Xilaskar

(HEKAYƏ)

Əbil HƏSƏNOV

Atam müəllim idi. Aylıq məvacibi gündəlik çörəkpuluna güclə çatırdı. Ailədə üç uşaq idik. Böyük qardaşım, bacım və mən. Onlar ali məktəbdə oxuyurdular. Mən isə doqquzuncu sinifə gedirdim. Mənimlə eyni sinifdə İlqar adlı oğlan da oxuyurdu. İmkanlı ailədən idi. Amma özü çox sadə, gülərüz biri kimi tanınırdı. İlqar mənimlə dostluq edirdi. Amma onun atası həmişə dostluğumuza mane olmağa çalışırdı. Dəfələrlə İlqara "Özün səviyyəli uşaqlarla dostluq et. Bundan sənə dost olmaz" deyə irad bildirmişdi.

Günlərin bir günü İlqarın ad günü idi. Mən bir qol saatı alaraq İlqargilə getdim. Qapının zəngini basdım. Tərslikdən qapını İlqarın atası açdı. Salam verib, içəri daxil olmaq istəsəm də o, məni evlərinə buraxmadı. "İlqar sənin tayın deyil, get tayını tap!" - dedi.

Bu hadisədən sonra İlqar dəfələrlə məndən üzr istəsə də, ona yaxınlaşmır, həmişə uzaq gəzməyə çalışırdım.

Aradan bir neçə ay keçmişdi. Yay tətili idi. Ailəmə kömək etmək üçün yaxınlıqdakı şadlıq evlərindən birində ofisiant işləyirdim. Həmin günlərin birində gecədən xeyli keçmiş işdən evə gəlirdim. Maşın dayanacağının yanından keçərkən qulağıma inilti səsi gəldi. Qaçaraq səs gələn tərəfə gedəndə bir kişinin huşsuz vəziyyətdə yerdə inildədiyini gördüm. Adamın üzü-gözü qan içində idi, sifəti demək olar ki, görünmürdü. Mən özümü itirməyərək cəld təcili tibbi yardıma zəng vurub gördüklərimi danışdım və ünvanı dedim. Qısa vaxt ərzində təcili yardım maşını hadisə yerinə gəldi və xəstə ilə məni xəstəxanaya apardı. Dərhal əməliyyat otağına aparılan xəstənin yaxınları gələnə qədər mən də gözləmək qərarına gəldim. Əməliyyat otağından çıxan həkim xəstəyə təcili qan lazım olduğunu, lakin heç kimin qan qrupunun ona uyğun gəlmədiyini bildirdi. Mən dərhal şəxsiyyət vəsiqəmi həkimə təqdim edib mənim də qanımı yoxlamasını xahiş etdim. Həkim qan qrupumu müəyyənləşdirib təcili qan verməmi istədi. Otağa keçib lazımi miqdarda qan verdim. Bir nəfər tanımadığım şəxs mənə yaxınlaşdı və müstəniq olduğunu bildirdi. İzahatım alındıqdan sonra sabah valideyinlərimlə polis şöbəsinə gəlməli olduğumu dedi.

Evə səhərə yaxın gəldim. Yorğunluq və qanvermə nəticəsində başım gicəllənirdi. Özümü zorla çarpayının üstünə atdım və həmin an da yuxuya getdim. Günorta anamın səsi məni oyatdı: "Gecə harada olmusan? Atanla səni polis şöbəsinə çağırırlar".

Mən gecə başıma gələnləri valideyinlərimə danışdım. Onlar mənim hərəkətimdən razı qalmışdılar. Verdikləri tərbiyəyə görə qürurlandıqlarını üzlərindən oxumaq olurdu. Yemək yeyəndən sonra atamla rayon polis şöbəsinə getdik. Yorğunluq və başgicəllənməsi özünü göstərirdi. Bizi dünənki müstəntiq qarşıladı və sorğu-suala tutdu. Məndən gecə saat ikidə nə üçün küçədə olduğumu soruşdu. Mən isə toy qurtardıqdan sonra mərasim zalında səliqə-səhman yaratdıqdan sonra evə gəldiyimi dedim. Müstəntiqin yerli-yersiz sualları bizi özümüzdən çıxartsa da, səbrli olmağa çalışırdıq. İş o yerə çatmışdı ki, az qalsın axşam etdiklərimə görə peşman olum. Axı, mən cinayət etməmişdim, bir nəfərin həyatını xilas etmişdim. Hiss olunurdu ki, bizdən umacağı var. Uzun çək-çevirdən sonra bizi evə buraxaraq - "Çağıranda gələrsiniz" -dedi. Biz evə gəldik.Bir neçə gündən sonra həkimdən zəng gəldi. O məndən xəstəxanaya gəlməyimi xahiş elədi.

Xəstəxanaya getdim. Həkim "Belə olmaz xilaskar. Heç gəlib xəstənin halını soruşmursan. Xəstə öz xilaskarını görmək istəyir, palatada səni gözləyir" deyə, mənə palatanın qapısını göstərdi. Mən müstəntiqlə olan söhbətimizi ona danışdım. O isə mənə - "Narahat olma, Qurban müəllimə deyərəm yoluna qoyar" - dedi.

Həkimdən ayrılıb xəstənin yanına tələsdim. Palataya daxil olarkən çarpayıda başı və üzü sarıqlı bir nəfərin uzandığını gördüm. İlqarla anası da burada idilər. Mən İlqardan burada nə etdiklərini soruşmaq istədikdə çarpayıdakı şəxs xırıltılı səslə üstümə qışqıraraq - "Alə, sənə neçə dəfə demişəm ki, İlqara yaxınlaşma?! Adama sözü neçə dəfə deyərlər? - dedi. Mən geri dönüb palatadan çıxmaq istərkən həkimlə toqquşdum. O xəstəyə - "Qurban müəllim, sizin xilaskarınız baxın bu yeniyetmə oğlandır. Hətta o, öz qanını da sizdən əsirgəmədi" - deyə bildirdi...

Palataya sükut çökdü. İlqar ayağa durub yaxına gələrək məni qucaqladı, qürurla yanımda dayandı. O sanki atasına “sən səhvsən” deyirdi. Atasını qəhər boğurdu. Qısa sükutdan sonra Qurban müəllim ağlaya-ağlaya dedi:

- Oğlum, məni bağışla. Mən səhv etmişəm, günahkaram.

İlqarla anasının gözü məndə idi. Mən Qurban əmiyə tərəf gedib onun əlini əlimə götürüb dodaqlarıma tərəf apardım…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar