Rusiyada batan gəmidə azərbaycanlılar da olub: ADLAR - Yenilənib

Kamçatka sahillərində Oxot dənizində qəzaya uğrayan "Uzaq Şərq" balıqçı gəmisinin göyərtəsində 7 azərbaycanlı da olub. Rusiya FHN regional idarəsindən "Report"a bildiriblər ki, ekipaj üzvləri arasında Səfərov Məhəmməd Səfər oğlu (18.02.1964), Sadıqov İmadəddin Hidayət oğlu (Naxçıvan sakini, 23.02.1969), Talıbov Mailağa Ulduz oğlu (28.12.1964), Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987), Əliyev Elman Fərqan oğlu (17.10.1964), Əliyev Cəfər Fərqan oğlu (13.03.1975), Səfərov Fazil Hilal oğlu (23.10.1959) olub. Onların hamısı Rusiya vətəndaşlarıdır.

"Onlar göyərtədə olub, lakin hazırda həmin insanların taleyi haqqında heç bir məlumat yoxdur", - Rusiya FHN regional idarəsindən bildiriblər.

Son məlumata görə, balıqçı gəmisinin göyərtəsində olan 132 ekipaj üzvündən 117 nəfəri sudan çıxarılıb (54 ölü). Xilas edilən 63 ekipaj üzvü Maqadana göndəriləcək. Xilas olanların çoxunda soyuq suda uzun müddət qalmaları səbəbindən donvurma baş verib.

15 balıqçının taleyi hələ də məlum deyil. Xilasetmə əməliyyatı hazırda davam edir.

 

* * * 

Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında azərbaycanlılar da olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da alınıb. Maqadan şəhərindən 300 km aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir. Onlardan 117-si sudan çıxarılıb. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil.

Xilas olunanlar donma nəticəsində ağır, bəziləri isə çox ağır vəziyyətdədir.

Heyət üzvləri arasında neçə nəfər azərbaycanlının olduğu və onların adları hələlik açıqlanmayıb.

Qeyd edək ki, “Uzaq Şərq” traulerinin uzunluğu 104 metr, eni 16 metr, tonnajı 5,7 tondur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar