“Şiə hilalı”: İranın Yaxın Şərq strategiyası

Heydər OĞUZ

İran Xarici İşlər Nazirliyi Türkiyənin bu ölkədəki səfirini görüşə dəvət edib. Nazirliyin sözcüsü Mərziyə Əfhamın bildirdiyinə görə, dəvətin məqsədi Ərdoğanın İranla bağlı dediklərinə aydınlıq gətirməkdir. Xatırladaq ki, Türkiyə Prezidenti Fildişi Sahillərindəki həmkarıyla görüşündən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən, İranı, necə deyərlər, "ağ yuyub, qara sərib". Yəmən hadisələrini İranın regiondakı fəaliyyətinin tərkib hissəsi kimi qiymətləndirən Ərdoğan belə deyib:

“İran bölgədə hegemonluq qurmaq səyləri içərisindədir... İraqa baxın, bir tərəfdən DEAŞ (İŞİD-red.) ilə əlləşir, digər tərəfdən İranın oraya göndərdiyi İnqilab Keşikçiləriylə. İranın Yəməndən, Suriyadan, İraqdan özünə bağlı qüvvələri çəkməsi, bu ölkələrin torpaq bütünlüyünə hörmət göstərməsi lazımdır”.

Bir zamanlar ABŞ-ın İranla bağlı yönləndirici basqılarına “aramızda yüz illərdir mövcud olan və stabil qalan sərhədlər bizi bir-birimizə qarşı qoymaq istəyənlərdən daha yaşlıdır” cavabını verən Ərdoğanın indi öz qonşusuna qarşı bu cür ağır ifadələr işlətməsi səbəbsiz deyil. Xüsusilə ABŞ ordusunun İraqdan çıxmasıyla bu ölkədə və Suriyada güclənən İran təsirinin yavaş-yavaş Yəmənə yayılması, sözsüz ki, Yaxın Şərqin aparıcı dövlətlərini narahat edir. Bu da azmış kimi, son zamanlar super gücün rəsmi Tehranın lehinə siyasət yürütməsi də ortadadır. Yaxın Şərqdə yaranan yeni geopolitik vəziyyət bəzi ərəb liderlərinin illər öncə dilə gətirdiyi “Şiə hilalı” ehtimalının heç də əfsanədən ibarət olmadığını göstərir. Ərdoğanın sözügedən reaksiyası isə bu tezisin artıq Türkiyə tərəfindən də qəbul olunduğunu sübut edir.

Türkiyənin və ərəb dövlətlərinin ortaq nigarançılığının hardan qaynaqlandığını anlamaq üçün “Şiə hilalı”nın nədən ibarət olduğuna ötəri bir nəzər salmaq kifayətdir.

“Şiə hilalı” nədir?

Termin olaraq bu sözü ilk dəfə İordaniya kralı Abdullah dilə gətirib. O, 2004-cü ilin son günlərində İranın ərəb ölkələrini qövsvari şəkildə mühasirəyə almaq istədiyini bildirib və ona qarşı birgə mübarizə aparmağın vacibliyini irəli sürüb. O zaman bir sıra ölkələrdə barmaqarası baxılan və bəlkə də rişxəndlə qarşılanan bu tezisə xeyli keçdikdən sonra ilk müsbət reaksiya Misirdən gəldi. Misirin keçmiş prezidenti Hüsnü Mübarək 2006-cı ildə yerli televiziyalardan birində ərəb ölkələrini təhdid edən İran təhlükəsindən danışıb və şiə ərəbləri öz ölkələrindən çox, İrana bağlı olmaqda suçlayıb. Beləcə, “Şiə hilalı” termini Yaxın Şərqdə ən çox müzakirə olunan məsələyə çevrilib.

Maraqlıdır ki, İran rəsmilərinin dilə gətirdiyi bəzi ifadələr də bu tezisin mif olmadığını sübut edir. Ölkənin Yaxın Şərqlə ilgilənən əsas füqurlarından biri - general Qasim Süleymaninin 16 fevral 2014-cü ildə "Sarallah diviziyası"nın önündə etdiyi məhşur çıxış İran rəsmilərinin bu mənada ən önəmli etiraflarındandır. Şiəliyin tarix boyu heç bir zaman öz siyasi iradəsini ortaya qoymaq məsələsində indiki qədər avantajlı durumda olmadığını bildirən general “Şiə hilalı” barədə fikirləri belə qiymətləndirib: “"Şiə hilalı" siyasi deyil, iqtisadi platformadır. Dünyanın ən mühüm iqtisadi məsələsi neftdir. Biz bilirik ki, 3 ölkə - İran, İraq və Ərəbistan dünyanın ən zəngin neft ehtiyatlarına malikdirlər. Ərəbistan birinci, İran ikinci və İraq üçüncüdür. Dünyanın neft ehtiyatlarının, təqribən, 70 və ya 80 faizi şiə sakinli məntəqələrdədir. İraq nefti Bəsrə-Bağdad dəhlizində, Ərəbistan neftinin 80%-i şiə sakinli Dəmam, Qətif məntəqələrində yerləşir. İran isə aydındır”.

Türkiyənin “abiliyi”

Di gəl ki, ABŞ-ın "Böyük Yaxın Şərq" proyektini Ərdoğanla inşa etdiyinə inanan rəsmi Ankara uzun zamanlar bu tezisə yaxına buraxmamış, İranla dostluq münasibətləri qurmuş və indiyə qədər bu münasibətləri sürdürməyə çalışmışdır. Türkiyənin bu mövqeyi əslində xoşməramlı idi və Yaxın Şərqə yaxşı mənada “böyük qardaşlıq etmək” istəyindən doğurdu. Böyük qardaş isə gərək kiçik qardaşlara eyni gözlə baxa, bir-birinin qanına susayacaqları halda, onları ayıra, gözlərinin yaşını silə, başlarını tumarlaya...

AKP hakimiyyətinin bu hümanist cizgisindən fərqli olaraq, Yaxın Şərq gerçəkliyi tamamilə başqa mətləblərdən xəbər verir. İstər 1979-cu il İslam inqilabıyla bərabər, öz yayılmacılıq siyasətini ətraf regiona yaymaq istəyən İran, istərsə də vəhhabi məntiqini bölgədə hegemon qılmağa çalışan Səudiyyə Ərəbistanı legitimliklərini bu aşırı ideologiyalarından alır və Türkiyənin əlində dəstəvuz etdiyi demokratiya prinsipləri onların heç birinin işinə yaramır. Bölgənin dini xarakteri və ABŞ-ın o coğrafiyaya gətirməyə çalışdığı nizam da hər iki aşırı ideologiyanın istəklərinə uyğundur.

Yaxın Şərqin dini-siyasi xarakteri və ingilis barmağı

Belə ki, bir sıra Yaxın Şərq ölkələrində ingilis imperiyası tərəfindən qurulan dövlətlərin siyasi kimlikləri onların etnik və məhzəbçi xarakteriylə qətiyyən uzlaşmırdı. Əhalisinin 60%-indən çoxunun şiə olduğu İraqda Səddam Hüseynə qədər sünnü hakimiyyəti hökm sürdüyü kimi, şiə olan Əsəd rejimi də 65% sünnü olan ölkəyə rəhbərlik edirdi və bu hegemonluğu indi də sürdürməyə çalışır. İraqın yaxınlığında yerləşən Bəhreyndə isə 75% şiə əhali sünnü liderlər tərəfindən idarə olunur və bu liderlər qlobal şiəliyə qarşı formalaşdırılan bütün ittifaqlarda ön cərgələrdə yer almağa səy göstərir. Məhzəb savaşlarının gərginləşməsində ən önəmli rol oynayan Səudiyyə Ərəbistanında vəhhabilər əhali sayında 90-95 faizlə dominantlıq təşkil etsə də, 5-10% faizlik şiələrin məskunlaşdığı məkanlar ölkənin iqtisadi qaymağı sayılan coğrafiyalardır (Səudiyyə Ərəbistanında əhalinin real sayımı keçirilmədiyindən, həqiqi rəqəm bilinmir-red.) Səudiyyənin əsas gəlir qaynağı hesab olan neftin, təxminən, 80 faizi şiə əhalinin yaşadığı əl-Hasa regionunun payına düşür və bu ölkədə şiələrə ən böyük düşmənlər kimi baxılır. Bu da öz növbəsində şiə əhalinin rəsmi ideologiyaya qarşı mövqe tutmasına gətirib çıxarır və İordaniya kralının dediyi kimi, onları İranın təsir dairəsinə salır.

Hadisələrin son zamanlar gərginləşdiyi Yəməndə şiə hesab olunan zeydilər əhalinin 35%-ni təşkil etsələr də, onların tarixən davam edən və sadəcə 1962-ci ildə ingilislər tərəfindən ortadan qaldırılan bir siyasi idarəçilik sistemləri olub. İmamət anlayışına söykənən bu siyasi idarəçilik sistemi müqəddəslik ehtiva etdiyindən, zeydiləri əski gələnəklərə yönəlməyə təşviq edir və edəcək də. Digər sünnü qruplarda əşirətçiliyin daha çox qəbul olunduğunu və onları parçaladığını nəzərə alsaq, eyni müqəddəs dəyərlər ətrafında birləşən zeydilərin sayı heç də az görünmür.

Digər ərəb ölkələri əhalisinin dini xarakterinə baxanda, şiə əhalisinin həqiqətən də problem yaradacaq sayda olduğu nəzərə çarpır - Küveytdə 24%, Birləşmiş Ərəb Əmirliklərində və Qətərdə 16%, Livanda 35%. Xüsusilə Livanda az olmalarına baxmayaraq, ölkədə hegemon gücə çevrilmək problemi artıq şiələrin xeyrinə həll olunub. 1980-cı illərdə yaşanan və 150 min adamın ölümüylə nəticələnən vətəndaş müharibəsini bitirən "Taif sazişi"ndən sonra "Hizbullah"dan başqa bütün hərbi birləşmələrin silahsızlaşdırılması buna münbit şərait yaradıb. İsrail-Livan arasında bağlanan bu müqaviləyə uymayan "Hizbullah" Livanın faktiki əsas silahlı qüvvəsinə, qeyri-rəsmi ordusuna və ölkənin söz sahibinə çevirib.

“Şiə hilalı”nın cənub və şimal uzantıları

Məsələyə bu aspektdən baxanda, Yaxın Şərqin ümumi mənzərəsində “şiə hilalı”nın iki uzantısını görə bilərik. Onlardan biri İrandan başlayıb İraq və Suriyanı keçərək Livana uzanır. ABŞ ordusunun İraqdan çəkilməsiylə bu qövsün şimal hissəsinin artıq tamamlandığı müşahidə olunur. Maraqlıdır ki, sözdə İrana qarşı olan ABŞ son zamanlar siyasətini dəyişərək, İŞİD əleyhinə İraq ordusuna və İnqilab Keçikçilərinin yaratdığı şiə könüllülərinə ciddi dəstək verir, havadan hücumlarla onların düşmənlərini zəiflədir və bundan sonra şiə döyüşçüləri hərbi əməliyyata başlayaraq öz məqsədlərini həyata keçirirlər. Rəsmi Vaşinqton bu mövqeyini bölgədə şiddət rüzgarı əsdirən İŞİD qüvvələrini zərərsizləşdirmək istəyiylə əlaqələndirsə də, hər halda atılan addımlar “Şiə hilalı”nın Yaxın Şərq səmasında bərq vurmasına səbəb olur və Türkiyənin bu coğrafiya ilə quru əlaqəsini kəsir.

“Hilal”ın digər hissəsi isə İraqın cənub-qərbindən Fars Körfəzi boyunca Ərəbistan yarımadasının cənubuna qədər uzanır. Son nöqtə isə Afrika qitəsinin səhrəddində yerləşən Yəməndir. Yəmənin İranmeylli qüvvələrin hegemonluğu altına düşməsi ərəb dövlətlərinin iqtisadi baxımdan tamamilə rəsmi Tehrandan asılılığını yarada bilər. Bu isə iqtisadi gücündən başqa heç nəyi olmayan ərəb əmirliklərinin, krallıqlarının sonu deməkdir.

"Şiə hilalı"nın geopolitik önəmi

Bildiyimiz kimi, dünya neft rezervlərinin, təxminən, 56.6%-i Yaxın Şərqin payına düşür və bu sərvətin dünya bazarına daşınmasının iki kilid və ya tıxanma nöqtəsi var. Bunlardan biri Hörmüz, digəri isə Bab ül-Məndəb boğazıdır. Dünya neftinin 40%-nin daşındığı Hörmüz boğazı əvvəldən İranın təsir dairəsində idi və rəsmi Tehran bu imkandan strateji silah kimi istifadə etməyin yolunu yaxşı bilir. Xüsusilə Səddam Hüseyn İraqıyla müharibədə başı sıxışdığı zaman Hörmüz boğazından keçən gəmiləri bombalayan İranın aparıcı dünya dövlətlərini lərzəyə gətirmək və bununla da regional düşmən üzərinə beynəlxalq təzyiqləri artırmaq təcrübəsi var. Dünya neftinin, təxminən, 10 faizinin keçdiyi Bab ül-Məndəb boğazı da İranın təsir dairəsinə girərsə, ərəblər yerindən tərpənməz hala düşə bilərlər.

Qeyd edək ki, İran müxtəlif zamanlarda beynəlxalq təzyiqlərə qarşı Hörmüz boğazını bağlayacağını bildirərək özünü qorumaq istəyəndə, Səudiyyə Ərəbistanı dünya bazarında yaranacaq boşluğu Bab ül-Məndəb boğazı vasitəsilə təmin edəcəklərini açıqlayırdı. İndi Yəməndə baş verən son hadisələr Səudiyyə krallığının bu imkanını da əlindən alır.

“Qərarlılıq Fırtınası” əməliyyatı ilə bu çətin vəziyyətə düşmək təhlükəsini ortadan qaldırmaq istəyən ərəb liqasının öz məqsədinə tam nail olduğunu söyləmək isə mümkün deyil. Bab ül-Məndəb boğazının açarı sayılan Ədən şəhərinin taleyi hələ də qeyri-müəyyənliyini qoruyur və bu şəhərdən boğaza qədər olan məsafə, cəmi-cümlətani, 176 km-dir. İranın bu yaxınlarda təcrübədən keçirdiyi “Qədir” qanadlı raketinin dəqiq vuruş məsafəsinin 200 km olması və bunun nümayişkaranə şəkildə dünya ictimaiyyətinə təqdim edilməsi bu mənada təsadüfi sayılmamalıdır.

Qısası, Yəmən konflikti “Şiə hilalı”nın tamamlanması istiqamətində atılan mühüm addımlardan biridir və ərəb dünyasının başını xeyli ağrıdacaq. “Şiə hilalı” Türkiyənin də Yaxın Şərqə açılan qapısını bağladığından, cənab Ərdoğanın narahatlığını başa düşmək mümkündür...

Strateq.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar