PUTİNİN DREZDEN KABUSU - "Bu hadisələr onun psixologiyasını zədələyib"

"Hər dəfə kütlə etirazını bildirəndə, Putinin gözləri önündə Drezden kabusu canlanır"

Yaponiyanın "Asahi Shimbun" nəşri Rusiya prezidenti Vladimir Putinin DTK agenti kimi Almaniya Demokratik Respublikasında fəaliyyəti haqda maraqlı məqalə dərc edib. Müəllif Komaki Akiyösi 1989-cu ildə Berlin divarının dağıdılmasından az sonra başlayan kütləvi aksiyalar zamanı DTK agenti Vladimir Putinin Drezdendə üzləşdiyi təhlükə və bu zaman onun qətiyyətli davranışı barəsində topladığı məlumatları bölüşüb. Müəllif sonda bu qənaətə gəlib ki, prezident olduqdan sonra Putinin kütləvi etirazlara göstərdiyi dözümsüz və hətta qəddar münasibətin kökü Drezden hadisələrinə gedib çıxır.

AzPolitika.info maraqlı məqaləni qısa ixtisarla təqdim edir.

PUTİNİN REAL OBRAZI

1989-cu ilin 5 dekabr gecəsi çox soyuq idi. Almaniya Demokratik Respublikasının (ADR) Dövlət Təhlükəsizlik Nazirliyinin Drezdendəki binasının qarşısına toplaşan beş min nəfərlik kütlə hədsiz dərəcədə hiddətli görünürdü. Soyuq müharibənin simvoluna çevrilən Berlin divarının dağılmasından bir ay keçmişdi. Drezden sakinləri demokratikləşmə tələbi ilə nümayişə çıxmışdılar. Həyacanlanmış insanlar ”bizə məxsus olan məlumatları qaytarın” deyə qışqırırdılar. Praktik olaraq, heç bir müqavimət göstərməyən Təhlükəsizlik Nazirliyi tezliklə həmin nümayişçilərin nəzarəti altına keçmişdi. Altı saatdan sonra kütlənin içərisindəkilərdən kimsə DTK-nın da binasını da zəbt etməyə çağırırdı. Kütlə içərisindən 15 nəfər yüz metr yaxınlıqda yerləşən DTK-nın bınasına doğru istiqamət aldı. Onların içərisində Elmi Tədqiqat İnstitutunun mühəndisi Ziqfrid Danats da vardı. Z.Danats bu barədə deyir: ”ADR Təhlükəsizlik Nazırliyinin binasını çox asanlıqla tutduğumuz üçün hamıda əminlik yaranmışdı ki, DTK-nın Drezden bölməsini də zəbt edə biləcəyik”.

Gecənin gec vaxtı olmasına baxmayaraq, DTK-nın beton binasında həmişə olduğu kimi işiq yanırdı. Etirazçılar hündürlüyü bir metr olan dəmir darvazaya yaxınlaşan zaman, mühafizəçilər cəld şəkildə binanın içinə girdilər. Müəyən müddətdən sonra hündürboy olmayan arıq bir nəfər bayıra çıxdı. Əgər o, formada olmasa idi, heç kim onun zabit olması barəsində düşünməzdi. O, qapının yanında duraraq bildirdi: ”Bura daxil olmağı ağlınızdan belə keçirməyin. Mən silahlı yoldaşlara bu yeri qorumağı əmr etmişəm. Bir daha təkrar edirəm - çıxın gedin...”

Həmin şəxsin yanında dayanmış əsgərin əlində silah vardı. Bu isə ondan xəbər verirdi ki, əgər adamlar içəriyə girməyə cəhd göstərərsə, o atəş açacaq. Yüngül rus ləhcəsinə baxmayaraq, zabit düzgün alman dilində danışırdı. O, sakit, lakin qətiyyətli danışırdı. Ziqfrid hiss etdi ki, əsgər həqiqətən də atəş açacaq. Nümayişçilər onlara edilən xəbərdarlıqdan təəccübləndilər. Onlar qorxuya düşərək, bu yerdən uzaqlaşdılar. Həmin şəxslə nümayişçilər arasında gedən danışıqların cəmi beş dəqiqə sürməsinə baxmayaraq, zabit Ziqfridə güclü təsir bağışlamışdı. Nəhayət, müəyyən zaman keçdikdən sonra Kütləvi İnformasiya Vasitələri prezident Yeltsinin xələfi barəsində məlumat verəndə Ziqfrid həmin zabitin 37 yaşlı Putin olduğunu anladı.

Ziqfrid Putini belə xarakterizə edir: ”Silahsız olan zabit kütləni dağılmağa məcbur etdi. Bu onun insanlar üzərində hakimiyyətə malik olduğundan xəbər verirdi”.

Putin 1975-ci ildə DTK-da işləməyə başlayanda xaricdə işləmək arzusunu ifadə etməmişdi. Lakin o, işlədiyi 1985–1990-cı illər ərzində Drezden bölməsində NATO barəsində məlumat toplayıb. Putin Almaniyada həyat yoldaşı və iki qızı ilə birlikdə yaşayıb. O, tez-tez sevdiyi bara baş çəkərək, həyatdan ləzzət almağı xoşlayıb. Amma gözlənilmədən hər şey dəyişdi.

Hal-hazırda vaxtilə Putinin çalışdığı Drezden DTK-nın böyük olmayan ağ binasında fəlsəfə dərsi verilən tədris müssisəsi yerləşir və DTK-nın imicindən qurtulmaq üçün ikimetrlik divarını sökərək onu xeyli alçaldıblar.

Putin o gün baş verənlər haqqında praktik olaraq heç nə söyləməyib. Onun prezidet olduqdan sonra 2000-ci ildə verdiyi müsahibəsində bu haqda yalnız bir neçə söz var: ”Kütlə bizim binanı əhatəyə almışdı. Təhlükə ciddi idi. Heç kim bizi müdafiə etməyə cəhd göstərmirdi. Biz SSRİ və ADR təhlükəsizlik orqanları arasında əldə olunan razılaşma çərçivəsində hərəkət etməyə hazır idik. Biz hər şeyə hazır olduğumuzu kütləyə nümayiş etdirməyə məcburduq. Bütün bunlar bir müddət üçün lazımı təsir göstərdi.” Göründüyü kimi Putin müsahibəsində “biz” kəlməsini işlədir. Amma hər halda kütlənin qarşısına binada olan bütün DTK əməkdaşlarından yalnız Putin çıxmışdı...

Mən Praqada olarkən Drezdendə Putinlə birlikdə işləyən Vladimir Usaçyovla görüşdüm. O mənə aşağıdakıları nəql etdi: ”Həmin gün mən Drezdendə deyildim. Orada xidmət göstərənlər baş verənlər barəsində danışanda, mən təəccüblənmədim. Putin cəsarətli adamdır. Mən bilirdim ki, o əsl əsgərdir. Əgər sizdə möhkəm əsəb və qətiyyət yoxdursa, siz təkbaşına binaya girmək istəyən kütlə ilə danışa bilməzsiniz. Yəqin ki, onda o ilk dəfə olaraq öz təbii xasiyyətini nümayiş etdirmişdi”.

Usaçyovun sözlərinə görə, Putin əlində avtomat tüfəng tutaraq, hasardan aşmaq istəyənləri şəxsən güllələyəcəyi barəsində xəbərdarlıq etmişdi. Bu isə Putinin yanında silahlı əsgər olduğunu deyən Ziqfridin sözləri ilə üst-üstə düşmür. Amma onların Putinin təkbaşına nümayişçılərin qabağını alması haqqındakı söhbətləri uyğun gəlir.

- Dövlətin dağılma təhlükəsi

Berlin divarı noyabr ayında dağıdılmışdı. Bu hadisədən sonra Putin və onunla birlikdə xidmət göstərənlər gizli sənədlərin məhv edilməsi ilə məşğul idilər. ADR-in sonunun gəlib çatdığı artıq bəlli bir məsələydi. Nümayişçilər gələn zaman əməkdaşlar sənədlərin məhv edilməsi ilə məşguldular. Elə məhz buna görə də kütlənin içəriyə girməsinə imkan verməmək çox vacib idi.

Müsahibəsində Putin deyib: ”Biz hər şeyi məhv edirdik. Ünvanları, əlaqələri. Mən çox sənəd yandırmışam. Hətta soba partladı. Gecə-gündüz yandırırdıq”. Hər şey dəyərini itirirdi. Əks halda bu məlumatların ələ keçməsi təhlükəsizlik üçün böyük zərbə olardı.

Nümayişçilər çıxıb getdikdən sonra Putin telefonla ADR-də yerləşən Sovet ordusundan yardım istəyir. Ona cavab verirlər ki, Moskvadan göstəriş gəlməyənə qədər, onlar heç nə edə bilməzlər. Lakin Moskva susurdu. Elə bu anlarda Putin SSRİ-nin ömrünə çox qalmadığını hiss etdi. Hətta düşünməsi belə mümkün omayan hadisə - dövətin dağılması baş verirdi və artıq o laxlayırdı. Həmin Drezden hadisələri Putinin gələcək həyatında həlledici rol oynayıb.

Almaniyanın “Fokus” jurnalının Moskva bürosunun rəhbəri Boris Raytşuster bildirib: ”Drezdendə Putin hakimiyyətə qəzəblənmiş kütlə üzündən dövlətin və onun öz şəxsi sakit həyatının necə dağılmasını görüb. Baş verənlər müəyyən mənada onun psixolgiyasını zədələyib. Hər dəfə kütlə etirazını bildirəndə, Putinin gözləri önündə Drezden kabusu canlanır. Narahatçılığa son qoymaq üçün o, ən sərt tədbirlərə əl atır. Bu Rusiyadakı etiraz hərəkatı və Ukrayna böhranı zamanı özünü bariz şəkildə göstərdi”.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar