Olland kimi Putinin İrəvandan Bakıya gəlişi mümkündürmü?

Fransa prezidenti Fransua Olland qondarma “erməni soyqırımı”nın “100 illiyi” ilə bağlı tədbirdə iştirak etmək üçün aprelin 24-də Ermənistana gələcək. Bir gün sonra-aprelin 25-də isə Ollandın İrəvandan Bakıya səfər edəcəyi barədə rəsmi xəbər yayılıb.

Aprelin 24-də Rusiya prezidenti Vladimir Putin də eyni məqsədlə İrəvana səfər edəcək. Lakin Putinin İrəvandan Bakıya gələcəyi barədə xəbər yayılmayıb. Verilən rəsmi xəbərlərdə bildirilir ki, Putinin İrəvan səfərindən istifadə edərək Serj Sərkisyanla Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə edəcək.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri hesab edir ki, Fransa prezidenti Qarabağ probleminin həlli istiqamətində təşəbbüsü yenidən ələ almaq istəyir. İrəvandan Bakıya gəlişi də daha çox bununla bağlıdır. Eyni zamanda Fransa Avropa Birliyinin aparıcı ölkəsi olaraq Azərbaycanla münasibətlərə ciddi önəm verir. Səfər həm də bunun nümayişidir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazın strateji ölkəsidir və Azərbaycan həm də Qərbin, xüsusilə Avropa Birliyinin enerji təhlükəsizliyi məsələsində artıq çox ciddi mənada rol almaqdadır. Fransa prezidentinin Bakıya səfəri də bununla bağlıdır. Fransa dövlətinin Azərbaycanda çox ciddi maraqları var. Bu həm iqtisadi, həm siyasi yöndə maraqlardır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyəti ilə Fransa hakimiyyəti arasında çox sıcaq münasibətlər mövcuddur. Ən nəhayət, nəzərə almaq lazımdır ki, məhz Ollandın təşəbbüsü ilə iki prezidentin görüşü təmin olundu. Ancaq buna baxmayaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi heç bir müsbət nəticə əldə etməyə imkan vermədi. Erməni təxribatı ilə görüşün müəyyən nəticələri yenə də sıfıra endirildi. Ollandın Bakıya növbəti səfərini daha çox Qarabağ probleminin müzakirəsi kontekstində düşünmək lazımdır. Çünki Ermənistanda Fransa prezidenti Qarabağ problemini müzakirə edəcək. Təbii ki, Ermənistanda olan Rusiya prezidenti Putinlə də bu çək-çevir ediləcək. Yəni bir növü Ukrayna prosesləri kontekstində Dağlıq Qarabağ probleminin də çözümü gündəliyə gələcək. Ona görə də düşünürəm ki, Azərbaycana səfər birbaşa Dağlıq Qarabağ problemi ilə bağlı məsələdir”.

Politoloq onu da dedi ki, ancaq bu səfərdən irəliyə gedən nəticələr çıxarmaq və müsbət hansısa addımların olacağını düşünmək əbəsdir: “Çünki Rusiya Dağlıq Qarabağ probleminin həllində maraqlı və həvəsli deyil. Həm regionda, həm də qlobal səviyyədə gedən proseslər Qarabağ probleminin həllini hələlik mümkünsüz edir. O nöqteyi-nəzərdən Ollandın növbəti səfəri sadəcə olaraq protokol xatirinə ediləcək səfərdir və Dağlıq Qarabağ probleminin həllində hansısa irəliləyişlər əldə etmək üçün sıradan bir cəhd olacaq”.

Ollandın atdığı addımı nədən Putinin də təkrarlamamasına gəlincə, ekspertin sözlərinə görə, Putin İrəvandan Bakıya ona görə gəlmir ki, ortada ciddi bir proses yoxdur: “Putin Azərbaycandan istədiklərini hələlik ala bilməyib. Yaxın perspektivdə ala biləcəyi də mümkünsüz görünür. Putin Azərbaycanı Avrasiya İttifaqına qoşmaq istəyirdi, lakin alınmadı. Avrasiya İttifaqı sanki bir ölü uşaq kimi doğuldu. Avrasiya İttifaqını diriltmək və Avropa İttifaqına alternativ kimi təqdim etmək cəhdləri var. Amma reallıqda Avrasiya İttifaqının ciddi perspektivi görünmür. Belə olduğu təqdirdə bu gün Azərbaycanın Avrasiya İttifaqına cəlb olunması prosesi də arxa plana keçirilib və Putinin Bakıya indiki vəziyyətdə gəlməsi üçün stimul verəcək proses yoxdur. Dağlıq Qarabağ probleminin həllində maraqlı olmaması da Putinin İrəvandan Bakıya gəlməməsinə səbəb olan amillərdən sayıla bilər. Şərait uyğun olmadığı üçün Putinin bu gün Azərbaycana gəlişinin anlamı yoxdur. Rusiya prezidenti də vəziyyətə uyğun davranır. Rusiya hələlik gözləmə mövqeyindədir”. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar