SOCAR dəbdəbəli kurortun tikintisini 2018-də başa çatdıracaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci ilin əvvəlinə Monteneqroda dəbdəbəli kurortun tikintisini başa çatdıracaq. Bu barədə Monteneqronun Bakıdakı səfiri Branko Miliç bəyan edib.

2012-ci ildə Monteneqroda keçmiş hərbi obyektin 90 il müddətinə icarəsi üzrə tenderin qalibi “Triangle Investments and Development Limited” şirkəti tərəfindən təmsil olunan SOCAR şirkəti olub. Layihənin Monteneqroda reallaşdırılması məqsədilə Azərbaycan tərəfi “Azmont Investments” MMC təsis edib. Kurort kompleksi Kumbor şəhərində Boko-Kotor körfəzinin sahilində köhnə kazarmaların yerində yerləşəcək. Yeni kompleks imkanlı müştərilər üçün nəzərdə tutulan “One&Only” kurortlar şəbəkəsinə daxil olacaq. Monteneqrodakı otel Avropada bu şəbəkənin ilk layihəsi olacaq.

“Bu kompleksin tikintisi 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində başa çatacaq”, - deyə B.Miliç bəyan edib.

Səfir vurğulayıb ki, diplomatik münasibətlərin qurulduğu 2008-ci ildən Bakı ilə Podqoroditsa arasında iqtisadi əlaqələr dinamik inkişaf edir.

“Ötən il SOCAR 500 mln. avro investisiya yatırıb. Əminəm ki, bu, xaricdə Azərbaycan sərmayələri əsasında uğurlu layihələrdən biri olacaq”, - deyə diplomat vurğulayıb.

B.Miliçin sözlərinə görə, kurort mövsümünün başlaması ilə əlaqədar ölkələr arasında birbaşa aviareyslər həyata keçiriləcək.

“İyunun 25-dən başlayaraq həftədə bir dəfə uçuşlar həyata keçiriləcək. İyul ayından etibarən isə reyslərin sayı həftədə iki dəfəyə qədər artırılacaq”, - deyə o qeyd edib.

VİZA REJİMİNİ LƏĞV EDİB

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin intensivliyi və dinamikasını nəzərə alaraq, Monteneqro hökuməti Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib.

“Bundan sonra Azərbaycan vətəndaşları Monteneqroda vizasız 90 günə qədər qala bilərlər”, - deyə diplomat bildirib.

O, həmçinin vurğulayıb ki, “Cənub Qaz Dəhlizi”, o cümlədən Trans-Anadolu qaz kəməri (TANAP) layihələrinin reallaşdırılması Azərbaycan və Monteneqro arasında yeni biznes imkanları yaradır.

"AZƏRBAYCANDA SƏFİRLİK AÇMAĞI PLANLAŞDIRIRIQ"

Monteneqronun Azərbaycandakı yeni səfiri Branko Miliç ölkəsinin Bakıda səfirliyin açılmasında maraqlı olduğunu bəyan edib.

“Monteneqro bütün dünyada diplomatik şəbəkəsini genişləndirən kiçik ölkədir. Biz Azərbaycanda səfirlik açmağı planlaşdırırıq”, - deyə B.Miliç deyib.

Diplomat Monteneqronun Azərbaycanda səfirliyinin artıq 2016-cı ilə qədər açılacağını istisna etməyib.

“Münasibətlərimizin dinamikasını nəzərə alaraq, bu, yaxın gələcəkdə baş verə bilər. Bunun gələn il baş tutması mümkündür”, - deyə o vurğulayıb.

“Münasibətlərimiz dostluğa əsaslanır, çox yaxşıdır. İntensiv siyasi dialoq aparırıq. Qısa müddətdə iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişafının əsaslı təməlini qoymuşuq”, - deyən səfir əlavə edib ki, ölkələr arasında diplomatik münasibətlərin əsası 2008-ci ildə qoyulub. /“İnterfaks-Azərbaycan”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar