Rektor qızının döyülməsi işində yeni detallar - Qardaşlar vəkildən imtina edib

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsi faktı üzrə zəruri istintaq hərəkətləri aparılır. Bu barədə “Yeni Müsavat”a açıqlamasında Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirdi. Onun sözlərinə görə, bu istiqamətdə əlavə hər hansı bilgi olsa, bunu mətbuatla paylaşacaqlar.

H.İsaxanlı isə “Yeni Müsavat”ın müxbirinə açıqlamasında istintaqın hələ qurtarmadığını, bu səbəbdən də sözügedən mövzuda danışmaq istəmədiyini bildirdi. Amma rektor danışmama istəyini ilginc şəkildə əsaslandırdı: “Və mən heç bir vaxt müsahibə verməyəcəm, özü də ”Yeni Müsavat" qəzetinə. Hələ həyatım boyu elə olmayıb ki, mən hansısa mətbuat orqanı, jurnalistə açıqlama verməyim. Amma bu məsələdə mətbuatın reaksiyası biabırçı oldu. Ona görə də mən bundan sonra heç bir müsahibə verməyəcəm".

“Yeni Müsavat” mövzu ilə bağlı Ü.İsayevanın özü ilə əlaqə saxlamağa cəhd etsə də, buna nail olmayıb. Əldə etdiyimiz məlumata görə, rektorun qızı hazırda Koç Universiteti Anadolu Mədəniyyətləri Araşdırma Mərkəzindəki bir tədbirdə iştirak üçün Türkiyədədir.

Bu arada Ü.İsayevanı döyməkdə təqsirləndirilən Zaur və Elin Məmmədov qardaşları vəkillərindən imtina ediblər. Azvision.az-ın məlumatına görə, qardaşlar vəkilləri Pərviz Zamanlı və Cavid Alıyevlə əməkdaşlığa artıq son veriblər. Məmmədov qardaşları vəkillərinin fəaliyyətindən narazı olduqları üçün bu addımı atıblar.

Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bu arada Qardaşların anası Gulya Alaee isə dünən facebook profilində son hadisələrlə bağlı mövqeyini açıqlayıb. Cəmi bir neçə saat görünən bu status daha sonra silinib. Amma ananın statusunun mahiyyəti belə olub ki, insanlar məsələnin mahiyyətini bilmədən fikirlər səsləndirirlər. Xüsusən sosial şəbəkə və medianı qınayan ana statusunda şəxsi həyatın toxunulmazlığı ilə bağlı detala da diqqət çəkib.

Ü.İsayevanın keçmiş həyat yoldaşı Aydın Əhmədzadə musavat.com-a qısa da olsa danışıb. Bildirib ki, vaxtilə önəmli şəxs olsa da, bu ərəfədə keçmiş həyat yoldaşının həyatında heç bir rol və əhəmiyyət daşımır: “Daşımaq da istəmirəm. Biz ayrılmışıq,

vəssalam. Bütün söhbətlər kəsilib və nə qədər çalışsalar belə günahsız insanın rolunu heç bir şəkildə zornan isbat edə bilməzlər”.

A.Əhmədzadə keçmiş həyat yoldaşının döyülmə videosunun yayılmasında rolu olması barədə ittihamları qətiyyətlə rədd etdi. Dedi ki, bunlar əsassız və təxribat dolu fikirlərdir: “Hamlet müəllim (H.İsaxanlını nəzərdə tutur) isə müsahibəsində söyləyib ki, heç bir variantı istisna etmir. Mən də deyirəm ki, qoy müvafiq orqanlar bunu araşdırıb müəyyən etsinlər”.

Müsahibimiz hazırda Mayamidə yaşayır və 4 aydır Bakıdan köçüb. Mətbuatda hallandırılan məsələlərdən biri də ailələr arasında cütlüyün övladının vəlayəti ilə bağlı problemin olması və bu videonun yayılmasında da həmin problemin səbəb olması idi. Amma A.Əhmədzadə bunu da mətbuatın uydurması adlandırdı. Dedi ki, uşağı vaxtlı-vaxtında valideynləri ilə görüşdürürlər: “Özümsə Cananımla skype vasitəsilə doyunca görüşüb danışıram”.

Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı qızının döyülməsi ilə bağlı videonun keçmiş kürəkəni tərəfindən yayıldığını istisna etməmişdi. “Yeni Müsavat”a müsahibəsində H.İsaxanlı demişdi ki, A.Əhmədzadə bu işlərin mütəxəssisidir: “O, videoların çəkilməsi, internetdə yayılması, reklam işlərinin görülməsinin ustasıdır. O, reklam işləri ilə məşğul olur. Amma mən bu halda nəsə deyə bilmərəm. Çünki mən bu məsələni araşdırmamışam. Başqa birinin araşdırdığı haqda da məlumatsızam”.

Xatırladaq ki, Ülkər İsayevanın döyülməsi ilə bağlı yayılan video böyük əsk-səda doğurmuşdu. H.İsaxanlı mətbuata açıqlamasında qızının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın qızı olmadığını bildirib.

Bugünlərdə musavat.com Ü.İsayeva ilə bağlı internetdə yayılmış yeni videoları əldə edərək oxuculara çatdırıb. Birinci video “Aydın-Parlaq Ülkərim” adlanır. Bu, Aydın Əhmədzadə ilə Ülkər İsayevanın toy görüntülərindən (cütlük artıq boşanıb) ibarət klipdir. Bu, daha öncə mediada yayılan toy klipindən fərqlidir və içində yeni detallar var. Klip Miri Yusifin “Bu həyat bizim” mahnısının sədaları altında təqdim olunub.

İkinci video isə elə Miri Yusifin sözügedən klipidir. Videodan məlum olur ki, “Bu həyat bizim” mahnısının söz və musiqisi A.Əhmədzadəyə məxsusdur. Əldə etdiyimiz məlumata görə, bu mahnı Ü.İsayevaya həsr olunub.

Musavat.com-un üzə çıxardığı üçüncü videoda isə A.Əhmədzadə ilə Ü.İsayevanın 60-cı illər stilindəki nikah mərasimi səhnələşdirilib. Videoda cütlük 60-cı illərin dəbinə uyğun davranıb, nikah mərasimini isə teatrallaşdırıblar, nəticədə ortaya ilginc mənzərə çıxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar