RUSİYA GERİ ÇƏKİLİR: NÜVƏ TƏHDİDLƏRİ BLEF OLUB! - Tərəflər arasında paritet yoxdur! (Müqayisəli təhlil)

Krımın ilaqının bir illik «yubileyi» münasibətilə «Krım. Vətənə yol» filminin nümayişindən sora Rusiyanın «nüvə təhdidləri» dünyanın nüfuzlu siyasi xadimlərinin, araşdırıcı mərkəzlərinin və KİV-nin gündəmini zəbt etmiş müzakirə mövzusuna çevrilib. Durumun ciddiliyini hamı anlayır və bundan narahatlıq keçirir!

Müşahidə və təhlillər göstərir ki, Rusiya tərəfi özü də danışdıqlarının fərqində olmamış deyil və müəyyən mənada «peşimançılıq» hissləri keçirir. Bir neçə gün bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmirti Peskovun bu mövzuya yönəlik səsləndirdiyi «qeyri-müəyyən» fikirlər belə düşünməyə əsas verir. Məsələn, Peskov «İnterfaks» agentliyinə deyib ki, Rusiya «Krımın müdafiəsi üçün (?! - müəllif) Qərbi nüvə silahı ilə hədələməyib...». Peskov sözlərinə əlavə edib ki, belə söhbətlər ölkəsinin məkrli obrazının yaradılması istiqamətində davam edən klassik isteriya nümunəsidir. Əslində informasiya baxımından özləri (Qərb təmsilçiləri) heç bir konkret məlumatı rəhbər tutmayaraq, vəziyyəti qızışdırır, sonra isə özləri də yazdıqlarından qorxurlar. Buradan belə çıxır ki, mövzu ilə bağlı indiyə qədər Rusiya və dünya KİV-nin yazdıqlarının heç bir konkret əsası yox imiş. O zaman məntiqi sual yaranır: Nə üçün Rusiyanın hakimiyyət dairələri bu «dezinformasiya»nı yaymış və yaymaqda davam edən KİV-ləri indiyə qədər məhkəməyə verməyib və ya heç olmasa, onları təkzib edən bəyanatla çıxış etməyib? Gəlin razılaşaq ki, «nüvə dövlətinin nüvə hədələri» mövzusunu lağlağı obyektinə çevirmək elə də uğurlu yumorizm sayıla bilməz...

Belədə, məntiqi sual yaranır: Bütün bunlar nə deməkdir, nə üçün Rusiya prezidentinin dediklərini onun özü yox, xarici işlər naziri yox, məhz mətbuat katibi «təkzib» edir? Digər tərəfdən, təkcə prezidentmi «Qərbi nüvə silahı ilə hədələyib?». Bəs, bu ölkənin Danimarkadakı səfirinin dedikləri? Bəs, səfirin dediklərini kim «təkzib» edəcək?

Sual çoxdur və onların ətrafında rassional gəzişmə (improvizasiya) Kremlin son davranışını «Əşi, fikir verməyin, bir zarafat idi, elədik...» peşimançılığı kimi xarakterizə etməyə yetərincə əsas verir. Əgər elədirsə, onda bu, müəyyən mənada Kremlin geri çəkilməsi anlamına gəlir. Gerçəkdən də rəsmi Kremli «ehtiyatlı surətdə» geri çəkilməyə vadar edən tutarlı səbəblər (arqumentlər) var. Belədə, həmin arqumentlərə ötəri də olsa nəzər salmağa dəyər...

DAXİLİ AMİLLƏR

Ölkənin rəsmi dairələri tərəfindən nə qədər ciddi-cəhdlə gizlədilsə də, Kremlin «nüvə təhdidləri»nin Rusiya ictimaiyyəti daxilində ciddi narazılığa səbəb olduğu özünü açıq şəkildə büruzə verir. Hətta bəzi şərhçilər Prezidentin dilindən «nüvə təhdidi»nin səslənməsini, onun ölkə əhalisini aldatması kimi təqdim edirlər. Odur ki, belə davranışın Rusiya ictimaiyyəti daxilində ciddi narazılığa gətirib çıxara biləcəyi ehtimalı Kremli narahat etməyə bilməz.

Ölkə iqtisadiyyatının bərbad vəziyyəti, tuğyan edən inflyasiya, neft qiymətlərinin durmadan enməsi və Qərbin tətbiq etdiyi sanksiyaların yaxın perspektivdə bu ölkəyə yaxşı heç nə vəd etmədiyi də diqqətdən kənarda qala bilməz.

Digər tərəfdən, Kreml rəsmilərinin dilindən səslənən «nüvə təhdidləri»nin dünyada doğurduğu adekvat-neqativ reaksiyanın bölgədə və dünyada Rusiyanın təklənməsinə gətirib çıxardığı indi heç kimdə şübhə doğurmur - hətta Rusiyanın yaxın müttəfiqləri də onun davranışından, bir növ, sarsılmış kimi görünürlər. Buna misal olaraq, Belarus prezidenti Lukaşenkonun son günlər sərgilədiyi «ehtiyatlı» çıxışları, sərgilədiyi manevrləri önə çəkmək olar. Digər bir misal kimi, mayın 9-da Moskvada keçirilməsi planlaşdırılan qələbə paradına dəvət almış bir sıra dövlət və hökumət başçılarının bu dəvətdən nümayişkəranə şəkildə imtina etməsini önə çəkmək olar. İndi hər kəs anlayır ki, bəli, öz təcavüzkar davranışı ucbatından Rusiya təhlükəli sayıla biləcək qədər TƏKLƏNİB!

Son dövrdə Rusiyadan kapital axınının vüsət alması da hakimiyyət üçün uğurlu perspektiv vəd etmir. Təhlillər göstərir ki, Rusiya oliqarxları hələ ki, gözləmə mövqeyində dayanıblar. Amma hamı anlayır ki, bu gözləmə mahiyyət etibarilə, «tufandan öncəki sakitlik»dən başqa bir şey deyil. Nədən ki, təcrid olunmuş Rusiyada böyük biznesin uğurları barədə düşünmək xülyadan başqa bir şey olmazdı...

Krımın ilhaqı məsələsini də bu sıraya aid etmək lazımdır. Araşdırma və təhlillər göstərir ki, ökə ictimaiyyəti daxilində Krımın gələcəyi barədə dayanıqlı bir mövqe yoxdur - məqsədli təbliğatın təsiri altında eyforiya həddinə çatdırılmış milyonlarla rusiyalı qəlbinin dərinliklərində özü-özünə hesabat verir ki, KRIM - RUSİYA DEYİL! Hakimiyyət də bunu anlayır, amma geri çəkilməyi özünə sığışdıra bilmir. Məhz bu səbəbdən dolayıdır ki, indi Rusiyanın siyasi dəhlizlərində, çox ehtiyatlı şəkildə belə bir fikir dolaşır - Rusiya özünü aşağılanmış saymasın deyə, Krımın müstəqilliyi elan olunsun və Rusiya da onu müstəqil subyekt kimi tanısın və s.

Məhz deyilənlərdən dolayı, hesab etmək olar ki, Kremlin «nüvə təhdidləri» bir tərəfdən, qorxutmaq məqsədi daşıyıbsa, digər tərəfdən, dünya ictimaiyyətinin və ölkə əhalisinin nüvə müharibəsi perspektivinə reaksiyasının öyrənilməsinə xidmət edib...

PARİTET MƏSƏLƏSİ

Nüvə dövlətlərini nüvə müharibəsindən (Üçüncü Dünya Müharibəsi) çəkindirən əsas amil 1967-ci ildə imzalanmış «Nüvə silahının yayılmaması haqqında Müqavilə» adlı sənəddir. Amma ötən müddət ərzində vəziyyət əhəmiyyətli dərəcədə dəyişib və nüvə dövlətlərinin sayı artıb. Onların heç də hamısı sözügedən sənədin müddəalarına uyğun davramağa hazır olmadığını ortaya qoyur.

Əldə olan məlumata görə, hazırda ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çindən başqa Hindistan, Şimali Koreya, İsrail və Pakistan da nüvə potensialına malikdir. Onlardan üçü «nüvə klubu»na daxil olmaqdan imtina edir və atom silahına sahib olması barədə danışmamağa üstünlük verir. İran və Cənubi Afrika Respublikasının atom başlıqları yaratmaq üçün həm elmi hazırlığı, həm də istehsal gücü var. Elə dövlətlər də var ki, atom silahı yarada bilər, amma iqtisadi və siyasi mülahizələrdən dolayı, bundan çəkinir. Bu sıraya Yaponiya, Braziliya, Argentina və Səudiyyə Ərəbistanı aiddir...

Buradan aydın olur ki, qarşı duran tərəfləri (Qərb dövlətləri və Rusiya) arasında «nüvə perspektivi»ndən çəkindirən əsas amil - paritet ortada yoxdur. Bu da Rusiyanı ciddi düşündürməyə bilməz.

2011-ci ildə ABŞ və Rusiya arasında nüvə silahı ehtiyatlarının ixtisarı barədə müqavilə bağlanıb. Ekspertlərin fikrincə, ləng də olsa tərəflər müqaviləyə əməl edirlər.

Əldə olan məlumata görə, nüvə başlıqlarının sayına görə, Rusiya irəlidədir. Amma son bir ildə Kreml 500 vahid nüvə başlığının məhv edildiyini bildirir. Mütəxəssislərin fikrincə, Rusiyanın atom silahlarının əsas üstünlüyünü Deadhand sistemi (Perimetr) təşkil edir. Bu sistem avtomatik olaraq nüvə başlığı ilə atəşi nəzərdə tutur. Sistem, düşmənin real atom təhlükəsi barədə siqnalın daxil olduğu anda işə düşür - heç bir kənar göstəriş olmadan. Amma məhz bu «üstünlük» müəyyən şəraitdə Rusiyanın özünün ziyanına işləyə bilər - müəyyən şərtlər daxilində «yalançı siqnal»ın daxil olması avtomatik olaraq, həm də Kremlin iradəsinin əksinə, nüvə atəşinə gətirib çıxara bilər. Deməli, Kreml belə perspektivi də nəzərə almaq zorundadır. Çünki bu amil Rusiya üçün əlavə məsuliyyət deməkdir...

ABŞ-ın nüvə silahı daha güclü sayılır. Çünki bu silahların yaradılmasına daha çox vəsait sərf olunur. Üstəlik də bu ölkədə vaxtaşırı nüvə arsenalının modernləşdirilməsi həyata keçirilir. Nüvə başlıqlarının ixtisarı barədə müqaviləyə uyğun olaraq, 2014-cü ildə ABŞ 400 vahid nüvə başlığını məhv edib.

Çinin nüvə silahlarının həcmi barədə əldə heç bir dəqiq məlumat yoxdur. Bu ölkənin nüvə imkanları da naməlum olaraq qalır. Amma bir mənbənin məlumatına görə, Çinin nüvə silahları köhnə SSRİ texnologiyaları əsasında yaradılıb və ABŞ-ın arsenalından əhəmiyyətli dərəcədə geri qalır.

MÜMKÜN ATOM TƏHLÜKƏSİ

"Stoqholm" beynəlxalq sülh problemlərinin araşdırılması institutunun 2014-cü il üçün şərhinə görə, hazırda dünyada atom döyüş başlıqlarının sayına görə, nüvə dövlətləri aşağıdakı kimi sıralanıb:

Rusiya - 8000 ədəd

ABŞ - 7300 ədəd

Böyük Britaniya - 225 ədəd

Fransa - 300 ədəd

Çin - 250 ədəd

Pakistan - 120 ədəd

Hindistan - 90 ədəd

İsrail - 80 ədəd

Şimali Koreya - 6-8 ədəd.

Onu da nəzərə almaq lazımdır ki, bu gün atom silahı bəşəriyyət üçün ən ciddi təhlükə sayıldığı kimi, həm də nüvə dövlətlərini bu silahın tətbiqindən çəkindirən ən başlıca amil olaraq qalır.

Yuxarıdakı siyahıdan görünür ki, Rusiyanın 8000 ədəd nüvə başlığına qarşı, ABŞ və müttəfiqlərinin (Böyük Britaniya və Fransa) sərəncamında 7825 ədəd nüvə başlığı var. Rusiya-Qərb qarşıdurmasının nüvə müharibəsinə gəlib çatacağı təqdirdə, Çin qarışıq, digər nüvə dövlətlərinin «neytral» mövqe tutacağı şübhə doğurmur. Çinin öz maraqları və «yumşaq» adlandırılan siyasəti var. Bu siyasət ABŞ-Rusiya qarşıdurmasına müdaxiləni məqbul saymır. Üstəlik də Çində əhalinin 1 kvadrat kilometrdə sıxlığının xeyli yüksək olması, onu nüvə mübahisələrinə qatılmamağa vadar edir. Bununla belə, nəzərdən qaçırmaq olmaz ki, hazırda ABŞ-ın ən çox borclu olduğu dövlət məhz Çindir. O biri dövlətlər də «ağrımayan başına buz bağlamaq» istəməyəcəklər...

Buraya, ABŞ-ın Avropa ölkələrində yerləşdirmiş olduğu Raket Hücumundan Müdafiə Sistemlərini də əlavə etsək, məlum mübarizədə (mübahisədə) Rusiyanın əhəmiyyətli dərəcədə geri qaldığı aydın olar.

Bütün bunlara söykənərək, güman etmək olar ki, Kremlin «geri çəkilməsi» əsassız olmadığı kimi, «nüvə təhdidi» də blefdən başqa bir şey deyilmiş...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar