“TARİX MƏHƏMMƏD PEYĞƏMBƏRİN DAVAMÇISINI YETİŞDİRMƏLİDİR" - Rəsul Quliyev (Müsahibə)

“Neftin qiymətinin qalxma şansı, fikirimcə, yoxdur”

AzPolitika.info Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyevlə Yaxın Şərqdə baş verən hadisələr ətrafında söhbəti təqdim edir

- Rəsul müəllim, Yəməndə baş verən böhranı bir sıra politoloqlar “şiə hilalı”nın formalaşması istiqamətində atılmış növbəti addım kimi qiymətləndirirlər. Nə deməkdir “şiə hilalı”?

- Səhv etmirəmsə, bu termin hardasa 10 il əvvəl İordaniya kralı Abdullah tərəfindən ortaya atılıb. İranın ərəb ölkələrində yaşayan şiələrdən istifadə edərək bölgədəki nüfuzunu artırması, orada qarışıqlıq yaratması, bir növ sünnü dövlətləri üç tərəfdən gərginlik sahəsi içərisinə alması tezisinə əsaslanır. Zaman-zaman bir sıra ərəb liderləri bu tezisdən İrana qarşı təbliğat vasitəsi kimi istifadə ediblər. Onların dilə gətirdiyi arqumentlərdə bəzi haqlı məqamlar olsa da, bütövlükdə “şiə hilalı” ideyasını reallaşdırmaq asan deyil. Bu ideyanın tərkib hissəsi kimi baxa biləcəyimiz Yəmən böhranına gəlincə, problem indi ortaya çıxmayıb. Yəməndə bu cür xoşagəlməz hadisələr həmişə baş verib və verəcək. Bunun səbəbi ölkənin iqtisadi, geopolitik və demoqrafik xarakterindən qaynaqlanır. Bilirsiniz ki, Yəmən Ərəbistanın ən kasıb ölkələrindən biridir. Əhalisinin 60-65 faizini sünnülər, 35-40 faizini isə şiələr təşkil edir və bu səbəbdən də (əhalinin kasıb yaşamağı, üstəlik islamın iki qanadına mənsub olmaları səbəbindən) ölkədəki vəziyyəti kənardan destabilləşdirmək böyük çətinlik törətmir. Hələ birləşməmişdən qabaq Şimali və Cənubi Yəmən müstəqil dövlətləri 1960-cı ildən 30 il bir-birləri ilə müharibə aparıblar. Cənubi Yəməndə yaradılmış (Böyük Britaniya müstəqillik verəndən sonra) marksizm prinsiplərinə söykənən sosialist dövlətiylə Şimalı Yəmən 30 il müharibə aparıb, nəhayət, Sovet İttifaqı dağılandan 2 il sonra birləşə biliblər. Ancaq orda vətəndaş müharibəsi üçün münbit şərait daim mövcud olub. Şiələr bu ölkənin şimalında ( Paytaxt Sana da şimalda yerləşir) üstünlük təşkil edir və onların hökuməti yıxmaq, öz nümayəndələrini hakimiyyətə gətirmək şansı daha yüksəkdir. Və sözsüz ki, İranın dəstəyi ilə də zaman-zaman bu proses sürətlənib. İranın İslam inqilabından sonra apardığı məqsədyönlü, müsəlmanları öz bayrağı altında birləşdirmək siyasəti müəyyən nəticələr verib. Bu gün İran İraqda, Suriya və Livanda təsir gücünə malikdir, Yəməndə buna nail olmaq istəyir. Rusiyanın bölgədəki siyasəti İranın maraqları ilə tam üst-üstə düşməsə də, bir çox məsələlərdə eynidir. 2 il bundan öncə əhalisinin 70 faizi şiə olan Bəhreyndə də İran öz təsirini gücləndirmək istədi, ancaq buna nail ola bilmədi. Çünki Bəhreyndə insanların həyat səviyyəsi Yəməndən azı 5 dəfə yuxarıdır. Yəməndə RF ilə İran oxşar, ancaq müxtəlif siyasətlər aparırlar. İran şiələrin hökumətə gəlməsini dəstəkləyir və sözsüz ki, bunu davam etdirməyə çalışacaq. Məqsədi Səudiyyə Ərəbistanını daima gərginlikdə saxlamaq, daxildə stabilliyi pozmaqla, İrana düşmən olan rejimin getməsinə nail olmaqdır. Rusiya isə sünnü-şiə savaşını genişləndirməklə, marksist ideyalı cənubluları - yəni sünnüləri hakimiyyətə gətirmək, ölkədə həm İrana, həm Səudiyyəyə qarşı olan bir rejimin yaradılmasına nail olmaq istəyir. Ancaq hər iki planın yerinə yetirilməsinə mane olacaq çox iri qüvvələr regionda toplanıb, düşünürəm ki, yaxın 2-3 aya vətəndaş müharibəsi dayandırılacaq.

Təəssüf ki, İslam dünyasının inkişafının qarşısını alan müxtəlif təriqət davalarına, artıq 500 ildir, son qoyulmur. Xristianlıqda bu müharibələr 100 ildən çox çəkmədi, bu günsə dinlə dövlətin heç bir əlaqəsi qalmayıb. İslam dünyası çəkişmələrdə, vətəndaş müharibələrində dindən istifadə edilməsinə son qoymalıdır. Bu inkişafın əsas şərtidir. Düşünürəm ki, tarix Məhəmməd peyğəmbərin davamçısını yetişdirməlidir və bu şəxsiyət hamını bir masa arxasında oturdub, ümumi barışığa nail olmalıdır.

- İran neftin qiymətinin aşağı düşməsindən narahat olan ölkələrdəndir. Bu narahatlıq onu Yəməndəki böhranı daha da dərinləşdirməyə sövq edə bilərmi?

- İran embarqo nəticəsində neft ixracatını azı 3 dəfə aşağı salıb. İran neftin uzuzlaşmasından çox, embarqonun götürülməsində maraqlıdır. Yəmən müharibəsinin neftin qiymətinin dəyişməsində rolu heç bir faiz də deyil. Neftin qiymətinin qalxma şansı, fikirimcə, yoxdur. ABŞ-ın slans yataqları neft defisitinin olma ehtimalına çox ağır zərbə vurub.

- Sizə elə gəlmir ki, Hömrüz boğazına nəzarət etmək potensialına sahib olan İranın, Bab ül-Məndəb bağazına da bu və ya digər səviyyədə hakim olması bu defisiti yarada və rəsmi Tehranın qlobal neft bazarında çəkisini artıra bilər?

- Hər iki körfəz (Fars və Ümman) və Hörmuz boğazı İranın nəzarətində deyil. ABŞ dəniz qüvvələri armadasının olduğu yerdə İran bir neçə kiçik gəmisi ilə necə ərəblərin neft nəqlinin keçdiyi körfəzləri və boğazı nəzarətə götürə bilər? Heç vaxt… Əksinə istənilən vaxt İranın gəmilərini dayandıra bilərlər. Ancaq məsələ tək onda deyil. Bu ölkələrin, həmçinin İranın Ərəbistan dənizinə çıxmaq imkanları vardır və bu da bu ölkələrin körfəzlərdən asılılığını azaldır.

- Rusiyanın bu məsələdə İranı dəstəkləmək ehtimalı nə qədər realdır?

- Rusiya öz aləmində geopolitik siyasət yürüdür. Ancaq hadisələrin gedişinə təsir etmək imkanı yoxdur. Onun bölgədə nə İran kimi “din qardaşları”, nə buna bənzər başqa güclü dəstəkləyənləri, nə də onlara kömək göstərəcək güclü hərbi doktrinası var. B. Obamanın Suriya məsələsində Putinin qarşısından geri çəkilməsi Rusiyanın imkanları barədə miflər yaratdı. O vaxt əgər Suriyanı bombalamaq planı təxirə salınmasa idi, böyük ehtimalla Krım hadisəsi də baş verməzdi. Və indiki Yəmən hadisəsini törədənlər də dərindən düşünməyə məcbur olardılar.

- Geopolitik maraqları ən azından neft strategiyasında birləşən İran və Rusiyanın arasında sıxışıb qalan Azərbaycan bu vəziyyətdən necə təsirlənəcək?

- Neftlə əlaqədar strategiya İranla Rusiya arasında tamamilə fərqlidir. Hər ikisi başqasının eksportu aşağı salmasını istəyir. Neftlə əlaqədar hər ikisinin Azərbaycana qarşı müəyyən bir neqativ siyasətləri yoxdur. Azərbaycan ildən-ilə azalan, gündəlik 600 min barell nefti ilə elə bir rol oynaya bilməz. Natural qazın Türkiyədən keçib Avropaya nəql edilməsi isə dəryada balıq sevdasıdır. Təhlükə odur ki, bu ölkələrdən hansısa Azərbaycandan ərazi qoparmağa çalışsa, o birisi də qopardacaqdır.

- Ümumiyyətlə, neft savaşlarının perspektivini necə görürsünüz?

- Dünyada neft savaşının getdiyini görmürəm. Əksinə, neftə marağın azaldığını görməmək mümkün deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar