VERGİ "ƏRZAQ KRALI"NDAN 50 MİLYON ALDI !!! - "Azərsun Holdinq”in aprel SÜRPRİZİ

“Sərbəst iqtisadiyyatda çomaq gücünə, dollar gətirib malı ucuzlaşdırmaqla irəli getmək olmaz. Ən doğru yol odur ki, camaatın işləməsinə, çörək qazanmasına şərait yaradılsın. Çalışan çoxaldıqca pul da ölkəyə çox gələr. “Azərsun” məhsullarının 50 faizi yerli xammala, 50-si də idxalata bağlıdır. Əgər, devalvasiya 35 faiz olubsa, bu bizə təxminən 20 faiz təsir göstərir. Bu da qiymətlərin bahalaşmasına təsirsiz qalmayacaq. Əlimizdə hələlik

xammal var. Buna görə də qiymətləri qaldırmırıq hələlik. Onları əridəndən sonra yavaş-yavaş qiymətləri qaldıracağıq. Bu təbiidir...”. Bu fikirləri bir-neçə həftə bundan əvvəl “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, ölkənin "ƏRZAQ KRALI" Abdulbari Gözəl bəyan etmişdi.

O, həmçinin bildirmişdi ki, rəhbərlik etdiyi şirkət manatın devalvasiyasından müəyyən qədər ziyan çəkir. Həmin vaxt A.Gözəl onların istehsal etdiyi yerli məhsulların 15-17 faiz bahalaşacağını istisna etməmişdi. O, dəqiq vaxt söyləməsə də, şirkətin İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək Departamentinin müdiri Afiq Səfərov qiymət artımının mərhələlərlə həyata keçiriləcəyini bəyan etmişdi. “Artımla bağlı konkret qiymət və vaxt müəyyənləşdirilməyib”, deyə bildirmişdi.

Ancaq deyəsən, Abdulbari Gözəlin çox gözləmək fikri yoxdur. Belə ki, hökumətə yaxın mənbələrdən “AzPolitika.info”-ya verilən məlumata görə, “Azərsun Holdinq” aprel ayının 1-dən ölkə daxilində satışa çıxardığı bütün məhsullarının topdansatış qiymətini artırmağa hazırlaşır. Artımın nə qədər olacağı ilə bağlı isə konkret bir rəqəm söylənilmir. Ancaq ilkin məlumatlara görə bu artım ən azı 30-40 faiz təşkil edəcək. Bəzi məhsulların qiyməti isə hətta 60-70 faizə qədər artırılacaq.

Qeyd edək ki, manatın devalvasiyası ilə bağlı ölkədə ərzaq məhsullarının bahalaşacağı gözlənilən idi. Hökumət təmsilçiləri buna imkan verilməyəcəyini bəyan etsələr də, xaricdən idxal olunan ərzaq məhsullarının qiymətində artım olacağına şübhə yoxdur. Eyni zamanda daxildə istehsal olunan ərzaq mallarının da böyük hissəsinin xammalı xaricdən gətirildiyindən, onların da bahalaşacağı gözləniləndi.

Təsadüfi deyil ki, deputat Vahid Əhmədov da, bahalaşmanın qaçılmaz olduğunu bəyan etmişdi.

Ancaq ərzaq mallarının qiymətinin birdən-birə 30-70 faiz həcmində artırılmasına ehtimal verilmirdi. Hətta, ölkənin ərzaq bazarının böyk hissəsinə nəzarət edən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəl də yuxarıda qeyd etdiyimiz kimi, devalvasiyanın onlara təxminən 20 faiz təsir göstərdiyini, bahalaşmanın isə 15-17% olacağını bildirmişdi. Sitat: “Bir məsələ də var ki, digər ölkələrdə də dolların qiyməti qalxıb. Bu o deməkdir ki, xammalın alışında elə də gücü fərq olmayacaq. Yəni əvvəl aldığımız xammalla indi aldığımız malın arasında dollarla hesablayanda elə də böyük fərq yaranmayacaq. Ona görə də böyük narahtlığa əsas görmürəm»”.

Bəs nə baş verdi ki, narahatlığa əsas görməyən Abdulbari Gözəl birdən-birə belə ciddi qiymət artımı qərarı verdi.

“AzPolitika.info”nu məlumatlandıran mənbənin sözlərinə görə, “Azərsun Holdinq”in aprelin əvvəlindən qiymət artımına getmək barədə qərar qəbul etməsi heç də təkcə manatın devalvasiyası ilə bağlı deyil. Daha dəqiqi, belə ciddi bahalaşma qərarında devalvasiyanın rolu sonuncu sırada dayanır. Əsas səbəb isə vergi və Avropa Oyunları ilə bağlı şirkətin xərclərinin kifayət qədər böyük olmasıdır.

Belə ki, neftin qiymətinin düşməsi ilə bağlı bu ilin büdcəsində yaranacağı gözlənilən böyük kəsiri doldurmaq üçün indidən qeyri-məhdud səlahiyyətlər verilən Vergilər Nazirliyi digər iri şirkətlər kimi, “Azərsun Holdinq”in də qapısını “bərk döyüb”. Mənbənin iddiasına görə, Vergilər Nazirliyinin tələbilə şirkət bir dəfəyə büdcəyə 50 milyon manat vəsait ödəyib. Ancaq bunun ötən illərdəki vergi güzəştlərinin qarşılığı olaraq alındığı bildirilib və ilin sonunadak şirkətin qapısının bir-neçə dəfə yenidən döyüləcəyinə dair xəbərdarlıq edilib.

Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda mətbuata açıqlama verən A.Gözəl vergilərin ağırlığından şikayətlənib: “İşçilərin vergi gücü artıqdır, bunu azaltmaq lazımdır ki, şirkətlər işçilərini rəsmiləşdirsin. Mən bunu bugünkü çıxışımda da dedim. İndi hər kəs düşünür ki, iki işçim azalsın, maya dəyərim aşağı düşsün. Əgər bu vergilər yüngülləşdirilərsə, heç kim işçi saxlamaqdan qorxmaz. İndi işverən şəxs işçinin maaşı qədər də vergi ödəyir. Belə olmaz axı...”

Ancaq “Azərsun Holdinq”in necə deyərlər, dərdi yalnız vergi ilə bağlı deyil. Başqa gözlənilməz xərcləri də ortaya çıxıb. Belə ki, neftin qiymətinin düşməsi Avropa Oyunları ilə bağlı xərclərin də bir hissəsinin ayrı-ayrı iri şirkətlərin üzərinə yüklənməsinə səbəb olub. Bu şirkətlərdən biri də məhz “Azərsun Holdinq”dir.

“AzPolitika.info”nu məlumatlandıran mənbənin sözlərinə görə, Avropa Oyunlarına qatılacaq bir xeyli ölkənin idmaçılarının bütün xərcləri “Azərsun Holdinq”in üzərinə qoyulub.

Manatın devalvasiyası ilə bağlı gəlirləri əvvəlki illərə nisbətən azalan şirkət məhz belə böyük miqyasda artan xərclərini qarşılamaq üçün bazara çıxardığı məhsulların qiymətini bahalaşdırmaq qərarına gəlib. Mənbənin sözlərinə görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti şirkətin bu qərarına etiraz edib. Hətta buna imkan verilməyəcəyi bildirilib.

Ancaq Abdulbari Gözəl ölkə rəhbərliyinə müraciət edərək, şirkətin qiymət siyasətinə müdaxilə olunmamasını istəyib. Şirkətin aprelin əvvəlindən məhsullarını bahalaşdırmağa hazırlaşması göstərir ki, Gözəlin müraciətinə müsbət cavab verilib.

Qeyd edək ki, “Azərsun Holdinq”in qiymət artımına getməsi ölkənin ərzaq bazarında ciddi bahalaşmanın olacağını şərtləndirir. Məsələ ondadır ki, bu gün daxili bazarda satışa çıxarılan ərzaq məhsularının böyük hissəsi “Azərsun Holdinq”ə məxsusdur.

Məsələn, ölkənin yağ və şəkər bazarı böyük ölçüdə “Azərsun Holdinq”in nəzarətindədir. Qənd, şəkər tozu, qənnadı məmulatları ilə yanaşı, qarğıdalı, günəbaxan yağları və digər bir sıra bitki yağları bu şirkətin inhisarındadır. Bundan əlavə cay və duz istehsalı və idxalına da “Azərsun Holdinq” nəzarət edir.

Eyni zamanda daxili bazarda satışa çıxarılan konservləşdirilmiş tərəvəz, meyvə, ət və sair məhsulların, mürəbbə və kompotların da böyük hisəssi “Azərsun Holdinq” məhsullarıdır. Ya istehsal edir, ya da idxal.

Bir sözlə, “Azərsun Holdinq” ərzaq bazarında əsas inhirçı şirkətdir. Məhz bundan istifadə edərək "Azərsun Holdinq” heç bir iqtisadi səbəb olmadan da zaman-zaman süni qiymət artımına yol verib. Məsələn, şəkər tozu üçün istifadə olunan çuğundur yerli fermerlərdən uzun illərdir ki, 25-30 qəpikdən alınıb. Ancaq bu dövrdə enerji daşıyıcıları, vergi dərəcələri (hətta mənfəət vergisi 25 faizdən 20 faizə endirilib), işçilərin əməkhaqları sabit qalsa da, «Azərsun Holdinq» şəkər tozunun və qəndin topdansatış qiymətlərini dəfələrlə artırıb.

Qeyd edək ki, Azərbaycanda şəkər istehsal olunsa da, tələbatı ödəmədiyindən xarici dövlətlərdən də ölkəmizə məhsul gətirilir. Ölkənin şəkərə olan tələbatı 140 min tondur. Amma Azərbaycanda cəmi 36 min ton şəkər istehsal olunur. Tələbatın qalanı isə xaricdən gətirilən məhsul hesabına ödənilir. Bu məhsul əsasən Braziliya, İran, Rusiya və Finlandiyadan gətirilir.

Şəkər Azərbaycana xammal kimi gətirildikdən sonra "Azərsun"un İmişlidəki şəkər

zavodunda istehsal olunur. İqtisadi Tədqiqatlar Mərkəzi bir-neçə il əvvəl apardığı tədqiqatlarda göstərirdi ki, Azərbaycana şəkər tozu 28 qəpikdən daxil olur və təxminən gömrük rüsum dəyəri əlavə olunduqdan sonra 38 qəpik olur. Ancaq bazara bu məhsul təxminən 3 dəfə baha çıxarılır. Digər məhsullarla da bağlı təxminən eyni vəziyyətdir.

Bu isə şirkətin bazara istədiyi qiymətləri diktə etdiyini, ərzaq bazarında inhisarçı olduğunu göstərir. Ona görə də, “Azərsun Holdinq”in öz məhsullarını bahalaşdırma qərarı bütövlükdə daxili bazarda satılan ərzaq məhsullarının qiymətində ciddi artıma səbəb olacaq. Bu isə təbii ki, əhalinin aztəminatlı təbəqəsinin vəziyyətinə təsirsiz ötüşməyəcək. Ərzaq məhsullarının qiymətinin belə kəskin artırılması sosial narazılıqların da artmasına gətirib çıxara bilər. Seçki ilində bu, hökumətə lazımdırmı?

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar