Rusiya SOCAR üçün tarifləri kəskin artırır - 31 faiz

Rusiyanın Federal Tarif Şurası Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin tariflərini kəskin artırır.Virtualaz.org saytı şuranın rəsmi saytına istinadən xəbər verir ki, kəmərlə 1 ton neftin nəqlinə görə tarif 149,95 rubl (31 faiz) artırılacaq və ƏDV xaric 634,54 rubl (bu günə olan kursla təxminən 11 dollar) təşkil edəcək.

Bu tarif Azərbaycan-Rusiya sərhədindən Novorossiysk limanına qədər qüvvədədir. Yanvarın 1-dən bu yana Azərbaycan neftinin şimal marşrutu ilə nəqli üçün tranzit haqqı 489,59 rubl təşkil edirdi.

Azərbaycan Bakı-Novorossiysk kəməri ilə 1997-ci ildən bu yana neft nəql edir. 2014-cü ildə SOCAR Novorossiysk limanından 932 min 155 ton neft yola salıb. Bu ilin yanvar-fevral aylarında isə şirkət kəmərlə 254 min 314 ton neft nəql edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49,9 faiz çoxdur.

Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqli həmişə problemli və mübahisəli olub. Rusiyanın magistral neft kəmərlərinin operatoru “Transneft” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan bu kəmərlə ildə 5 milyon ton neft nəql etməli idi. Lakin Bakı-Novorossiysk kəməri ilə nəql edilən Azərbaycan neftinin həcmi heç vaxt bu həcmə çatmayıb. 2013-cü ilin mayında isə Rusiya hökuməti Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair bağlanmış müqaviləni ləğv etmək haqda qərar vermişdi.

SOCAR isə bəyan edirdi ki, Bakı-Novorossiysk kəməri ilə neft nəqlindən imtina edir. Çünki SOCAR-ın hasil etdiyi neft bütünlüklə emala yönəldiləcək. Şirkət bunu ölkə daxilində neft məhsullarına tələbatın artması ilə izah edirdi. 2014-cü ilin əvvəllərində - müqavilənin müddətinin başa çatmasına az qalmış “Transneft” şirkəti kəmərin Dağıstanın Azərbaycanla sərhədindən başlayan hissəsini sökməyə hazırlaşırdı ki, vəziyyət qəfildən dəyişdi.

SOCAR-la “Transneft” gözlənilmədən anlaşma əldə etdiklərini və kəmərlə neft nəqlini uzatmağa qərar verdiklərini açıqladılar. Beləliklə, Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqli davam etdi, ancaq yeni müqavilənin şərtləri dəqiq bəlli deyildi. Həmçinin tranzit tarifləri və illik neft nəqli həcmi açıqlanmırdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar