Azərbaycandan 3 milyard dollar çıxarılıb -FAKT

Bizimkilər ötən il xaricdə 3, əcnəbi turistlər isə Azərbaycanda 2,4 milyard dollar xərcləyiblər. Rəsmi statistik rəqəmlərə görə, son altı ayda azərbaycanlıların xarici ölkələrdəki turizm xərcləri 8 dəfə artıb. Mərkəzi Bankın məlumatına görə, ötən il xaricdəki Azərbaycan rezidentlərinə 3 milyard dollar məbləğində turizm xidməti göstərilib, Bu, 2013-cü ilin göstəricisindən 4 faiz çoxdur.

Xaricilərin Azərbaycandakı xərcləri isə dəyişilməz olaraq qalıb. 2014-cü ildə Azərbaycana gələn xarici turistlər ondan əvvəlki ildə olduğu kimi 2,43 milyard dollar xərcləyiblər. Bunun 36,6%-ni Azərbaycanda işgüzar səfərlər zamanı çəkilən xərclər təşkil edib. Nəticədə turizm xidmətlərinin mənfi saldosu yarım milyard dollardan azacıq aşağı olub.

Hökumətin ölkədə turizmin inkişaf etdiyi və turistlərə hər cür şəraitin yaradıldığı ilə bağlı açıqlamalarına rəğmən, ölkəmizdən turist axını artmaqda davam edir. Ölkədə turizmin inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir. Proqram 2008-2016-cı illəri əhatə edir. Ölkənin reklamına, turizm infrastrukturunun inkişafına milyonlarla dollar vəsait xərcləyir. Lakin vətəndaşlar xarici ölkələrdə dincəlməyə üstünlük verirlər. Yerli turistlərin əsas axını Türkiyəyə yönəlir. Sonrakı yerləri Rusiya, Gürcüstan, Ukrayna (Krım yarımadası), BƏƏ (Dubay) tutur (“Turan”).

Əslində bu cür vəziyyətin yaranması təsadüfi deyil. Çünki vətəndə turizm xidmətləri çox baha olduğundan soydaşlarımız çox vaxt dincəlməyə başqa ölkələrə gedirlər. Belə ki, ölkə içində bir nəfər üçün yeddigünlük normal istirahətin qiyməti manatın devalvasiyası ilə əlaqədar min manatdan baha başa gəlir. Türkiyədə isə həmin qiymətə 7 gün Antalyada yüksək Avropa servisi (uçuş, mehmanxanaya transfer, yemək daxil olmaqla) təqdim olunur. Vətəndaşları uzaqlaşdıran digər amil xidmətin keyfiyyətinin aşağı olmasıdır. Bu, ən çox Bakıdan kənarda hiss olunur.

Bazar iştirakçılarının fikrincə, Azərbaycanda turizmin inkişafı üçün təşviqedici siyasətin tətbiqi lazımdır. Bu, 5 il ərzində regionlarda turizm mərkəzləri və istirahət zonaları üçün ƏDV-nin ləğvini nəzərdə tutmalıdır. Mövsümi xarakterlə əlaqədar regionlarda turizm xidmətləri üzrə şirkətlərdə, mehmanxana və istirahət bazalarında daimi çalışan işçilərin gəlir vergisinin azaldılması məqsədəuyğun sayılır. Həmçinin turizm məqsədləri üçün istifadə olunan avadanlığın bir hissəsinin gömrük vergisi və rüsumdan azad edilməsi təklif olunur.

Turizm dünya iqtisadiyyatının ən gəlirli və dinamik sektorlarından biridir. Bir çox ölkələrdə turizm xarici valyutada əsas gəlir mənbəyidir. Turist səfərlərinin 2/3-si səyahət və istrahətin payına düşür. İnkişaf etmiş ölkələrdə turların 70%-dən çoxu ölkə daxilində səyahətin payına düşür.

İqtisadçı Məhəmməd Talıblı azadlıq.info-ya bildirib ki,  turizm sahəsində yaranan hazırkı durumun bir neçə səbəbi var: “Xüsusilə yerli icra hakmiyyəti orqanlarının regionlarda turizm obyektləri üzərində sərt nəzarəti, xidmət biznesi ilə məşğul olanları ögeylərə və doğmalara bölməsi, yüksək qiymət səviyyəsi və s. çoxsaylı səbəblər yerli turizm axınlarının daxilə yox, xaricə axmasına səbəb olur.

Xüsusilə devalvasiya prosesindən sonra xarici ölkəyə gedən turistlərin axınında xeyli azalmalar olacaq. Dolların dəyər qazanması və konvesrtasiyada olan itki vətəndaşların ailə büdcələrinə təsir edərək onların daha qənaətlə istirahətlərini təşkil etməsinə səbəb olacaq. Digər tərəfdən isə vətəndaşlarımızın istirahət hüquqlarının pozulması və bu sahədə olan sözün əsl mənasında özbaşınalıq ona gətirib çıxarıb ki, bəzi iri “sahibkarlar” təbii ehtiyatlar üzərində sərəncamvermə hüququ əldə ediblər. Onlar hətta dənizi hasarlayaraq sadə vətəndaşların ucuz xərclə həyata keçirmək istədikləri istirahəti belə məhdudlaşdırıblar".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar