PLAGİAT, SAXTAKARLIQ, QRUPLAŞMA – Elm ocağında inanılmaz MACƏRALAR

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) keçirilən son seçkilərdən az qala bir ilə yaxın vaxt keçsə də, narazılıqlar hələ də davam edir. Məlum olduğu kimi, bir qrup alim seçkilərin nəticələrinin qeyri-obyektiv olduğunu bildirərək, narazılıqlarını açıq formada ifadə ediblər. Onlar AMEA-nın üzvlərinin seçki yolu ilə deyil, əvvəlcədən müəyyən edilmiş siyahı əsasında təyin edildiyini bildirirlər. 

Narazı aimlərin əksəriyyəti etirazların nəticə vermədiyini görərək sakitləşsə də, tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunun əməkdaşı Elman Şahverdiyev mübaizəsini davam etdirir.

Xatırladaq ki, Elman Şahverdiyev indiyə qədər on dörd beynəlxalq qrant alan (Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Almaniya Universitetlərindən), həm də 30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Cərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlı alimdir. 20-dən yuxarı Beynəlxalq jurnallarda resenzent kimi fəaliyyət göstərən Elman Şahverdiyev, ABŞ-da dərc olunan “Dynamical and Control Systems” (IASR) Jurnalının Editorlarından biridir.

Onu da yada salaq ki, Elman Şahverdiyev bir müddət əvvəl “AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə

Elman Şahverdiyev[/caption]

Eyni zamanda onların hansı yolla, kimlərin vasitəsilə AMEA-ya üzv seçildiyini açıqlamışdı. Elman Şahverdiyev həmin məktubunda prezident İlham Əliyevdən AMEA-ya seçkilərin nəticələrini ləğv etməyi xahiş etmişdi.

Narazı alim “AzPolitika.info” vasitəsilə Prezident İlham Əliyevə ünvanladığı bu dəfəki müraciətində isə Milli Akademiyaya seçkilərdə baş verən pozuntularla yanaşı, AMEA-nın prezidenti Akif Əlizadə, Prezident Administrasiyası Humanitar Şöbəsinin müdiri Fatma Abdullazadə və Fizika İnstitutunun direktoru Nazim Məmmədovla bəzi ittihamlarla çıxış edir, onların istefaya göndərilməsini xahiş edir. Müraciətin bir hissəsi bundan əvvəl saytımızda dərc olunan Açıq Məktubda və müraciətdə əks olunduğundan, yeni məktubu müəyyən ixtisarla təqdim edirik:

28 ildir məqalə dərc etdirməyən şəxs AMEA-ya üzv təyin olunub

E.Şahverdiyev yazır ki, MEA-ya təyinatlar üç mərkəzin konsensusuna əsaslanıb. Fizika ixtisası üzrə təyinatlardan danışsaq, 2 nəfər Prezident Administrasiyasının rəhbərliyi tərəfindən, 5 nəfər administrasiyanın Humanitar siyasət söbəsinin rəhbəri tərəfindən və nəhayət 3 nəfər tanınmış bir rektor tərəfindən təyin olunub.

"Bir daha xatırladıram ki, AMEA-ya təyinatlarda mənə qarşı böyük haqsızlıq, ədalətsizlik olub. Fizika üzrə təyin olunmuş üç həqiqi üzvün (T.Cəfərov, B.Tağıyev və C.Abdinov) işlərinə cəmi sitatlar mənimkindən 2 dəfə azdır. Həmçinin təyin edilmış müxbir üzvün (A.Kazımzadə, Ö.Abdinov, R.Hüseynov, N.Məmmədov və Ə.Nəhmədov: qalan iki nəfər dünyasını dəyışıb) cəmi sitatları mənimkindən azdır.

İnstitutda xaricdə yaşayanlar, amma elmlə məşgul olmayanlar da var ki, adları ştat cədvəlindədir. Bariz bir nümunə kimi 28 ildir məqalələr dərc etdirməyən, elmə sıfır səviyyəsində sitat gətirən, elmlə məşğul olmayan, faktiki ölkədə yaşamayan, amma adı laboratoriyaya rəhbərlik edən kimi gedən, illik hesabatını isə başqaları verən 76 yaşlı R.Hüseynovu göstərmək olar! Bu təyinat ölkə elmi ictimaiyyətini ələ salmaq, onu məsxərəyə qoymaqdır. Sanki elm adamlarına mesaj göndərilir ki, biz kimi istəyirik, onu da təyin edirik, bizim üçün heç bir əhəmiyyəti yoxdur ki, bu adam elmlə məşğul olmur, əsas məsələ bizim istəyimizdir! Gedin işinizlə məşğul olun!

Xatırlatmaq istəyirəm ki, R.Hüseynovun ABŞ-da vaxtı ilə ölkədən ittifaqın dağılması zamanı emiqrasiya etmış bəzi insanlarla yaxın münasibəti olub. Adətən belə getmələrin səbəbi iqtisadı amillə bağlı olsa da, guya təqib edildiklərini iddia edənlər də az deyil. R.Hüseynov də elə bu səbəblərdən ailə üzvləri ilə birlikdə ABŞ-da asanlıqla yaşamaq hüququna malik ola bilib...

Fatma Abdullazadənin himayəsində olan İnstitut direktoru nələrlə məşğuldur?

[caption id="attachment_107048" align="alignleft" width="300"]

Nazim Məmmədov[/caption]

Prezident Administrasiyasının şöbə müdiri F.Abdullazadənın həyat yoldaşı Oktay Ələkbərov baza fizika təhsili olmayan, adı dəfələrlə plagiatda hallanan Nazim Məmmədovu Fizika İnstitutunun rəhbərliyinə təyin etdirəndən sonra xaricdə dərc olunmuş məqalələrin sayı 30 faiz azalıb!!! Yenə də baza fizika təhsili olmayan N.Məmmədov həm də cəmi 4 səs yığmasına baxmayaraq, fizika ixtisası üzrə müxbir üzv təyin etdirilib. O.Ələkbərov onu təyin etdirib kı, “bu camaatı şillə-təpiklə idarə etsin”.

N.Məmmədov da bu yüksək etimadı layiqincə doğruldur. Kiməsə külqabı atmaq, bir ahıl akademiki Elmi Şurada vurmaq cəhdi, nalayiq söyüşlər söymək, hədə gəlmək, kollektivdə ayrı-seçkilik salmaq, direktor kabinetindən kimisə qovub koridora çıxatmaq və onu koridorda qışqıra-qıçqıra təqib etmək N.Məmmədovun geniş repertuarının hələ çox xırda epizodlarıdır...

Qeyd edim ki, Prezident yanında Elmin İnkişafı Fondu (EİF) yarandığı 2010-cü ildən bəri elmə qoyduğu maliyyənin az qala üçdə birini N.Məmmədovun adının keçdiyi layihələrə ayırıb. Dövlət Neft şirkətinın Elm Fondu da onu ən azı iki dəfə maliyyələşdırıb. İndi də AMEA Rəyasət Heyəti bu sıraya qoşulub. Doğrudur, AMEA Fizika İnstitutundan başqaları da qrantlara “layiq” görülüb. İstinasız olaraq onların hamısı N.Məmmədov – O.Ələkbərov cütlüyünün razılığı ilə bu qrantlara “təyin” edilib. Əvəzində isə qrant “alanlar” N.Məmmədovu, bir sıra hallarda isə O.Ələkbərovu həmmüəllif kimi məqalələrinə qoşurlar. İşin ilginc tərəfi ordadır ki, bir çox hallarda N.Məmmədov-O.Ələkbərov tandemi o işlərlə məşgul olmayıb, sahələrinə aid deyil və s.

Nəticədə Fizika İnstitutundan xaricdə dərc olunan məqalələrin sayı əhəmiyyətli dərəcədə azalsa da, N. Məmmədovun məqalələrinin sayı xeyli artmışdır. N.Məmmədov faktiki olaraq İnstitutun məşğul olduğu istiqamətlərin bir çoxunu ləğv etməyə çalışır, xaricdə və daxildə ona məqalə yazmağa hazır olanların istiqamətlərini isə elmin prioritet sahələri kimi AMEA-ya sırayır. Belə sıxışdırma yuxarıda qeyd olunan 30 faizlik azalmanın əsas səbəblərindən biridir. N. Məmmədov, adətən ən azı 7-8 nəfərlik müəlliflər kollektivinin tərkibində məqalələr dərc etdirmış və bu sırada o, əksər hallarda axırıncı yerlərdə qərar tutmuşdur. Bunun açılışı odur ki, bu adam əksər adı keçən məqalələrdə aparıcı və ya əsas müəllif olmayıb, mahiyyətcə heç vaxt müstəqil şəkildə bir məqaləni, bir eksperimenti belə əvvəldən axıra tamamlamamışdır. N.Məmmədovun başqalarının əməyini mənimsəməsi elə bu faktdan görünür ki, 2014-cü ilin nəticələrinə görə, onun xarıcdə 36 konfrans materialında adı keçir. Bu ayda 3 material deməkdir! Görəsən hansı ağlı başında olan elm adamı buna inanar?

Milyonlar mənimsənilir...

Bunun səbəbi çox sadədır: bütün xalqa məxsus dövlət büdcəsinin pullarının hesabına başqalarını ələalma, şəxsi maraqlarını təmin etmə! Digər ilginc məqam ondan ibarətdir ki, bu konfrans materialları sonradan hansısa jurnalı icarəyə götürməklə, orada dərc olunur. Faktiki N.Məmmədovun əksər məqalələri konfrans materialları kimi dərc edilmışdir!

Bildirim ki, N.Məmmədov faktiki olaraq 2011-ci ildən İnstitutun rəhbəridir, onu vəzifəyə gətirmək üçün xüsusi olaraq İnnovasiya üzrə direktor müavini postu təşkil olunmuşdu. N.Məmmədov özü haqqında elmi etikaya zidd olaraq yalan məlumatlar verməkdən belə çəkinmir. Belə ki, 26 Noyabr 2013-cü ildə AMEA-nin rəsmi saytında məlumat getdi ki, N.Məmmədov ona yaxın elmlər namizədinə və doktoruna rəhbərlik etmışdır. Görəsən bu doğrudanda belədirsə, niyə o, indiyəcən professor rütbəsi almayıb. Axı indi bunun üçün cəmi 4 nəfərə rəhbərlik lazımdır.

Belə saymazyana davranışların bir səbəbi var: onun arxasında Prezident Administrasiyasının Humanitar siyasət şöbəsi durur! Bunun nəticəsində isə indi AMEA-da Ostap Benderlər, Xlestakovlar, şeyx Nəsrullahlar, yalançı Dmitrilər meydan sulayır.

Maraqlıdır ki, innovasiya üzrə direktor müavini postu uzun müddət boş qaldıqdan sonra, 2014-cü ilin sonunda ora A.Bayramov adlı bir elmi işçi təyin edilib. Onun hətta şişirdilmış google.com.da belə işlərinə sitatlar yox dərəcəsindədir. Bəs onda belə bir adam hara, innovasiya postu hara?! Burada xatırlatmaq istəyirəm ki, 2010-cü ildə N.Məmmədovun faktiki rəhbərliyi altında olan qrupa EİF 3,5 milyon qrant ayırmışdı. Qrantın çap olunan nəticələri arasında plagiatlığı iddia olunan əsas nəticə də vardı. Bu barədə mətbuatda geniş yazı da getmışdı. Plagiatlıqda ittiham olunanlar cavab hüququndan istifadə etsələr də, o cavab əslində elə plagiatlıq iddiasının əsassız olmadığını bir daha göstərdi. Qeyd edim ki, həmin nəticə elə məhz A.Bayramovun rəhbəri olduğu laboratoriyanın (“Nazik təbəqəli strukturlar”) əsas nəticəsi kimi təqdim olunmuşdu. O vaxtdan AMEA Rəyasət Heyəti A.Bayramovun adının keçdiyi layihələrə bir neçə milyon qrant ayırmışdır. Milyonlar mənimsənilir, elmə gətirilən sitatlar isə yox dərəcəsindədır.

Təyin edilmişlər arasında adı rüşvətdə hallananlar, ikili vətəndaşlığı olanlar var

N.Məmmədovun direktor kimi qəbul günü yoxdur. N.Məmmədov F.Abullazadənin və O.Ələkbərovun Fransada yaşayan ən yaxın qohumunun Yaponiyada bəzi rəsmlərini çap etdirməkdə köməkçi rolunu oynamışdır. Yeri gəlmışkən, yuxarıda adı keçən Ə.Nəhmədov da F.Abullazadənin və O.Ələkbərovun Almaniyada və Türkiyədə yaşayan digər ən yaxın qohumuna xaricdə logistik dəstək vermışdır. Digər ilginc nüanslar da var: açar sözlər olaraq məsələn, Almaniya, villa, gözətçi və.s. kimi sözlərdən istifadə etmək olar. Bildirmək istəyirəm ki, mən bir ölkə vətəndaşının digərinə dəstək olmasının əleyhinə deyiləm. Demək istədiyim odur ki, belə özəl münasibətlər vəzifələrə təyinatda, AMEA-ya akademik təyin olunmaqda, qrant almaqda həlledici rol oynamamalıdır!!! Bu həm etikanın, həm də qanunun tələbidir!

Bu kontekstdə xatırlatmaq istəyirəm ki, AMEA-ya sonuncu seçkilər üçün iki dəfə: 2012-ci ilin fevralında və 2014-cü ilin martında elan verilmişdı. Yenicə müdafiə etmış (ilkin müdafiəni isə Skype vasitəsi ilə Almaniyadan etmışdır) Ə.Nəhmədov 2012-ci ilin elanına sənədlərini çatdırmamışdı.

Bəlkə elə yuxarıda qeyd olunan özəl münasibətə görə, 2014-cü ildə elan verilmışdı ki, o da sənədlərini verə bilsin. Doğrudur, 2013–cü ildə AMEA-nın əvvəlki Prezidentinin qəfil ölümü də seçkini bir xeyli ləngitdi. İstənilən halda bir elan üzrə seçki keçirilmədən digər elanın verilməsi qeyri-qanuni aktdır, özbaşınalıqdır. Görəsən tez-tez hüquqi təminatdan, hüquqi bazadan danışan AMEA rəhbəri bu Nizamnamə pozuntularını görmürmü? Ən genış yayılmış informasiyalara görə, təyin edilənlər arasında azı beş nəfərin ikili vətəndaşlığı olub ki, bu da ölkənin əsas qanununa ziddir! Digər bir məqam: təyin edilmişlər arasında adı rüşvət qalmaqalında hallanan, hətta saksiyalara məruz qalanlar da olub. İndi onların bəziləri hətta AMEA və onun qurumlarının rəhbərliyinə gətirilib. Amma indi kimdir belə analoqsuz hadisələrə fikir verən?! Kefləri neçə istəyir, elə də hərəkət edirlər. Heç nə veclərinə deyil. Amma sağlam məntiq deyir ki, adətən belə özbaşınalıqlar sonun əvvəli kimi də yozula bilər!

Digər bir maraqlı nüans: institutun qarşışında işçilərin maşınlarının dayanması üçün böyük bir meydança var. Hər halda əvvəllər belə olub. İndi o meydançada yalnız bir adam maşın saxlaya bilər - N.Məmmədov! Uzaqdan bu gülməli və eyni zamanda miskin mənzərəyə baxanda adama elə gəlir ki, sanki səhradasan: boz bina, ətrafda sakitçilik və binanın qarşısında bir dənə qara avtomobil!!!

Fatma Abdullazadənin əri, rəsmi səlahiyyəti olmasa da, özünü balaca padşah kimi aparır

N.Məmmədovu direktor, akademik təyin etdirən, qrantlara “layiq” gördürən O.Ələkbərovun özü də dəfələrlə EIF qrantlarına “layiq” görülüb. Məlumdur ki, F.Abdullazadə EİF-in Himayədarlar Şurasının, administrasiya rəhbərindən sonra, əsas həlledici üzvüdür!

O.Ələkbərov yuxarıda qeyd edilən Ə.Nəhmədovu isə əsasən ona məqalələr yazdığına görə müxbir üzv təyin etdirib. Həyatın istehzasına bax ki, 20 ildir Almaniyada yaşamağına baxmayaraq, onun elmə gətirdiyi sitatların sayı cəmi 50-dir; mənimkindən düz 11 dəfə az. Sitatların az olmasının bir səbəbi var: onun gördüyü işlər kiminsə çoxdan elədiyinə cüzi marginal əlavədir. Yeni nəticələr isə yox dərəcəsindədir! Görəsən illərdir Azərbaycana ayağı dəyməyən bu adam başqasının haqqını yeməyə niyə belə meyillidir! Görəsən bu adam ona verilmiş bu hədiyyəni necə qəbul edə bilər, elmi ictimaiyyət arasına necə çıxa bilər? Bu adam həm də humanitar yığıncaqların daimi iştirakçısıdır! Qarşısına da bir “Almaniya” lövhəsi qoymaqla! Keçən il isə O.Ələkbərov Ə.Nəhmədovun dissertasiyasını birlikdə kitab şəklində Bakıda çap etdiriblər. Qeyd etmək istəyirəm ki, bu, O.Ələkbərovun öz adına birinci belə kitab dərc etdirmək “təcrübəsi” deyil! Bundan əlavə o, özünü kimlərinsə qrantına sarımaq sahəsində də xeyli “təcrübə” yığmışdır.

Müstəqilliyimizin ilk illərində, CRDF ABŞ-Azərbaycan proqramından qrant almış bir nəfərə kömək müqabilində özünü iştirakçı qismində sırımağa nail olmuşdu. Həyat yoldaşının statusundan sui-istifadə edən O.Ələkbərov AMEA-nin bütün işlərinə qarışır, bir çox məsələlərdə həlledici soz sahibidir. O.Ələkbərov səviyyəsinə uyğun, şəxsi maraqları naminə F.Abdullazadə üçün kadr bankı yaradır, AMEA-ya öz kvotaları daxılındə təyin olunanların siyahısını tutur, elmin prioritet istiqamətlərini müəyyən edir, Prezidiumun, Fizika-Riyaziyyat-Texnika elmləri bölməsinin gündəliyini müəyyən edir, orada kim çıxış edə bilər, onları təyin edir, xoşlamadığı adamları işləri yekun mərhələsində olan biçarə aspirantlara elmi rəhbərlikdən uzaqlaşdırır, özünə sərf edən adamları AAK-da yüksək vəzifələrə təyin etdirir, bir sözlə, bu adam özünü heç bir rəsmi səlahiyyəti olmaya-olmaya balaca padşah qismində görür! Görəsən bu arxayınçılıq haradan qaynaqlanır?! Təsəvvür edin ki, elmə cüzi sitat gətirən bu adam Azərbaycan elminin prioritet istiqamətlərini müəyyən edir, onları F.Abdullazadə vasitəsi ilə AMEA Rəyasət Heyətinə, EİF-ə qəbul etdirir! Məqsəd isə odur ki, sonra bu “prioritet istiqamətlər”ə əsaslanaraq ayrılan qrantları öz adamlarına “aldıra” bilsinlər. Böyük çətinlik çəkmədən adətən qrantların kimə veriləcəyini hamı əvvəlcədən bilir!

Yuxarıda qeyd edildi ki, O.Ələkbərov həm də AMEA qurumlarının gündəliyini müəyyən edir. Bircə fakta müraciət etmək istəyirəm: Adətən qəbul olunmuş normalara görə, məruzələr İnstitutlarda müzakirə ediləndən sonra müvafiq bölmələrin iclaslarına çıxarılır. Milyonlarla qranta layiq görülmüş və sonda innovasiya üzrə direktor müavini təyin edilmiş A.Bayramovun timsalinda isə bu ardıcıllıq əks qaydada həyata keçirilmişdir. Görünür onu hansısa səbəblərdən təcili direktor müavini təyin etmək lazım gəlib!!!

Bir sözlə, son illər faktiki olaraq F.Abdullazadə sanki öz səlahiyyətlərini O.Ələkbərova həvalə etmişdir.

İnstitut direktoru özünün 60 illiyilə bağlı “amnistiya elan edib”

Bir məsələni də qeyd etmək istəyirəm. F. Abdullazadə, AMEA rəhbəri A.Əlizadə, Fizika İnstitutunun direktoru N.Məmmədov leksikonlarına bəlli səbəblərdən “sitat” kəlməsini əlavə edə bilmirlər. Bəlkə onların əlavə treninqlərə ehtiyacı var! Axı bu leksiki çətinlikdən uduzan Azərbaycan elmidir! Sizə müraciət edirəm ki, Azərbaycan elmini yenilikləri, qiymətləndirmə meyarlarını qəbul edə bilməyən bu cür rəhbərlərdən xilas edəsiniz!

Yeri gəlmişkən, N.Məmmədovun həmmüəllif işlərinə sitatların yarısı bir azərbaycanlı işçi tərəfindən edilir. Hətta onları da nəzərə alsaq, onun sitatlarının sayı mənimkindən 2 dəfə azdır. Nəzərdən qaçırılmamalı digər bir nüans isə onunla bağlıdır ki, qəbul olunmuş beynəlxalq meyarlara görə adətən beşdən artıq həmmüəlifi olan işlərə sitatların sayı həmmüəlliflərin sayına bölünür. Bu faktoru nəzərə alanda N.Məmmədov elmə elə təxminən Ə.Nəhmədov qədər (50) sitat gətirib.

Görəsən baza fizika təhsili olmayan bir adam hansı əsaslarla Fizika İnstitutunda olan 4 müdafiə şurasına rəhbərlik edir. N.Məmmədovun menecerliyinə gəlincə, onun necə bir menecer olması rəhbərliyi vaxtında xaricdə dərc olunmuş məqalələrin 30 faiz azalması faktından açıq-aydın görünür. Vəzifəyə təzəlikcə təyin olunanda o, özünü “qəbul etdirmək” üçün hədə-qorxu məqsədi ilə bir neçə dissertasiyanı müdafiəyə buraxmamaq qərarına gəlmişdi. Sonralar isə “60 illiyimlə bağlı amnistiya elan edirəm” deyərək həmin işlərin də müdafiə şuralarına çıxmasına razılıq vermişdır. Görün cəzasızlıq, özbaşınalıq, harınlamışlıq hansı həddə çatıb! Görün Azərbaycan elminin taleyi ilə bu harınlaşmışlar necə məzələnirlər!

Yenə də harada görünüb ki, baza fizika təhsili olmayan bir adam Dubnadakı Beynəlxalq Nüvə mərkəzində Azərbaycanın səlahiyyətli nümayəndəsi olsun! Əsas "yağlı tikə" isə qabaqdadır. CERN-dəki meqa proyektdə səlahiyyətli nümayəndə olmaq! O proyekt bu yaxınlarda daha yüksək texniki göstəriciləri ilə işə düşdü! Tələsmək lazımdır, axı orada iştirak ildə azı 100-150 yüksək impakt faktorlu məqalələrə həmmüəlliflik deməkdir. Nə olsun ki, 3 minlik müəlliflər kollektivinin tərkibində! Əsas odur ki, adın çıxsın! Lap sənə qətiyyən aidiyyəti olmayan işlər olsa belə! Gəzən söz-söhbətlərə görə, artıq N.Məmmədovun və ola bilsin ki, Ə.Nəhmədovun, hətta AMEA rəhbərliyinə gətirilməsi məsələsi də onların himayədarlarının gündəmindədır. Əvvəlcə Fizika-Riyaziyyat-Texnika bölməsi səviyyəsində! Yarı yolda bir adlı mükafata da layıq görülə bilərlər! Bu, əlbəttə bu plana mane olmaq istəyənlər tərəfindan ortaya atılmış bir dezinformasiya da ola bilər! Hər halda aprelin axırında olacaq ümumi yığıncağa az qalıb!

Fizika elmi sahəsində Ermənistan Azərbaycanı nə qədər geridə qoyur?

Cənab Prezident!

Bu gün beynəlxalq meyarlara görə Azərbaycan ən kiçik qonşularından belə dəfələrlə geridə qalır. Hər şeyin müqayisədə bilindiyini nəzərə alaraq, aşağıda SCOPUS data bazasına əsaslanaraq Azərbaycanın və qonşu kiçik Ermənistanın elmı nailiyyətlərinin qısa təhlilini aparıram. Qeyd edək ki, SCOPUS ən konservativ data bazasıdır; scholar.google.com isə həddən artıq şışırdilmış və elm aləmində ciddi qəbul olunmur; Thomson Reuters isə aralıq mövqedədır və daha çox google.com–a yaxındır.

Müqayisə 2013-cü və 2014-cü illərə qədər olan dövrü əhatə edir və 238 ölkənin və ərazi qurumlarının göstəricilərini özündə ehtiva edir. Elm adamları yaxşı bilir ki, belə cədvəllər obyektiv səbəblərdən müəyyən vaxt gecikməsi ilə dərc edilir. Beləliklə 2013-cü ilə qədərki dövr üçün:

1) sitat olunmuş məqalələrin sayına görə

Ermənistan (76 yerdə)- 9365, Azərbaycan (85 yerdə)- 7472;

2) Hirş indeksi (Hİ) üzrə göstəricilər belədir:

Ermənistan (64 yerdə)- Hİ=105, Azərbaycan (127 yer)- Hİ=45;

3) Məqalələrə sitatların sayina görə

Ermənistan (80 yer)- 73659, Azərbaycan (117 yer) -18607;

4) Bir məqaləyə olan sitatın sayına görə

Ermənistan (149 yer)-8,78, Azərbaycan (230 yer)- 3;

2014-cü ilə qədərki dövr üçün:

1) sitat olunmuş məqalələrin sayına görə

Ermənistan (77 yerdə)- 10264, Azərbaycan (86 yerdə)- 8156;

2) Hirş indeksi (Hİ) üzrə göstəricilər belədir:

Ermənistan (63 yerdə)- Hİ=116, Azərbaycan (128 yerdə)- Hİ=50;

3) Məqalələrə sitatların sayına görə

Ermənistan (79 yerdə)- 92664, Azərbaycan (112 yerdə) -25625;

4) Bir məqaləyə olan sitatın sayına görə

Ermənistan (149 yerdə)-9.76 , Azərbaycan (230 yerdə)- 3.48;

Əhalinin sayını da nəzərə alsaq, fərqin hansı miqyasda olmağı hər bir vətəndaşı dəhşətə gətirməlidir! Bəzi göstəricilər üzrə kiçik Ermənistan Azərbaycanı 10-16 dəfədən də çox üstələyir! Əvvəlki illərlə müqayisədə fərqin böyüməsi də xususi ilə qeyd olunmalıdır!

Akif Əlizadə elmdə sovet üsul-idarəsini bərpa etməyə çalışır

Cənab prezident, diqqət edin ki, yalnız bir il ərzində Ermənistanla Azərbaycan arasında fərq 10-20 faiz artmışdır. Bu uçurumla ölkəni necə regional elm mərkəzinə cevirmək olar?! Bir göstərici isə xüsusi diqqət tələb edir. Bir məqaləyə olan sitatların orta sayına görə Azərbaycan 238 ölkə və ərazi qurumları arasında 230-cu yerdədır!!!

Sual edirəm: AMEA-ya 28 ildir məqalələr dərc etdirməyənin birinin, elmlə məşğul olmayanların, elmə çox cüzi sitat gətirənlərin təyin edilməsi və Azərbaycan şəraitində büdcədən maaş alanlar üçün fantastik məğləblərlə aylıq mükafatlandırılması, qrantlara layiq görülməsi bu fərqi aradan qaldırmağa imkan yaradarmı?! Deməli, bu təyinatları həyata keçirənlər Azərbaycanda elmin inkişafını, ən azından qonşu dövlətlərin səviyyəsinə yaxınlaşmasını belə istəməyənlərdir!

Görəsən indiki AMEA rəhbəri (o, əvvəlki 20 il ərzində vitse-prezident olmuşdur!) elmdə canlanmalardan danışanda bu uçurumun yaratdığı vahiməni, yoxsa uçurumun dibində çabalayan Azərbaycan elmini nəzərdə tutur?! Az qala 2 il yarımdır AMEA-ya rəhbərlik edən A. Əlizadə fasiləsiz kadr dəyişiklikləri bataqlığında səmərəsiz fəaliyyəti ilə xatırlanır. İqtisadı böhran dövründə gah yeni İnstitutlar yaranmasını təklif edir, gah da yeni administrativ qurumlar yaradır. Bir sözlə, bu insan gününü nə iləsə başını qatmaqla keçirməlidir. Onun fəaliyyətində görünən əsas xətt isə elmdə sovet üsul-idarəsini bərpa etməyə çalışmasıdır. Görünür elmi idarəetməyə digər yanaşmalar onun təfəkkürü xaricindədir. O, qəbul edə bilmir ki, biz bir dəfə artıq o bataqlıqda batmışıq. Ora bir daha qayıtmaq bizim üçün məhvedicidir, özü də tək elm üçün yox... Görəsən Qərb elm sistemi elə arzuedilən deyilsə, niyə tibb-turist-elmi səfərlərimizi Qərbə və Şərqdəki Qərbə edirik?! Olmazmı ki, Qərbdəki şəraiti burada da yaratmağa çalışaq! Bu, isə bir çoxlarının planlarına aid deyil, axı ümumi kutlədən seçilmək lazımdır! Heç də təsadüfi deyil ki, AMEA şəhərciyində AA və analoji seriyalı avtomobillərin əlindən tərpənmək olmur. Bir köhnə hind filmində deyildiyi kimi, şəhərdə heykəl əlindən tərpənmək olmur! Elmin reytinqini AA-ya qaldırmaq lazımdır, gəzdiyiniz maşınların seriyasını yox!

A.Əlizadənin fasiləsiz-səmərəsiz fəaliyyəti kimlərəsə mesaj ola bilər ki, 82 yaşına baxmayaraq, o, hələ də qulluq etmək iqtidarındadır. A.Əlizadə onsuz da bir AMEA rəhbəri kimi Azərbaycan elm tarixinə şəxsi maraqları naminə ən saxta seçkilərə ahıl yaşında belə etiraz edə bilmədiyinə görə düşmüşdür. Deyərdim ki, bu prosesin özündə həm də fəal iştiraki ilə! 2014-cü ilin seçki elanı ona imkan yaratdı ki, bir çox adamlarını faktiki olaraq alternativsiz AMEA-ya təyin etdirə bilsin! Digər bir fakt: onun təlaş içində əlində Fizika-Riyaziyyat-Texnika bölməsinə əlavə yerlərə təyin olunmuş adamların siyahısını bölməyə hansı çətinlikdən sonra çatdırması haqqında lətifələr danışılır. Deyirlər ki, qapı açılmırmış!!! Bəlkə də kimsə icəridə öz oyununu oynamaq istəyirmiş!

Digər diqqətə layiq bir faktı nəzərinizə çatdırmaq istəyirəm. 2014-cü ilə qədər dövr üçün Azərbaycan alimlərinin işlərinə olan sitatların sayı 26 minə yaxındır! Fikir versəniz, bu o deməkdir ki, maksimum 38 bu sətirlərin müəllifi kimi sitat gətirən elmi işçilər bu göstəriciləri yığmaq iqtidarındadır: 38 x 674 (mənim Scopus-da elmi işlərimə öz-özünə istinadlarla olan sitatların sayı)= 25612. İndi siz görün kü, mənə qarşı necə böyük haqsızlığa, ədalətsizləyə yol verilib!

Azərbaycanın dövlət dilində danışmayanlar, danışa bilməyənlər rəhbərliyə gətirilir

Əvvəlki müraciətlərimdə seçkilərdə yeni bir “Şimal-Qərb” alyansının yaranmasına diqqət çəkmişdim. Diqqət edin ki, ölkədə bir-iki klanın dominantlığı faktiki olaraq ədalətli seçki keçirməyə də imkan vermir, çünki onların hansı “prinsip”lərlə səs verəcəyi hamıya yaxşı bəllidir. Mövcud regional bölmədən faktiki kvota ilə təyin edilənlər də bu “prinsip”ə öz töhfələrini əsirgəmirlər. Digər tərəfdən axı bu dominant klanlar da elmi meyarlara əsaslanmayan yanaşma ilə süni şəkildə son onilliklərdə yaradılıb.

İnsanların elmə verdiyi töhfələri, beynəlxalq meyarları qoyurlar bir kənara, əvəzində hansısa yeni bir klan yaratmaqla guya başqa dominant klanların təsirini azaltmaq istəyirlər. Guya kimisə inandırmağa çalışırlar ki, bir səhvi digər daha böyük səhvlə düzəltmək olar. Əslində bu yanaşmanın özü elə əvvəlki təyinatlardan da böyük narazılıq yaradacaq son dərəcə təhlükəli, ağır nəticələri qabaqcadan bilinməyən bir tendensiyadır. Axı bu süni klan yaratmanın özü də ayrıseçkiliyə hesablanıb. Artıq bunun mənfi təzahürləri elə Fizika İnstitutunun timsalında da aydın görünür. N.Məmmədov, O.Ələkbərov - F.Abdullazadə tandeminin dəstəyi ilə rəhbərliyə gələndən sonra ölkənin əsas toplumunun elmi adamları idarəetmədən “ustalıqla” uzaqlaşdırılır, İnstitutun fəaliyyətində onlar sıxışdırılır! Azərbaycanın dövlət dilində danışmayanlar, danışa bilməyənlər, danışmaq istəməyənlər rəhbərliyə gətirilir, söz sahibinə çevrilirlər! Azərbaycan bir dövlət kimi hər bir dilin sərbəst istifadəsinə imkan yaradır, amma dövət idarəsində rəsmi dil Azərbaycan dili olmalıdır! Heç də təsadüfi deyil ki, vaxtı ilə Xəzər neftindən, Bakıdan bəhs edən Ceyms Bond filmlərinin birində ölkənın əsas toplumu haqqında son dərəcə yalnış bir təsəvvür yaradılmışdı! Əslinə baxanda o təsəvvürü yaradanlar elə Fizika İnstitutunun rəhbərliyinin, onların havadarlarının timsalında aydın görünür!

Cənab Prezident! Elm millətin potensialıdır. Gətirdiyim müqayisələrdən açıq-aydın görünür ki, bu potensialı neçə ustalıqla məhv edirlər. Sizə yenə də müraciət edirəm ki, Azərbaycan elminin bu kökə düşməsində müstəsna xidmətləri olan Prezident Administrasiyasının şöbə müdiri F.Abdullazadəni və AMEA rəhbəri A. Əlizadənı istefaya göndərsiniz!

Hörmətlə,Elman Şahverdiyev

Fizika İnstitutu"

“AzPolitika.info”-dan: AMEA rəhbərliyinin, eləcə də yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar