"Elə bilirlər mətbuat bunların dədəsinin nökəridir"- “Hafka”ya cavab

Nəqliyyat sektorunun qeyri-rəsmi sahibi, dəmiryolu ilə neft daşınmalarına nəzarət ona tapşırıdıqdan sonra qısa müddətdə varlanan “Baghlan Group” şirkətinin və “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov son müsahibəsində yerli mediadan şikayətlənib. Xarici klublara 10 milyonlarla dollar vəsait yatıran, ancaq bu milyonların mənbəyini açıqlamayan "Hafka" ləqəbli oliqarxımız hətta özündən razı-razı jurnalistləin ona paxıllıq etdiyini də iddia edib. "Məni təəccübləndirən jurnalistlərin biganəliyidir. Bunları sizə və digər vətənpərvər həmkarlarınıza aid etmirəm. Özüm məəttəl qalmışam. Demə, jurnalistlər də adama paxıllıq edərmiş. Yaxşı, deyək ki, AFFA-dan kimsə paxıllıq edir, bəs jurnalistlər niyə paxıllıq edirlər, gördüyümüz işləri lazımi qaydada işıqlandırmırlar?"-deyə bildirib.

Hafiz Məmmədovun bu narazılığının səbəbi əslində başqadır.Fransanın “Canal+” telekanalı onun nə qədər "böyük işlər" gördüyünü bütün dünyaya yaydı. Hətta "Hafka"nın hədsiz qonaqpərvərliyi də onları həqiqətləri yazmaqdan çəkindirmədi. Hafiz Məmmədov fransız dilini bilsə də, necə deyərlər, fransızlarla "dil tapa" bilmədi. İndi də bunun açığını yerli mətbuatdan çıxır, medianı onun fəaliyyətini işıqlandırmamada günahlandırır. Adama deyən yoxdur ki, sənin biznes layihələrini mətbuat nədən pulsuz-parasız dəstəkləməlidlr.

“Komanda” qəzetinin redaktoru Natiq Muxtarlı da futbol.info-ya açıqlamasında elə bunu soruşub:

“Hafiz Məmmədovun juranilstlərdən şikayətlənməyə haqqı yoxdur. Azərbyacanda iş adamlarında, oliqarxlarda elə bir düşüncə formalaşıb ki, guya mətbuat bunların dədəsinin nökəridir. Bunlar hansı addımı atacaqlarsa, mətbuat da onu dəstəkləməlidir.

Anormal düşüncədir. Mətbuat Azərbaycandan milyonlarla manat vəsaiti İspaniya, Fransa futboluna yatıran Hafiz Məmmədovu dəstəkləməlidirsə, onda ayda 100 manat məvacib alan müəllimin, həkimin haqqını kim qorumalıdır? Mən başa düşürəm, ola bilsin Hafiz Məmmədov hesab edir ki, atdığı addım Azərbaycanın mənafeyinə xidmət edir, amma junalistin də başqa cür düşünmək haqqı var. Məmmədov İspaniyadakı, Fransadakı layihələrinin piarını aparmaq istəyirsə, ən azı Azərbaycan mətbuatı ilə işləməlidir. Bunu da onun komandasında olan şəxslər qurmalıdır. İndi biz neyləyək ki, Məmmədovun komandasında qeyri-peşəkarlar təmsil olunur və onlar mətbuatla əməkdaşlıq edə bilmirlər?! Ayda 200-300 manat məvacib alan jurnalistin milyonları İspaniya və Fransaya daşıyan Hafiz Məmmədovu təbliğ etmək kimi öhdəliyi yoxdur. Burada Azərbaycanın adını qabardıb saxta vətənpərvərlik şivəni qaldırmaq da yersizdir. Vətənpərvər iş adamı əvvəlcə rəzil durumda olan Azərbaycan idman mətbuatının inkişafına yardım etməli, sonra da inkişaf etmiş İspaniya, Fransa futbolunun daha da çiçəklənməsinə yatırım qoymalıdır. Azərbaycanın inkişafı onun mətbuatından, təhsilindən başlamalıdır. Hafiz Məmmədov indiyə qədər bu yöndə hansı işi görüb ki, indi jurnalistlərdən küsür?”

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar