600 MİN RÜŞVƏT ALAN HAKİM HƏBSDƏN YAYINDIRILIR? - "Pulları qəpiyinə qədər ödəmişəm"

Martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyevə hökm oxunmalı idi. Ancaq bununla dördüncü dəfədir ki, hökm təxirə salınır. "Azadlıq" radiosuna Gəncə məhkəməsindən bunun səbəbini izah etmək istəməyiblər. Bu dəfə hökmün oxunuşu aprelin 1-dək təxirə salınıb. Bir neçə gün əvvəlsə sabiq hakim "Azadlıq" radiosunun əməkdaşına məhkəmədən müsbət gözləntiləri olduğunu deyib.

"BƏRAƏT GÖZLƏYİRƏM..."

- Həsən müəllim, "Azadlıq" Radiosundan narahat edirik sizi..

- Buyurun…

-Məhkəmədən gözləntilərinizi bilmək istəyirdik…

- Hesab edirəm ki, bu neçə ayda məhkəmə işin hallarını düzgün, tam qanunlara uyğun şəkildə araşdırdı. Gözləntilərim də müsbətdir.

- Bəraət istəmisiniz…

- Əlbəttə ki… Başqa cür ola da bilməz. Məhkəmədə sübuta yetdi ki, mənə böhtan atılıb.

- Sizin üzərinizə ödənişlər etmək qoyulmuşdu. Deyilənə görə, ödəməmisiniz. Səhv etmirəmsə, 380 min manat olmalıdır...

- Yalandır, böhtandır, bütün pullar qəpiyinə qədər ödənilib, hər şey də yaxşıdır. Bu qədər.

- Sizinlə daha geniş danışmaq istəyirdik…

- Dediklərim bunlardan ibarətdir. Başqa deyəcəyim yoxdur. Məhkəmə də sübut etdi ki, mən günahsızam.

İCRA BAŞÇISI TƏYİN ETDİRMƏK ADI İLƏ 600 MİN ALIB

[caption id="attachment_106291" align="alignleft" width="295"]Ramazan Səlimov Ramazan Səlimov[/caption]

Həsən Əliyev əvvəllər Binəqədi rayon Məhkəməsinin sədri olub. Prezidentin fərmanı ilə 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib. 1 il əvvəl hakim səlahiyyətlərinə ölkə başçısı tərəfindən xitam verilib. Bundan bir neçə ay sonra ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Həsən Əliyevdən şikayətçi isə Ramazan Səlimov adlı şəxs olub. Bu adam iddia edib ki, Həsən Əliyev hakim işlədiyi dövrdə onunla Bakı Ağır Cinayətlər Məhkəməsindəki iş otağında görüşüb. Onu rayonlardan birinə icra başçısı təyin etdirmək adı ilə ayrı-ayrı vaxtlarda və hissə-hissə olmaqla 600 min manat alıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılmış istintaq vaxtı Həsən Əliyevin Ramazan Səlimovdan 300 min manat alması barədə özünün yazdığı və notariatda təsdiqlənmiş kağız üzə çıxıb. O, özü də ibtidai istintaqa bunu təsdiqləyib.

Lakin məhkəmədə Həsən Əliyev ittihamları rədd edib. Məhkəmə dövründə və ondan əvvəl Həsən Əliyev aldığı məbləği Ramazan Səlimova hissə-hissə olmaqla qaytarıb. O, istintaq zamanı bəzi məsələləri üzərinə götürməsini istintaqçılar tərəfindən aldadılması ilə izah edib. Məhkəmədə bildirib ki, Ramazan Səlimovdan pulu vəzifəyə təyin etdirmək adı ilə yox, şəxsi problemlərini həll etmək üçün alıb.

PROKUROR 10 İL İŞ İSTƏYİB

0ffDövlət ittihamçısı isə Həsən Əliyevin günahının sübuta yetirildiyini bildirərək, onun 10 il, bu iş üzrə təqsirləndirilən digər şəxslərdən Elman Məmmədovla Taleh Süleymanovun isə hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Adları çəkilən 2 digər şəxsin həbsinin səbəbi onların da bu "rüşvət əməliyyatında" iştirak etmələridir. Belə ki ittiham aktına görə, Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E.Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.

SABİQ HAKİM HƏBS OLUNMAYACAQ!

1geProkurorun təqsirləndirilən şəxslərə yüksək cəza tələb etməsi onların həbs ediləcəyini gözləməyə əsas verir. Ancaq hakimə oxunacaq hökmün dördüncü dəfədir təxirə salınması buna şübhə yaradıb. Elə mötəbər mənbədən "AzPolitika.info"-ya daxil olan məlumatda da bildirilir ki, 600 min rüşvət almaqda ittiham olunan sabiq hakimin, nə qədər qəribə olsa da, həbs olunması gözlənilmir. Həsən Əliyev Ramazan Səlimovdan aldığı pulların hamısını geri qaytarmağa razılaşıb, bir şərtlə ki, həbs cəzası verilməsin. Hörmətli dostlarının köməyi ilə onun bu istəyinin qəbul edildiyi bildirilir. H.Əliyevin özünün "bütün pullar qəpiyinə qədər ödənilib, hər şey də yaxşıdır" deməsi və məhkəmədən hətta bəraət gözləməsi də bu məlumatı müəyyən mənada təsdiqləyir. Ehtimal olunur ki, sabiq hakimə bir-neçə il şərti cəza verməklə, məsələ qapadılsın. Ona görə də ictimai diqqəti yayındırmaq üçün hökmün oxunması uzadılır. Mümkündür ki, aprelin 1-də də məhkəmə təxirə salınsın.

Əlbəttə, kiminsə həbs olunması arzuolunan deyil. Ancaq 200-300 manat rüşvət aldığı üçün həkimin, müəllimin illərlə həbs atıldığı ölkədə, prokurorluğun 600 min manat rüşvət almaq ittihamı irəli sürdüyü hakimin azadlıqda qalması hüququn işləmədiyindən xəbər verməyəcəkmi? Haqlı olaraq suallar yaranacaq: əgər Həsən Əliyev deyilən rüşvəti almamışdısa, prokurorluq niyə ona bu ittihamları irəli sürmüşdü? Yox əgər alıbdırsa, məhkəmə belə ağır cinayət törətmiş bir vəzifəli şəxsi nəyə əsaslanaraq azadlıqda saxlayır?

Hər halda məhkəmənin qərarının ədalətli olacağına ümid edirik.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar