Rüstəm İbrahimbəyov:”Milli Şuradakı dostlarım indi Bakıya gəlişimi qətiyyən istəmir”

“Vətəndaşlıqla bağlı sənədlərim hələlik qaydasında olmadığı üçün mən avqustun 1-də Moskvaya dönməliyəm. Milli Şura nə zaman mənim Bakıya gəlməyim haqqında qərar qəbul etsə, Azərbaycana onda gələcəm”. Bu sözləri Milli Şuranın Tiflis görüşündən sonra qurumun sədri Rüstəm İbrahimbəyov mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya vətəndaşlığından imtinası məsələsinə yaxın zamanlarda baxılacaq: “İndi vəziyyət elədir ki, mən Bakıya getsəm, durum heç də bizim xeyrimizə olmayacaq. Ona görə də biz bu məsələni işlər bizim xeyrimizə olana qədər yubadırıq. Milli Şuradakı dostlarım mənim indiki halda Bakıya gəlişimi qətiyyən istəmir. Ona görə də mən uyğun vaxta qədər gözləyəcəyəm”.

“Milli Şuranın nədən Bakıda, İstanbulda deyil, məhz Tiflisdə toplanması haqqında qərar verildi”, – sualını isə İbrahimbəyov belə cavablandırıb: “Bakıya gedişimlə bağlı durumu izah etdim. Tiflisi seçməyimə gəlincə, biz Gürcüstan kinematoqrafları ilə film çəkməyi planlaşdırırdıq. Yəni onsuz da mən Tiflisə gələcəkdim. Ancaq ən önəmlisi Azərbaycanın ilk Milli Şurası burada toplanaraq önəmli qərarlar veriblər. Yəni Tiflis bizim sevdiyimiz şəhərlər sırasında ona görə var ki, buradan Azərbaycanın inqilabi hərəkatı başlayıb. Yəni bu, bir ənənədir. Ona görə də Milli Şuranın 100 ildən sonra yenidən Tiflisdə toplaşması olduqca əsaslıdır”.

Bu məsələnin rəsmi Tiflislə Bakı arasında hər hansı problem yaradacağı isə Rüstəm İbrahimbəyova görə, az ehtimal olunandı: “Biz burada seçki haqqında danışırıq. Gürcüstanda isə seçki Azərbaycandakından fərqli olaraq heç də qorxulu bir məsələ deyil. Heç bir qanunsuz məsələdən danışmadığımıza görə, problemin olacagını da düşünmürəm”.

“Seçkilərərdə şansınızı necə qiymətləndirirsiniz” sualına cavabında R. İbrahimbəyov deyib ki, xalq bu seçkidə mütləq dəyişiklik istəyir ona görə də şansı böyükdür: “Azərbaycan xalqı öz hakimiyyətini qurmağa layiq, azad, ədalətli seçki keçirə biləcək bir xalqdır. Ancaq hakimiyyət hər dəfə seçkini saxtalaşdıraraq onun hüququnu tapdalayır. Biz çalışacağıq ki, bu hüququ xalqa qaytaraq”.

Seçkidə iştirakı mümkün olmasa, Milli Şuranın planlarına gəlincə, sədr deyib ki, əgər seçkidə iştirakı sonadək əngəllənsə, Azərbaycandakı qanunsuzluqlarla mübarizəsini davam etdirəcək: “Milli Şura yalnız seçki ilə bağlı deyil. Biz Azərbaycanda korripsiyaya, rüşvətə, ümumiyyətlə bu gün baş verən bütün haqsızlıqlara qarşı mübarizə aparırıq. Ona görə əgər seçkidə iştirakımız mümkün olmasa, digər sahələr üzrə fəaliyyətimiz davam etdirəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar