KOLLEKTİV MÜDAFİƏ REAKSİYASI - ABŞ Çini Rusiyadan necə qopara bilər?

“Maraqların təmin olunmasına hesablanmış müttəfiqlik”

Çin lideri Si Çzinpin hakimiyyəti dövründə Rusiya prezidenti Vladimir Putin ilə ən azı on dəfə görüşüb. Onların hər ikisi öz dostluqları barəsində çox coşqu ilə danışmağı xoşlayırlar. Hətta Putin söyləyib ki, onlar birlikdə Si Çzinpinin 61-ci doğum gününü araq və buterbrodla qeyd ediblər. Öz növbəsində Si Çzinpin isə Corc Buş sayağı deyib ki, o, Putinin qəlbinə nəzər yetirə bilib.

Bütün bunların hamısı əsas etibarı ilə teatrdır, lakin hər iki lideri şəxsi əlaqələri və qardaşlıq yaxınlaşmasından daha çox ümumi düşmənə qarşı vahid əməkdaşlıq siyasəti birləşdirir. Heç də sadə olmayan Rusiya–Çin münasibətlərinin qarşılıqlı ittihamlarla dolu olan keşməkeşli tarixi çox yaxşı məlumdur və həmin tarixə diqqətlə nəzər saldıqdan sonra, biz belə bir sual verməliyik ki, görəsən hansı ciddi dəyişikliklər baş verib ki, bu iki ölkə ikitərəfli möhkəm strateji əlaqələr qurmağa can atırlar.

Si Çzinpin və Vladimir Putin bir-birlərinə ABŞ–dan gələ biləcək təhlükələrə qarşı dayanmaq üçün lazımdırlar. Sovet İttifaqının dağılmasından sonra NATO və Avropa Birliyi Rusiyanın sərhədlərinə doğru yaxınlaşıblar. Ona görə də, Putin belə bir fikir irəli sürür ki, Qərb Rusiyaya praktik olaraq düşmən münasibəti bəsləyir. Amerikanın üzünü Asiya istiqamətinə tərəf çevirməsi Çində də anoloji düşüncələrin yaranmasına səbəb olub. Pekin hesab edir ki, onun artan gücünün önünü kəsmək və regionda Amerikan təsirini qoruyub saxlamaq üçün, ABŞ Asiyada Çini siyasi cəhətdən əhatə dairəsinə almağa çalışır. Beləliklə də Putin və Si Çzinpin onların maraqlarına xələl gətirə biləcək ümumi düşmənə qarşı kollektiv müdafiə reaksiyası nümayiş etdirirlər.

Bu yaxınlarda Çin Rusiya enerji resurslarının alınmasına necə hazır olduğunu göstərdi və bu da Moskvaya Qərb sanksiyalarına qarşı müəyyən dərəcədə duruş gətirmək imkanı verdi. Lakin bəzi analitiklər hesab edirlər ki, neft-qaz sövdələşməsi müəyyən mənada maskalanmış maliyyə yardımı olmaqla yanaşı, burada həmçinin Çinin digər maraqları da yer alır. Çin özünün artan enerji tələbini ödəmək və Sakit okean akvatoriyasında ABŞ donanmasının təhlükə törədə biləcəyi ehtimalını da nəzərə alıb, öz təchizatının təmin olunması üçün neft –qaz ixracatını quru yolu vasitəsilə əsaslı şəkildə möhkəmləndirməyə çalışır. Başqa bir səbəb isə kömürdən daha təmiz yanacaq növünə keçməklə, ölkənin ekoloji problemlərinin də həll edilməsidir. Çin və Rusiya özlərinə qarşı yönələn istənilən alyansa qarşı birlikdə dayana biləcəklərini hiss edirlər.

Əgər Qərb alyansının Rusiya və Çini təcrid etmək və yol kənarına itələmək arzusu öz mövcudluğunu saxlayacaqsa, onda bu iki böyük dövlət arasındakı münasibətlər daha sıx olacaq.

Putinin Çin ilə yaxınlaşmasına maneçilik törətmək üçün ABŞ-ın şansları o qədər də böyük deyil. Çünki ölkə iqtisadiyyatını sabit vəziyyətdə saxlamaq yolunda Çin Rusiyanın sonuncu şansıdır. Amma Rusiya Çin üçün nisbətən az əhəmiyyət daşıyır. Əslində isə Çin Qərblə əməkdaşlıq əlaqələrinə daha çox üstünlük verərdi. Əlbəttə ki, Çin Putinə ehtiyatla yanaşır və bunun səbəbi onun etibarlı tərəfdaş olub-olmamasından qaynaqlanmır. Ona görə ki, Putin rusdur və çinlilər isə ruslara ehtiyatla yanaşırlar. ABŞ-ın Çinlə münasibətlərini yaxşılaşdırmaq üçün əsaslı imkanları var, lakin bunun üçün siyasətdə dəyişikliklər etmək lazımdır.

Birinci addım ondan ibarət ola bilər ki, Çənubi-Çin dənizi ərazisində mövcud olan ərazi mübahisələrinə müdaxilə kəsilsin. Çünki məsələyə daha dərindən yanaşsaq, əslində ABŞ-ın orada çox mühüm sayılacaq marağı yoxdur. Öz müttəfiqi Filippini müdafiə etmək məqsədi ilə ABŞ-ın həmin dəniz akvatoriyasında hər hansı bir müdaxiləyə baş vurması sadəcə səhvdir. Ona görə ki, bu iki ölkə arasındakı müttəfiqlik anlaşması, sərhəd mübahisələrinin həlli üçün yox, müştərək müdafiə məsələlərinə aiddir.

Əgər ABŞ öz müdaxilələrinə və başqalarına öyüd-nəsihət vemək siyasətinə son qoyaraq, dəniz yolları məsələsində özünü yuxarı instansiyalı hakim kimi aparmaqdan əl çəkərsə, onda onlar Çinin Rusiyaya qarşı soyuqluğunun və öz sərhəd mübahisələrini də necə nizama saldığının şahidi olarlar.

(Reuters)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar