"Avropa İttifaqı vahid yanaşma göstərməlidir"

Azərbaycan və Estoniya Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Estoniya Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin baş direktoru Paul Teesalu arasında görüş keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, X.Xələfov Azərbaycanla Estoniya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar, xüsusilə Avropa İttifaqı (Aİ) çərçivəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edərək, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, eləcə də iqtisadi, bərpa olunan enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

Azərbaycanla Estoniya arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən razılığını ifadə edən P.Teesalu iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsində Estoniyada yaşayan və bu ölkənin cəmiyyətinə yaxşı inteqrasiya olunmuş Azərbaycan icmasının rolunu xüsusilə qeyd edib. Azərbaycana sonuncu dəfə 2000-ci ildə gəldiyini bildirən P.Teesalu paytaxtımızda müşahidə etdiyi dəyişiklik və inkişaf haqqında xoş təəssüratlarını bölüşüb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən X.Xələfov Avropa İttifaqında bu məsələyə münasibətdə ikili standartlara yol verildiyini, sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. Aİ-nin bütün mövcud münaqişələrə münasibətdə vahid yanaşma göstərməsinin zəruriliyini xüsusilə qeyd edən nazir müavini münaqişənin həllinin yalnız işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə mümkün olduğunu vurğulayıb.

Azərbaycanın Estoniya üçün vacib tərəfdaş olduğunu bildirən qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasına dair ölkəmizin mövqeyinin anlaşma ilə qəbul olunduğunu bildirib. P.Teesalu estoniyalı iş adamlarına işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı biznes fəaliyyətindən çəkinmələrinin tövsiyə olunduğunu xüsusilə vurğulayıb.

Birinci Avropa Oyunlarının keçirilməsində ölkəmizə uğurlar arzulayan P.Teesalu 50-dək estoniyalı idmançının yarışlarda iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar