AVTORİTARİZMDƏN DESPOTİZMƏ DOĞRU - İndi Rusiyada bircə siyasi subyekt qalıb - Prezident!

«Rusiya iqtisadiyyatı Avropa iqtisadiyyatı ilə müqayisədə azı 50 il geri qalır!»

Krımın ilhaqından sonrakı dövrdə Rusiyada cərəyan edən proseslər KİV-nin gündəmindən düşmür. Bu ölkənin arqessiv davranışı yaxın-uzaq qonşuları qorxuya salır, onları mümkün qədər ehtiyatlı davranmağa sövq edir. Araşdırmalar göstərir ki, Rusiyanın özündə də «ayıq başla düşünənlər» var. Ölkədə baş verənləin fonunda dünyanın mütərəqqi kəsiminin Rusiyadan sürətlə uzaqlaşması rusiyalı vətənpərvərləri hamıdan çox narahat edir. Nədən ki, öz naqis davranışlarının məntiqi nəticəsi olaraq, getdikcə təklənən Rusiyanın yaşadığı iqtisadi tənəzzül, milli valyutanın sürətlə dəyərdən düşməsi, biznes üzərində siyasi hakimiyyətin total inhisarının bərqərar olması, ölkə siyasilərinin dilindən tez-tez müharibə çağırışlarının (hətta, nüvə hədələrinin) səslənməsi, nəhayət, sankisiyaların və s. bu ölkəyə yaxşı gələcək vəd etmədiyi indi hər kəsə gün kimi aydındır.

Analitiklərin fikrincə, hətta soyuq müharibənin tüğyan etdiyi sovetlər dönəmində də dövlət xadimlərinin dilindən «nüvə hədələri» eşidilmədiyini nəzərə alsaq, indi Rusiya prezidenti Vladimir Putinin dilindən səslənən «hətta nüvə arsenalımızı belə yüksək döyüş hazırlığı vəziyyətinə gətirmişdik» etirafı gerçəkdən, bəşəriyyətə, o cümlədən, Rusiyanın özünə yönəlik ciddi təhdid hesab oluna bilər. Bütün bunlar hazırkı durumun ciddiliyindən xəbər verir...

Mütəxəssislər hesab edirlər ki, Rusiyada avtoritar idarəetməyə keçid hələ 2003-cü ildən başlayıb. Bu istiqamətdə rusiyalı jurnalist, "The New Times" jurnalının baş redaktoru Yevgeniya Albatsın keçmiş DTK general-mayoru Aleksey Petroviç Kondaurovla «Putin: 15 il hakimiyyətdə» mövzusunda apardığı söhbət xeyli diqqətçəkəndir («Exo» radiosu, 30 mart 2015-ci il). Münasib vaxtda həmin söhbəti oxucularımızın diqqətinə çatdıracağıq. Həmin söhbətdə xanım Albats, Kondourova açıq mətnlə deyir ki, indi Rusiya biznesində sizin kolleqalar (keçmiş DTK əməkdaşları) üstünlük təşkil edirlər. Aydındır ki, iqtisadiyyat üzərində total inhisarın (DTK inhisarının) bərqərar olması bu ölkədə azad biznesin inkişafını əngəlləyən əsas maneə hesab olunur. Çağdaş Rusiya iqtisadiyyatının rəqəmlərlə ifadəsi deyilənləri əyani surətdə təsdiqləmiş olur. Bu yöndə, bir neçə gün bundan əvvəl Rusiya iqtisadiyyatına yönəlik Avropa Parlamentində səslənən fikirlər ibrətamizliyi ilə diqqəti çəkir. KİV-in 2 gün əvvəl (martın 31-i) yaydığı məlumatda deyilir ki, Avropa Parlamentinin Tədqiqat xidmətinin hesabatında belə bir fikir yer alıb: «Rusiya iqtisadiyyatı Avropa iqtisadiyyatı ilə müqayisədə azı 50 il geri qalır!» Əlavə edilir ki, böyük ehtimalla, bu fərq yaxın illərdə azalmayacaq...

Rusiya iqtisadiyyatının mövcud durumu barədə ötən illərdə çoxsaylı bədbin fikirlər səslənib, bədbin proqnozlar verilib. Məsələn, hələ 2011-ci ildə xəbər verilmişdi ki, ABŞ prezidenti Barak Obama dünyanın nəhəng kriminal sindikatlarına qarşı sankisiyaların tətbiq olunduğunu elan edib. ABŞ Dövlət Departamenindəki məbəyə istinad edən KİV-lər qeyd etmişdilər ki, bu sırada «Qardaş çevrəsi» adlanan rus «mafiyası» da yer alıb. «Transmilli təhlükələr» adlı layihənin direktoru Arno de Borşqrafın hazırladığı «Rusiyada mütəşəkkil cinayətkarlıq» xüsusi hesabatında deyilirdi ki, Rusiyada mövcud kriminal və korrupsiya üzərində qələbə çalmaq üçün Cinayət Məcəlləsindən çox, siyasi iradəyə ehtiyac var. Mənbə yazırdı ki, hesabat müəllifinin fikrincə, mövcud şəraitdə Rusiya iqtisadiyyatının 2/3-i mütəşəkkil cinayətkar qruplaşmaların tam nəzarəti altındadır. Burada özəl sektorun payı 40 faiz, dövlət müəssisələrinin payı 60 faiz təşkil edir. Ölkədə fəaliyyət göstərən 1740 bankın yarısı mafioz strukturlara məxsusdur.

Hesabat müəllifləri qeyd edirlər ki, şəxsi maraqlar naminə Rusiyanın yüksək çinli məmurları ölkənin milli maraqlarının əksinə getməkdən çəkinmirlər. Misal olaraq belə bir fakt ortaya atılır ki, hələ 90-cı illərdə Rusiya Federasiyası Kosmik Agentliyinin direktoru Yuri Koptev İrana nüvə texnologiyası satmağa cəhd göstərib. Müəlliflər hesab edirlər ki, ölkədə hakimiyyətin kriminallar tərəfindən zəbt olunması SSRİ dağılandan az sona - partiya nomenklaturası ilə DTK təmsilçilərinin birləşərək, mafioz struktura çevrilməsindən sonra başlanıb...

Başqa bir misal qismində Rusiya prezidenti Boris Yeltsinin ailəsinə qarşı qaldırılmış cinayət işini, bununla əlaqədar olaraq, ölkənin baş prokuroru Skuratovun şantaj edilərək, öz ərizəsi ilə vəzifədən getməyə məcbur edilməsi faktını önə çəkmək olar. Mənbələr yazır ki, məhz ölkənin indiki prezidenti Vladimir Putin bu işin ört-basdır olunması barədə qərar verib (keçmiş DTK general Kaluqinin məlum müsahibəsini xatırla).

Bir müddət bundan əvvəl «Arqumentı i Faktı» qəzetinin verdiyi məlumatda deyilirdi ki, hazırda Rusiya Dövlət Dumasının deputatları sırasında 7 nəfər «qanuni oğru» yer alıb...

Rusiyanın indiki çıxılmaz vəziyyətə düşməsinin səbəbləri sadaladığım amillərlə bitmir. Burada ölkə iqtisadiyyatının böyük nisbətdə, neftdən asılı vəziyyətdə olması, hakimiyyətin isə onu vaxtında diversifikasiya etməməsi amilini xüsusi qeyd etmək lazımdır. Heç təsadüfi deyil ki, məlum hadisələrdən sonra Qərbin tətbiq etdiyi sanksiyaların «istisi» hakimiyyət mənsublarının «canına təsir edən kimi» prezident Putin özü diversifikasiya məsələsini qabartdı və bu istiqamətdə buraxılmış səhvləri xusisilə tənqid atəşinə tutdu. Fəqət, gec idi - məqam əldən buraxılmışdı.

Bütün bunların geniş ictimaiyyətdən gizli saxlanması, görünənlərin ara-sıra doğurduğu ictimai narazılıqların boğulması və insanların diqqətinin ölkədə tüğyan edən talan-qarətdən yayındırılması məqsədilə hakimiyyət tədricən (2003-cü ildən başlayaraq) avtoritar idarəçilik üsullarına keçməyə başladı. Bu yöndə insanların vətənpərvərlik hissləri ilə manipulyasiya olunması əməliyyatları geniş vüsət almağa başladı. Heç təsadüfi deyil ki, hələ 2006-cı ildə bu tendensiyanı görən, onun ölkə üçün dağıdıcı perspektivlərindən sarsılan mərhum Yeqor Qaydar «Rusiyada Veymar sindromu» adlı məqalə yazmışdı. Müəllif məqalədə göstərmişdi ki, insanların imperiya ambisiyalarının kütləvi xarakter almasını nəzərdə tutan «Veymar sindromu» («imperniya sindromu») hakimiyyətin əlində güclü silaha çevrilib. Onun köməyi ilə hakimiyyət geniş ictimaiyyəti ətrafına toplaya və öz reytinqini qaldıra bilər. Fəqət, bu tendensiya ölkəni fəlakətə aparır. Çünki «İmperiya sindromu»nun geniş vüsət alması, mahiyyət etibarilə, qonşu dövlətləri təhdid altına almış olur ki, bu da Rusiyanın bölgədə və dünyada təklənməsinə gətirib çıxaracaq. Günümüzdə cərəyan edənlər bu proqnozun nə qədər doğru olduğunu bir daha ortaya qoyur. Məsələn, Rusiya KİV-nin yaydığı məlumata görə, indi Rusiya prezidentinin reytinqi 85,0 faizdən yuxarı qalxıb. Aydındır ki, Krımın ilhaqı bu məsələdə böyük rol oynayıb. İlhaq isə qonşu Ukraynının ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğalı deməkdir. «Qəribə»dir ki, təxminən, bir əsrdən artıq dövr ərzində dünyaya «beynəlmiləlçilik»dən mühazirə oxuyan Rusiyanın əhalisi indi qonşu dövlətə qarşı təcavüzü alqışlayır, bu xidmətinə görə, öz prezidentinə olan məhəbbətini 85,0 faizə qaldırır!

Təsadüfi deyil ki, bu günlərdə Rusiyada keçirilən bir tədbirdə (Vətəndaş Təşəbbüsləri Komitəsi) Strateji Araşdırmalar Mərkəzinin direktoru Sergey Belanovski elə beləcə deyib: «Bu gün Rusiyada gerçək siyasi partiya yoxdur, siyasi səhnədə isə təkcə bir oyunçu qalıb - Vladimir Putin».

Bəli, indi Rusiyanın başı üzərində çox idbar bir kabus dolaşmaqdadır - «İmperiya sindromu» kabusu! Bunun təsirindən məst olmuş ölkə siyasiləri yarışa çıxıblarmış kimi, bir-birinin ardınca təcavüzkar bəyanatlar verməkdən yorulmur, qonşu dövlətləri müxtəlif məzmunlu təhdidlər altına alır, onların suverenliyini, ərazi bütövlüyünü hesaba almayan avantürist çıxışlar yapırlar. Bu sırada Dövlət Duması deputatlarının «xidmət»i xüsusilə diqqətəlayiqdir. Misal olaraq, bir neçə gün bundan əvvəl deputat, Rusiya LDP-nın sədri V.Jirinovskinin Azərbaycan saytı «haqqın.az»-a verdiyi müsahibədə Azərbaycana yönəlik səsləndirdiyi sərsəm (faşist səciyyəli) fikri önə çəkmək istəyirəm. Məlum müsahibədə Jirinovski açıq mətnlə deyib ki, Qarabağ münaqişəsini həll etmək üçün Dağlıq Qarabağa Rusiya qoşunları yeridilməli, Azərbaycanın bu bölgəsi Rusiyanın nəzarəti altına verilməlidir! Gördünüzmü? Daha faşizmin buynuzu olmaz ki!

Bu sıraya rusiyalı deputat Leonid Slutskinin İrəvanda Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri, Prezident Vladimir Putinin Qazaxıstan barədə dediklərini də («tarixdə Qazaxıstan adlı dövlət olmayıb») əlavə etsək, gözlərimiz qarşısında gerçək mənzərə bütün eybəcərlikləri ilə canlanmış olar. Buraya, Rusiyanın Baltik ölkələrinə, Moldovaya, Gürcüstana yönəlik yeritdiyi «samanaltı» siyasəti də əlavə etmək lazımdır. Belədə, gözlərimiz qarşısında aşağıdakı sual «bərq vurur»: «Bütün bunlar Rusiyaya qarşı adekvat reaksiya doğurmurmu?»

Sadaladıqlarım heç də o qənaətə gəlməyə əsas vermir ki, çağdaş Rusiya gerçək vətənpərvər insanlardan, ayıq başla düşünən siyasətçilərdən xalidir. Əsla! Müşahidələr göstərir ki, Rusiyanın çağdaş imperialist siyasəti ölkədə çoxlarını ciddi şəkildə narahat edir. Məsələn, bu günlərdə rusiyalı siyasətçi, «Levada-Mərkəz»in rəhbəri Lev Qudkov belə bir fikir səsləndirib ki, artıq Rusiya hakimiyyəti avtoritar mahiyyətini aşaraq, repressiv və despotik məzmun alıb! Bu da mahiyyət etibarilə, ölkədə siyasi özbaşınalığın tüğyan erməsi, konstitusiya qarışıq, dövlət qanunlarının hesaba alınmaması deməkdir. Fəqət, hələlik bu ölkədə despotik hakimiyyətin mövqeyi xeyli möhkəmdir. Çünki, belə vəziyyət əlahəzrət «kriminal kapital»ı qane edir...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar