“Azərbaycan təhsilini kökündən dəyişəcək addım...”

Və ya əllə yazı yazmaqdan qurtulmaq “həsrəti”

Nadir İsrafilov, təhsil eksperti

“Qorxuram bir gün texnologiya insan münasibətlərinin önünə keçəcək və axmaq bir nəsil ortaya çıxacaq”

Albert Eynşteyn.

Sən demə, “kompüter texnologiyalarının inkişaf etdiyi bir dövrdə məktəblilərə əllə yazı yazmaq öyrədilməsi lazımsız bir proses və əlavə vaxt itkisi imiş, əllə yazı qaydalarının öyrədilməsi üçün xeyli vaxt sərf olunur. Bundan başqa, kağız, qələm, karandaş və s. vasitələr lazım olur”. Bu və buna bənzər fikirləri eşidəndə bir daha əmin olursan ki, “qulaq gündə bir söz eşitməsə, kar olar” el məsəli əbəs yerə deyilməyib.

Yazılı və elektron mediada “Təhsildə şok yenilik - əllə yazı ləğv olunur”, “Təhsildə ağlasığmaz yenilik - əl yazısı ləğv olunacaq”, “Təhsildə gözlənilən yenilik - məktəblərdə əllə yazı ləğv oluna bilər”, ”Azərbaycan təhsilini kökündən dəyişəcək addıma az qalıb” və s. bu kimi xəbər başlıqları istər-istəməz mənə illərdən bəri televiziya ekranlarından düşməyən “Evləri köndələn yar” tamaşasındakı Şakir Şəkəroviçın “bir dütdülü dərmandır mənim üçün” arzusunun çin olması münasibəti ilə nərd tərəfdaşının onu təbrik etməsinə məyus cavabını xatırlatdı: “Eh, Surxayzadə... Nə qoyub, nə axtarırsan? Dünyanın işinə bir bax, gör məni nə ilə təbrik edirlər... Dütdülüynən!”.

Sanki, əllə yazı yazmaqdan qurtulmaq həsrətimizin, nəhayət, çin olması sevincini yaşayırıq.

”Azərbaycan təhsilini kökündən dəyişəcək addıma az qalıb” kimi “şok yenilik”dən belə çıxır ki, təhsilimizin bütün bəlalarına səbəb elə əllə yazmaq imiş və bunun ləğv olunması təhsilimizin özünə gəlməsində bir dirçəltmə eleksiri rolunu oynayacaq. Nə var-nə var bu gün bəzi dünya ölkələrində, xüsusilə də Avropadakı məktəblərdə əllə yazının ləğv edilməsi fikirləri ortaya çıxıb.

Elə dünyanın və həmin Avropanın bir çox ölkələrində məktəblilərə ev tapşırığı verməyib, tədris materialını elə məktəbdəcə şagirdlərə mənimsədib, onlara evdə asudə vaxtlarını səmərəli təşkil etmək, uşaqlıq və yeniyetməlik həyatını mənalı keçirmək üçün şərait yaradırlar. Rusiyalı deputatlar da şagirdlərin ev tapşırıqlarının azaldılması təklifi ilə Dumaya müracıət edib. Bu səbəbdən də Təhsil və Elm Nazirliyi qanunverciliyə dəyişiklik etməlidir. Nədənsə, bunu “gözlənilən yenilik”, “köklü dəyişiklik” hesab etməyib, sakitliklə üstündən keçirik.

Bəli, təkzib olunmaz faktdır ki, təkcə dünyada və Avropada deyil, elə Azərbaycanın özündə də müasir texnologiyalar əllə yazını sıxışdırıb, əl yazısından az istifadə olunur. Məktəblərə qəbul belə elektron qaydada aparılır, dərsliklər planşetlərlə əvəz olunur, SMS vasitəsilə qarşılıqlı əlaqə qurulur, imtahanlar kompüter vasitəsi ilə götürülür, bir sözlə, canlı ünsiyyət getdikcə virtual asılılığa çevrilir. Lakin bu, o anlama gəlmir ki, əl yazısının ləğvinə dair hökm çıxaraq. Bunu zaman özü öz zamanında diktə edəcək. Zamanı qabaqlamaq isə mümkün olan şey deyil, çünkı zaman bizdən sürətlidir.

Yaponiya kimi inkişaf etmiş bir ölkədə artıq onilliklərdən bəri uşaq bağcalarında tərbiyə alan uşaqlar istədikləri və təsəvvür etdikləri şəkilləri kompüter vasitəsi ilə çəkirlər. Lakin bu ölkə mürəkkəb və son dərəcə qəliz heroqliflərini dünyada daha müasir və mükəmməl hesab olunan yazı nümunələri ilə əvəz etməkdən imtina edir. Dünya alimləri Misir ehramlarında günümüzədək mühafizə olunub saxlanılan mixi yazılarının sirrini acmaq üçün uzun illərdən bəri baş sındırırlar. Elə dünya elminə əvəzsiz töhfələr vermiş, yeni texnologiyaların korifeylərindən sayılan Albert Eynşteyn sonralar əbəs yerə etiraf etməyib ki, mən atomu insanlığa xidmət üçün tapdım, onlar bomba edib bir-birilərini yox etdilər.

Sözümün canı odur ki, biz nədənsə dünyada baş verən istənilən bir prosesə dərhal reaksiya vermək və bunu yenilik kimi qiymətləndirib, tətbiq etməyə bir az meylliyik. Biz deyəndə, digər sahələrlə işim yoxdur, elə təhsil sahəmizi nəzərdə tuturam. Özümə zəhmət verib bəzı məqamlara toxunmaqda məqsədim yalnız ondan ibarətdir ki, birdən caşıb, “provakasiyaya uyub”, növbəti tələskənliyə yol verib, məktəblərimizdə əllə yazı yazmağın ləğv olunması barədə qərar çıxarar, problemlərimizin üstünə daha bir problem əlavə edərik.

Çünki bir vaxtlar inteqrasiya deyib, birdən-birə test tətbiqinə elə qurşandıq ki, təhsil alanlarımızı bir növ canlı robota cevirərək, onları yazı-pozu vərdişlərindən məhrum etdik. İmtahan prosesində biliyin hansı formada qiymətləndirilməsi sistemini müəyyənləşdirərkən, pedaqogika və metodikanın testin-qavramaya, şifahi imtahanın-nitq, yazılının-yazı vərdişlərinin inkişafına xidmət etməsinə dair qanunauyğunluqlarını nəzərə almadıq. İndi isə testləri açıq və qapalı kateqoriyalarına bölməklə, vəziyyətdən çıxış yolu axtarırıq, hərəmiz fərqli imtahan formasından istifadə edərək, yaxın gələcəkdə vahid imtahan qaydaları hazırlanacağı barədə vədlər veririk.

Ötən il Almaniya və Kanadada yaşayan müəllimlərimizdən hansısa və ya hansılarsa qazetlərdən birinə müsahibə verərək bu ölkələrdə köməkçı müəllimlərin fəaliyyəti barədə fikir bildirmışdilər.

Müzakirəyə qoşulan bizim müəllimlərdən bir neçəsi də köməkçi müəllimlərə bizdə də böyük ehtiyac olduğu fikrini dəstəkləyərək, bunun zəruriliyini onunla əsaslandırdılar ki, bəzən ibtidai siniflərdə 25-30 şagirdlə işləmək çətin olur. Niyə hər sinfə 30-40 və daha artıq şagird yığmalıyıq ki, sonra da gileylənək? Bir halda ki, qanun siniflərin komplektləşdirilməsini 20 nəfərdən ibarət müəyyənləşdirib. Maşinist köməkçisi, usta köməkçisi, nazir köməkçisi eşitmişdik, müəllim köməkçisinin də şahidi olduq. Sonra məlum oldu ki, köməkçilərdən artıq bir neçə özəl məktəb və liseylərimiz istifadə edir. Belə yerdə deyiblər; sən ağa, mən ağa...

Deyəsən mətləbdən bir az uzaqlaşdıq. Əl yazısı qalacaq və ya aradan çıxacaq, artıq deyildiyi kimi bunu zaman göstərəcək, daha doğrusu, bunu biz etməyək, zamanın öhdəsinə buraxaq.

Çalışaq, Albert Eynşteynin "Vaxt gələcək, texnologiya gənclərin bütün həyatlarını ələ keçirəcək və axmaq bir nəsil yetişəcək" kimi xəbərdaredici və pessimist proqnozunun baş verəcəyı zamanı mümkün qədər ləngidək.

.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar