Ankarada Hüseyn Cavidin əsərlərinin təqdimatı keçirilib - FOTOSESSİYA

Martın 27-də Ankara Universiteti və Azərbaycanın Ankaradakı səfirliyinin birqə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş “Hüseyn Cavidin düşüncə dünyası və əsərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, prezident administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Ankara Universitetinin rektoru, professor Erkan İbişin iştirakı ilə keçirilən mərasimdə Ankara Universitetinin tələbə və müəllim heyəti, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Azərbaycandan gəlmiş geniş tərkibli nümayəndə heyəti, ədəbiyyatçılar, görkəmli elm və sənət adamları, mədəniyyət xadimləri iştirak ediblər.

Mərasimin açılışında Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Ankara Universitetinin rektoru professor Erkan İbiş, universitetin dekanı, professor Əbdülkadir Gürer, professor Sema Burutcu Özönderin çıxış ediblər. Hüseyn Cavidin şəxsiyyətinin ucalığı barədə dəyərli fikirlər söyləyən natiqlər, Cavidin əsərlərinin türk dünyasının ortaq sərvəti, ədəbiyyatımızın qürur və iftixar yeri olduğunu bildiriblər. Təqdim olunan kitabın Azərbaycan ədəbiyyatının təbliği sahəsində görülən işlər sırasında özünə layiqli yer tutacağı qeyd olunub.

Aktrisalar Samirə Məmmədova və Nigar Bahadurqızı Cavidin əsərlərindən parçalar səsləndirdikdən sonra konfrans iki bölümdə davam edib. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyevin “Hüseyn Cavid min illərin ədibidir”, “Kaspi” Təhsil Şirkətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “Hüseyn Cavid yaradıcılığında türkçülük fikri”, professor Əhməd Bican Ərcilasunun “ Hüseyn Cavidin ədəbi dili”, professor Yavuz Akpinarın “Türk ədəbiyyatı və Hüseyn Cavid ”, professor Ərdoğan Uyğurun “Hüseyn Cavidin əsərləri və düşüncə dünyası”, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turanın “Hüseyn Cavid dramaturgiyasının özəl xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib.

Məruzəçilər Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk tarixi şəxsiyyətlərimizin, o cümlədən ədiblərimizin tanıtdırılması ilə bağlı bu günümüzə və sabahımıza böyük bir irs miras qoyduqlarını diqqətə çatdırıb. Həmçinin, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətəni Azərbaycana gətirilməsi, Naxçıvanda dəfn olunması, məzarı üstündə möhtəşəm abidənin ucaldılması, adının əbədiləşdirilməsi, əsərlərinin kütləvi nəşri Heydər Əliyevin türk dünyası qarşısındakı tarixi xidmətləri sırasında olduğu qeyd olunub.

Konfransdan sonra Ankara Universitetinin tələbələri Hüseyn Cavid şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər. Sonda konfransdakı məruzələri ilə seçilən və mərasimin təşkilində fəal iştirak edən şəxslərə Azərbaycanının Türkiyədəki səfirliyi və Ankara Universitetinin xatirə hədiyyələri təqdim olunub. Qeyd edək ki, Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsində çəkdirdiyi şəkillərin, şairin zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil olunduğu 944 səhifəlik kitab “Kaspi” Təhsil Mərkəzi tərəfindən hazırlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar