"MƏNİ BUNLAR TUTDURUB..." - "AMAY Abdulla" yenə "od püskürdü" - YENİLƏNİB

45Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Sahibkarlıqa Kömək Fondunu nümayəndəsi, sektor müdiri Emin Nəzərov ifadə verdi.

Fond işçisi ifadəsində deyib ki, 2006-2008-ci illər üzrə ”Birlikbank”a ayrılan kreditlər təyinatı üzrə istifadə edilməyib. Bugünkü tarixə bankın fonda 3 milyon 986 min manat əsas borc, 923 min manat cərimə, 138 min manat faiz borcu var. Fond hazırda pu məbləği tələb edir.

Prokurorun suallarını cavablandıran Emin Nəzərov bildirib ki, Sahibkarlığa Kömək Milli Fondu sahibkarlar üçün kreditlər ayırıb, “Birlikbank”ın vəzifəsi müvəkkil bank təşkilatı kimi müqavilə bağlayaraq, həmin kreditləri müştərilərə vermək olub.

FOND NÜMAYƏNDƏSİ SUALLARI CAVABSIZ BURAXDI

Fond nümayəndəsi vəkillərin suallarını cavablandırmaqda çətinlik çəkib. "Azadlıq" radiosunun məlumatına görə,  Əksər suallara "dəqiqləşdirib növbəti prosesdə cavablandıraram" kimi cavablar verib.

Vəkil Əkbər Bağırov:

-"Fond hansı səbəbdən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etdi?

Nümayəndə:

- Müqavilə öhdəliklərində nəzərdə tutulmuş ödənişlər gecikdirildiyi üçün.

Vəkil Əkbər Bağırov:

- Xahiş edirəm ki, hüquq pozuntusunun yaranması zamanı hansı addımların atılmalı olduğunu, bu prosesin necə aparıldığı barədə ətraflı məlumat verin...

Abdulla Abdullayev:

- Xahiş nədir, cənab vəkil, siz ondan tələb edin. Mən bunların əməlinə görə burada oturmuşam...

Vəkil:

- Abdulla müəllim, tələb də edə bilərik, amma Emin müəllimlik burda bir şey yoxdur. O sadəcə nümayəndədir, özü də savadlı oğlandır, xahiş edirik cavab versin...

Emin Nəzərov (üzünü hakimə tutaraq):

- Hörmətli hakim, mən bilmək istəyirəm ki, ittiham ümumi kreditlərin məbləği ilə bağlıdır, yoxsa, borc hissəsi üzrə?

A.Abdullayev:

- İnsan taleyi həll etmisiniz, indi soruşursunuz ki, ittiham nə üzrədir? Yalandan şikayət etmisiniz Korrupsiya İdarəsinə...

"MƏNİ BİR İŞƏ GÖRƏ İKİ DƏFƏ CƏZALANDIRIRSIZ?"

Sonra Abdulla Abdullayev “Birlikbank”la Fond arasında olan müqavilələr, onların müddəti, öhdəlikləri və sair suallarla müraciət edib. Nümayəndə sualları yenə cavabsız buraxıb və bildirib ki, dəqiqləşdirmələr aparmadan heç nə deyə bilməz. Prokuror isə bu sualların çoxuna etirazını bildirdi:

- Abdulla müəllim 2006-cı ildən bu tərəfə Fonddan götürülmüş kreditlərlə bağlı suallar verir. Mən bu suallara etiraz edirəm. çünki həmin kreditlərə görə məhkəmə olub və hökm var.

Abdulla Abdullayev:

- Düz deyirsiz, məhkəmə hökmü var. Bəs o zaman mən bir məsələyə görə iki dəfə niyə cəzalanmalıyam? Həmin iş üzrə yaranmış borcla bağlı məhkəmə hökmünə əsasən, fonda əmlak təqdim edilib. Həmin əmlak pul deyil? Əmlakı məhkəmə onların sərəncamına verib. İş də icraya yönəlib. İndi mən bilmək istəyirəm, əgər mənim borcum var idisə, niyə bankın özünə, icra xidmətinə müraciət edilmədən birbaşa hüquq-mühafizə orqanına müraciət edilir?

Fond nümayəndəsinin sualları cavabsız buraxması təqsirləndirilən şəxsi özündən çıxartdı: "Bu adam demək olar ki, heç bir sualıma cavab vermədi. Burda insan taleyi həll olunur. Şikayət ediblər, məni durda oturdublar, indi də nə soruşuram, Deyir, bilmirəm. Necə yəni, bilmirəm? Dövlət ittihamçısı da ona vəkillik edir. Sizinləyəm, hörmətli prokuror... Niyə vəkillik edirsiniz? Birləşib törətmisiniz bu cinayəti? Bunlar hələ uşaqdır. Mən tərbiyəli adamam, amma emosionalam. Xahiş edirəm, bəzi məsələlərə incə yanaşın. İnsanda şərəf yaxşı şeydir. Düzdür, danışıram, amma bilirəm ki, boş şeylərdir. Bunlar haradan o qənaətə gəldilər ki, kreditlərin verilməsində qanun pozuntusu yaranıb? Məhkəməyə sənəd təqdim etsinlər monitorinqin nəticələri ilə bağlı, görək nə hüquq pozuntusu olub? O boyda A.M.A.Y.-a 57 milyon qiymət qoydular. O qiymətlındirməni Korrupsiyaya qarşı Mübariz İdarəsinin təyin etdiyi auditor aparıb. Məni bunlar tutdurub - Sahibkarlığa Yardım Fondu və Korrupsiya İdarəsi. Mən fonda olan 3.4 milyon borcumu ödədim, amma borcumu ödəməyimlə bağlı mənə bir sənəd verilmədi. Fonddan dedilər ki, biz korrupsiyanın sifarişi ilə müraciət etmişik, ona görə də elə sənəd verə bilmərik. Mən fonda olan borcumu ödədim, 3 gün sonra leqallaşma ilə bağlı mənə qarşı əlavə ittiham verildi”.

Hakim fondun nümayəndəsinə verilmiş sualları cavablandırmaq üçün növbəti prosesdə də iştirak etməsini tapşırdı.

Sonra Müşfiq Nəcəfov zərərçəkən qismində ifadə verdi. O, ifadəsində “Xudafərin MMC”-dən ev aldığını, təmir etdirdiyini bildirdi. İstintaq onu zərərçəkmiş kimi tanıyıb. Amma M.Nəcəfov bu iş üzrə heç bir zərər çəkmədiyini dedi. Məhkəmə prosesi aprelin 2-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər. A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.

Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

-------------------

88536_res_01Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.Prosesdə A.Abdullayev çıxış edərək, digər təqsirləndirilən şəxslərin heç bir günahı olmadığını, onun tapşırıqları ilə hər bir işi gördüklərini bildirib.

Xatırladaq ki, təqsirləndirilən şəxs qisminə məhkəmə qarşısına çıxarılanlar arasında Abdulla Abdullayevin özü ilə yanaşı, beş nəfər işçisi - Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Nadejda İlyasova da var. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Abdulla Abdullayev deyib ki, onunla yanaşı mühakimə olunan işçilərinin heç bir günahı yoxdur: "Onlara mənim həbsimə zəmin yaratmaq üçün ittiham verilib".

Təqsirləndirilən şəxslərdən Heydər Rzayev "Birlikbank"ın İdarə Heyətinin sədr müavini olub. O, ifadəsində bildirib ki, Abdulla Abdullayev bankın Müşahidə Şurasının sədri olub, lakin İdarə Heyətinin qərarlarına müdaxilə etməyib, onlara heç bir tapşırıq verməyib.

Heydər Rzayevin istintaqa ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət yaranıb. O, istintaqa ifadəsində deyib ki, Abdulla Abdullayevin tapşırığı ilə hərəkət ediblər.

Məhkəmədə ona bu ziddiyyəti xatırladanda Heydər Rzayev prokurorluqda verdiyi ifadənin yadında olmadığını bildirib. O, ifadəsində Abdulla Abdullayevin bankın idarə heyətinin qərarlarına aidiyyatı olmadığını, ondan heç bir tapşırıq almadıqlarını bildirib.

Bu cavabdan sonra hakim ona irad tutub: "Siz həmin ifadənin altına imza atmısız. Hər atdığımız imza isə daş altında yatan ilandır. Nə vaxt o daşı qaldırsan, həmin ilan səni çalacaq. Ona görə də hamımımz imzamıza hörmət etməliyik".

Bu məqamda Abdulla Abdullayev replika verərək bildirib ki, Heydər Rzayev qorxudan o cür ifadə verib: Bu Heydər ibtidai istintaqa ifadə verəndə müstəntiqdən quzu qurddan qorxduğu kimi qorxub".

Bu replikadan sonra Abdullayevlə məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Fərid Hağıyev arasında maraqlı dialoq yaşanıb:

- Bəs burada niyə əsmirlər?

- Burada qurd yoxdur axı...

Bundan sonra məhkəmə prosesində qısa fasilə yaranıb. "Azadlıq.info"nun məlumatına görə, fasilə zamanı Abdulla Abdullayev ölkədəki vəziyyətlə bağlı fikirlərini bölüşərək, Azərbaycanda qorxu mühiti yarandığını bildirib: "Azərbaycanda hamı qanun qarşısında cavadeh deyil. Hamı qanundan qorxmur. Hakim prokurordan, prokuror hakimdən qorxur. Jurnalistlər həqiqəti yazıb mənim günümə düşməkdən qorxurlar. Mən üzümə duracaq üzəduranlardan qorxuram. Yəni, hamı qorxur. Mən isə mübarizə aparacağam və mütləq bəraət alacağam. Bərəat almasam, ürəyim partlayar..."

Fasilədən sonra Heydər Rzayev vəkillərin suallarını cavablandırarkən bildirib ki, Sahibkarlığa Kömək Fondundan ayrılmış pullar "Birlikbank" tərəfindən müxtəlif müəssisələrə kredit şəklində verilib. Bu kredit müqavilələri isə müştəlilərlə Fond arasında yox, "Birlikbank" arasında bağlanıb. Bu baxımdan müştərinin Fond qarşısında heç bir məsuliyyəti yoxdur. Birlikbank"ın ləğvindən sonra qalan borclarının ödənilməsi ilə bağlı məsuliyyət isə Ləğvetmə Komissiyasının üzərindədir və Abdulla Abdullayevin bu məsələyə ilə də əlaqəsi yoxdur.

"Sahibkarlığa Kömək Fondunun iddiası əsassızdır. Çünki banka olan borcların əvəzində məhkəmə qərarı ilə banka əmlaklar təqdim edilib. Əgər icra xidməti həmin əmlakı vaxtında sataraq pulun ödənilməsini təmin etməyibsə, bu məsələdə günahkar biz deyilik", - deyə Heydər Rzayev qeyd edib.

O həmçinin vurğulayıb ki, AMAY-la heç bir əlaqəsi olmayıb və ittihamda yer alan mütəşəkkil dəstə də mövcud deyil.

Digər təqsirləndirilənlərdən "AMAY"ın kassiri olmuş Nadejda İlyasova, Elşən Nəzərov da dünən dindirilib.

Elşən Həzərov ifadəsində bildirib ki, özünü təqsirli bilmir və cinayət işini əsassız hesab edir. "Texnikabank"dan götürülən kreditlər haqda danışan Elşən Həzərovun sözlərinə görə, ümumilikdə 50 milyona qədər kredit olub: "Bankın özündən təklif elədilər ki, ayrı-ayrı hüquqi şəxslərin adına hissə-hissə götürülsün. Bunun da müqabilində əmlaklar girov qoyulub. Həmin əmlaklar aşağı qiymətlə qiymətləndirilirdi. Biz isə "AMAY"ın tikintisi üçün vəsaitə ehtiyacımız olduğundan razılaşmağa məcbur idik. Həmin vəsaitlər də təmir-tikinti işlərinə sərf edilib. Bankın işçiləri də bizdən pulun hara sərf ediləcəyini soruşurdular. Bildirirdik ki, kreditin məqsədi tikinti aparmaqdır..."

Bu zaman Abdulla Abdullayev yerindən replika verib: "Guya Etibar ("Texnikabank"ın Müşahidə Şurasının sədri Etibar Əliyevi nəzərdə tutur) bilmirdi ki, o pullar hara sərf olunur? Onlar pulu elə ona görə verirdilər də... Hörmətli hakim, bu Elşən Nəzərov mənim bacımın həyat yoldaşıdır. AMAY rəsmən onun adına olsa da, faktiki sahibi mən olmuşam. Mən nə demişəmsə, onu edib".

Elşən Həzərov dindirmə zamanı onu da qeyd edib ki, prokurorluqda iki dəfə ifadə verib, birində ümumiyyətlə, vəkili olmayıb, ikincisində isə dövlət hesabına təyin edilmiş vəkil iştirak edib. İstintaq zamanı prosessual pozuntularla üzləşdiyini deyən Elşən Həzərov bildirib ki, ona təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı təqdim olunmayıb, latın qrafikasını bilmədiyi halda, bu əlifba ilə yazılmış sənədlərə imza atdırılıb və s.

Abdulla Abdullayev isə məhkəmənin gedişində bir daha vurğulayıb ki, digər təqsirləndirilənlər onun tapşırığına əsasən fəaliyyət göstəriblər: "Yəni bir ağa vardı, o da mən olmuşam. Ağa nə deyibsə, o da olub. Banklarla müqavilələr müxtəlif firmalarla bağlanıb və pullar da qaytarılıb. Qaytarılmaması ilə bağlı hansısa iddia varsa, bu da mülki məsələdir və cinayət işinə aidiyyəti ola bilməz".

Məhkəmə prosesi dabah davam edəcək.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər. Onu da qeyd edək ki, yanvarın 29-da keçirilən iclas zamanı hakim Əfqan Hacıyev deyib ki, hazırda təqsirləndirilənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılır və o iş də bu cinayət işi ilə əlaqəlidir. Ə. Hacıyev bu səbəbdən hakim heyətinin özlərinin özlərinə etiraz verdiklərini açıqlayıb. Etiraz baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Həmin etiraza Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar