Bəylər Əyyubov Fərhad Əliyevin əmlakını ələ keçirib

Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri sabiq nazirə məxsus “Bakı Yoltikintiservis” ASC-nin torpaq sahələrində çoxmərtəbəli binalar tikdirib, onlarla ağır və bahalı texnikanı isə dəyər-dəyməzinə satdırıb...

Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki yol təmiri idarəsinin bazasında yaradılan səhmdar cəmiyyətlərindən biri də “Bakı Yol Mexanizasiya” ASC idi. Özəlləşdirmədən bir neçə il sonra o da “Sabunçu asfalt” ASC kimi əvvəlki ana şirkətə - “Bakı Yoltikintiservis” ASC-yə birləşdirildi. Bu barədə sehm.az saytı məlumat yayıb.

Saytın məlumatına görə, “Bakı Yoltikintiservis” ASC sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olub. Onun həbsindən sonra isə “Bakı Yol Mexanizasiya”nın ərazisi qeyrimüəyyən şəraitdə “əldən çıxıb”. ASC-nin 13 min 398,8 kvadrat metrlik torpaq sahəsində (onun 2 min 786 kvadratmetri tikinti altında idi) hündürmərtəbəli yaşayış evləri ucaldılıb. Təbii ki, bundan ASC-yə, onun səhmdarlarına hər hansı xeyir gəlməyib.

Bununla yanaşı, ASC-nin balans dəyəri 1 milyon 36 min manat təşkil edən çoxsaylı maşın və texnikası da mənimsənilib. “Bakı Yoltikintiservis” ASC-nin Sabunçu qəsəbəsindəki istehsalat sahəsində “Bakı Yol Mexanizasiya” ASC-yə məxsus aşağıdakı texnikalar “yoxa” çıxıb: “8 ədəd ekskavator; 11 ədəd buldozer; 6 ədəd vərdənə; 5 ədəd asfaltyayan; 4 ədəd avtoyükləyici; 2 ədəd qreyder; 9 ədəd dəzgah; 2 ədəd elektrik qaldırıcı; 2 ədəd qaynaq aqreqatı; 29 ədəd ”ZİL" avtomobili; 9 ədəd “KamAZ” ; 6 ədəd “MAZ”; 12 ədəd “KRAZ”; 1 ədəd “QAZ-66"; 5 ədəd ”QAZ-24" minik avtomobili; 4 ədəd “QAZ-31", eləcə də avtoçən, ”NİVA", “KAVZ” avtomobilləri və s.

“Yeni Müsavat” bununla bağlı maraqlı məlumatlar əldə edib. “Bakı Yoltikintiservis” ASC-nin səhmdarlarından biri redaksiyamıza bildirib ki, müəssisə həqiqətən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus olub: “F.Əliyev nazir işləyəndə ona məxsus bu qəbildən olan ASC-lər ”Azinşaat-holdinq"in tərkibində idi. Holdinqi F.Əliyevin ən çox etibar etdiyi şəxslərdən biri olan Natiq Şirinzadə idarə edirdi. Ancaq sabiq nazirin həbsindən sonra bu holdinqə daxil olan ASC-lər, o cümlədən “Bakı Yoltikintiservis” ASC onun nəzarətindən çıxarıldı. Ancaq bu, çox kobud bir formada həyata keçirildi. Yəni heç bir alqı-satqı müqaviləsi olmadan ASC-lərin torpaq sahələri zəbt edildi, həmin ərazilərdə çoxmərtəbəli binalar inşa edilməyə başladı. Proses bu günə qədər davam edir. N.Şirinzadə isə holdinqdən kənarlaşdırıldı. Hazırda onun fəaliyyəti məhdudlaşdırılıb. İndi o yalnız “Daş Salahlı Bentonit” ASC-nin Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərir".

Mənbənin bildirdiyinə görə, “Bakı Yoltikintiservis” ASC-nin torpaq sahələrini prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubov ələ keçirib: “Həmin ərazilərdə generala yaxın şirkətlər çoxmərtəbəli mənzil tikintisi ilə məşğul olurlar. Metronun ”20 Yanvar" stansiyasının yaxınlığında, Nəqliyyat Nazirliyinin inzibati binası ilə üzbəüz ASC-yə məxsus torpaq ərazilərində generalın çətiri altında olan tikinti şirkətləri 6-7 çoxmərtəbəli bina inşa ediblər. ASC-nin balansındakı torpaqlar üzərində tikilən bu binaları hətta dövlət komissiyasında da qeydə alıblar. Ancaq qanunvericiliyə görə, çoxmərtəbəli binaların dövlət qeydiyyatına alınmasının vacib şərtlərindən biri də torpağın həmin şirkətin mülkiyyətində olmasını təsdiqləyən sənədin mövcudluğudur. Yəqin ki, həmin tikinti şirkətləri saxta sənədlər düzəltməklə bu məsələni “çözə” biliblər. ASC-yə məxsus başqa ərazilərdə də yaşayış binaları tikilib. Məsələn, metronun “28 May” stansiyasının yaxınlığındakı ASC-yə məxsus torpaqlarda “Everton” MMC çoxmərtəbəli yaşayış binaları inşa edib".

Qaynaq onu da bildirir ki, “Bakı Yoltikintiservis” ASC-nin Sabunçu qəsəbəsindəki istehsalat sahəsində “Bakı Yol Mexanizasiya” ASC-yə məxsus “yox”a çıxan texnikanı da generalın adamları dəyər-dəyməzinə satıblar: “Məqsəd də budur ki, ASC-nin əmlakını mənimsəyib, sonra onu müflis elan etsinlər. Onlar ASC-nin mövcudluğunda, onun dirçəlməsində maraqlı deyildilər. Müəssisəni dirçəltmək üçün sərmayə qoymaq lazım idi. Onun yeni yiyələri müəssisənin torpaqlarını mənimsəyib pula çevirməyi qərara aldılar. Nəticədə nəhəng bir müəssisəni sözün bütün mənalarında məhv etdilər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar