın qutularına müəyyən məbləğlərdə pul daxil etmişəm. Çünki bu təşkilatın adında həqiqətən də xeyriyyəçilik assosiasia olunur. Və bu səbəbdən şəffaflıq barədə sizə suallar verə bilərəm. Mən Sizin təşkilatı yox, təşkilatın saytını tənqid etmişəm. Bu saytdan sizin fəaliyyətiniz zərrə qədər görsənmir. Diqqətlə araşdırsanız, görərsiniz ki, mənim dediklərimdə həqiqət var. Siz bundan nəticə çıxarıb mənə təşəkkür etmək əvəzinə, məni və yazımın dərc olunduğu saytı təhdid edirsiniz.

Mən Sizin adınızı çəkdiyim yazılarımda dövri mətbuatda dərc olunmuş yazılara istinad etmişəm və faktlara söykənmişəm. Həmin materiallarla Siz də tanışsınız. Mənim hər iki yazımda məhkəmə predmeti yoxdur. Siz deputat, humanitar təşkilat rəhbəri və tanınmış ictimai-siyasi xadim kimi gərək belə şeyləri biləydiniz.

O, ki qaldı ikinci yazının çıxarılması məsələsinə, mən və sayt rəhbərliyi görüntü də olsa Sizin tənqidə dözümlülüyünüzü və tolerantlığınızı nəzərə alıb, bunu etdik. Amma deyəsən yanılmışıq.

P.S. Hörmətli Novruzəli müəllim! Haqqınızda yazılan yazı müəlliflərinə tərəfdarlarınızın təhqirlə cavab verməsinin qarşısını alın. İndi söyüş zəmanəsi deyil. Adama bu cür yarınmazlar.

Yeri gəlmişkən , mənim tənqidlərim haqlı deyildisə, niyə yazılardan sonra Qızıl Aypara Cəmiyyətinin saytına girişi dayandırdınız?

Hörmətlə; Etibar Əliyev

təhsil eksperti, fəlsəfə doktoru

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar