Polşalılar ABŞ əsgərlərini xilaskar kimi qarşıladılar - FOTOLAR

Minlərlə polşalı küçələrə axışaraq, Şərqi Avropadan keçərək öz daimi dislokasiya mərkəzlərinə gedən ABŞ hərbi kolonunu xilaskar və qəhramanlar kimi qarşılayıblar. AzPolitika.info Qərb mətbuatına istinadla bildirir ki, uşaqlar zirehli transportyorların üstünə çıxaraq hərbçilərə müxtəlif hədiyyələr bəxş edib, yol kənarı boyunca düzülən adamlar amerikan əsgərlərini alqışlayıblar. ABŞ əsgərlərinin Polşada yüksək coşqu ilə qarşılanması hadisəsi, sanki İkinci Dünya Müharibəsinin sonunda Parisin azad edilməsi səhnəsini xatırladıb.

Hərbi kolonun keçdiyi ərazidə yaşayan sakinlərdən biri sevinclə bildirib: ”Bu həqiqətən də tarixi bir andır və baş verənlərin hamısı bizim üçün çox böyük əhəmiyyət daşıyır. İndi biz kimlər tərəfindənsə müdafiə olunduğumuzu görürük”.

Polşada sevinc, coşğu və alqışla qarşılanan Amerikan əsgərləri isə özlərini əsl kino ulduzu kimi hiss ediblər. Qeyd etmək lazımdır ki, bu hərbi kolon öz hərəkətini keçən həftə Estoniyadan başlayıb və Latviya ilə Litvanın ərazisini keçməklə, Polşaya çatıb.

Xatırladaq ki, ABŞ hərbçilərinin bazası Almaniyada yerləşir. Həmin ordu birləşmələri bu yaxınlarda NATO–nun hər hansı təcavüz qarşısında öz üzvlərini qorumaq proqramı çərçivəsində təlimlər keçiriblər. Şübhəsiz ki, həmin təlimlər əsas etibarı ilə Ukraynada baş verən hadisələrlə bağlıdır. Məlumdur ki, Qərb ölkələri Ukraynanın şərqində yaşananlarda Rusiyanın və şəxsən də Vladimir Putinin günahkar olduğunu söyləyirlər. Hazırda Baltik ölkələri və Polşa Rusiya prezidentinin siyahısında Ukraynadan sonra özlərinin ola biləcəyindən bərk ehtiyat edirlər.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar