“Azərbaycan” qəzeti alimdən yazdı...

“Azərbaycan” qəzetinin çox şərəfli və keşməkeşli bir tarixi var. Bu qəzeti yaradan kişilər onun cəfasını çəkdilər, əyin-başlarından, külfətlərinin böğazından kəsib onu yaşatdılar. Ancaq səfasını başqaları, daha doğrusu, başqası gördü.

Bu barədə geniş yazmaq fikrindən uzağıq. Ölkə ideologiyasına rəhbərlik edən adamın kimliyi bəllidir və onun şəxsi keyfiyyətləri ilə əsas ideoloji kürsülərdən biri olan “Azərbaycan” qəzetinin taleyinin də kimlərə etibar edilməsi seçimi idealcasına səsləşir...

Nə isə, bu qəzetin 17 dekabr 2013-cü il tarixli nömrəsinin 6-cı səhifəsində “Elm xadimləri” rubrikasında bir yazı dərc olunub: “Fəal mövqeyi ilə seçilən alim”. İlk baxışdan, qəzetin alimlərimizə diqqət ayırması, onların zəhmətini təbliğ etməsi müsbət haldır. Ancaq qəzetin baş redaktorunun, deyilənə görə, “qəhrəman” və “müəllif” seçimində bəlli kriteriyalarının olduğunu nəzərə alsaq, bu sevginin arxasında hansısa mübhəm məqamların gizləndiyi şübhə doğurmamalı idi.

Və... təsəvvür edin ki, bu cür gümanları dümsükləyən şübhələrimiz əsassız deyilmiş...

Məqalənin qəhrəmanı Arif Ələkbər oğlu Ələkbərov adlı bir alimdir. İqtisad elmləri doktoru olan bu adamın tərcümeyi-halı maraqlı olsa da, heç bir müstəsnalığı ilə fərqlənmir. Belə olan halda “Azərbaycan” qəzeti, Rüstəm bəy demişkən, bu alimin nəyinə aşiq olmuşdur?!

Adətən, güman və şübhələrin dalana dirəndiyi belə bir “pat” vəziyyətdə fransızlar ata Dümanın “Parisin mogikanları” əsərindən iqtibas etdikləri bir məşhur ifadəni işlədirlər: “Cherchez la femme!” Yəni, qadını axtarın!

Soruşa bilərsiniz ki, bəs bu yazının qadına nə dəxli var? Var! Özü də lap zırpısından.

Belə ki, qəzetin redaktoru Bəxtiyar Sadıqovun qızı Günel Bəxtiyar qızı Həmidli 01 noyabr 2013-cü il tarixdə Bakı Dövlət Universitetinin nəzdindəki hüquq üzrə Dissertasiya Şurasında “Əmək hüququ” ixtisası üzrə hüquq üzrə fəlsəfə doktoru adı almaq üçün “Başqa işə keçirmə” adlı dissertasiya müdafiə etmişdir.

Dübarə soruşa bilərsiniz ki, bəs bu müdafiənin haqqında ensiklopedik bir bəy tərifi yazılmış, ən azından heç “Əməkdar elm xadimi” belə olmayan “elm xadimi”nə nə dəxli var?

“Azərbaycan” qəzetinin birinci səhifəsindən sonuncu səhifəsinədək çox rasional şəkildə, şəxsi çıxarlarını yemləmək məqsədilə istifadə edən baş redaktor bu dəfə də hədəfi çox düzgün və sərrast seçib. Belə ki, Arif Ələkbərov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında iqtisadi və hüquq elmləri şöbəsinin müdiridir.

Bax, indi hər şey yerinə gəldi. Elmə baş qoşan sıradan obıvatel də bilir ki, “örkən nə qədər uzun olsa da, axırda gəlib doğanaqdan keçdiyi kimi”, alim olmaq kimi cəfalı bir yola çıxmış hər bir kəs axırda gəlib Ali Attestasiya Komissiyasının kandarında büzüşüb duracaq.

Buna görə də B.Sadıqovun bir ata kimi “həyəcanı” başadüşüləndir. Ciyərparasının elmi ad almaq üçün çəkəcəyi əziyyətləri bəri başdan sığortalamaq məqsədilə AAK adlı heybətli bir qurumun şöbə müdiri Arif Ələkbərovun elmi şücaətləri haqqında şit bir yazı verməklə bəlkə də ləyaqətli bir alimi dilə-dişə salmaqdan belə çəkinməyib.

Bu əcaib “qəzetsayağı korrupsiyada” bütün nöqtələri yerinə qoymaq üçün bircə onu demək qalır ki, “Fəal mövqeyi ilə seçilən alim” məqaləsinin həmmüəlliflərindən biri də elə “gənc alimin” elmi rəhbəri professor Alış Qasımovdur.

Yəqin ki, şərhə ehtiyac yoxdur.

Maqsud Səmədzadə

P.S. Elm xadimi Arif Ələkbərova isə bir ismarışımız var: bu gün sürgün həyatı yaşayan prof. Elşad Abdullayev, eləcə də neçə-neçə sanballı adam yaxın keçmişdə Bəxtiyar Sadıqovun əziz-xələf müəllifləri sırasında idilər. Allah qapılarını açsın!

Çalışın, onların taleyini yaşamayın.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar