RUSİYA DAYANMASA, MÜHARİBƏ BAŞLAYACAQ - “Qərb Kremlin hərəkətlərinə cavab axtarır”

”Əgər Moskva Krımda etdiklərini Narvada təkrarlamaq istəsə, onda müharibə başlayacaq”

Avropa siyasətçilərinin nöqteyi-nəzərinə görə, Krımın ilhaq edilməsi və Ukraynanın şərqində Rusiyanın nümayiş etdirdiyi aqressiv hərəkətlər, bir neçə onilliklər ərzində Avropada mövcud olan təhlükəsizlik sistemini və dünya nizamını ciddi surətdə sarsıdır.

Bəs, Qərb Rusiya Federasiyasının bu cür fəaliyyətlərinə qarşı hansı tərzdə və necə reaksiya verməlidir? Hal-hazırda rəsmi Berlin bu məsələnin həlli ilə əlaqədar olaraq, özündə üç elementi birləşdirən strategiya üzərində dayanıb. Bunlar - Kremlin təcavüzkar hərəkətlərinə qarşı sanksiyalar vasitəsilə cəza tətbiq etmək, Moskva ilə danışıqlar aparmaq və Ukraynaya iqtisadi-siyasi yardımın həyata keçirilməsindən ibarətdir. Ancaq Almaniya hökuməti elə ilk başdan güc variantından imtina edib və bu məsələdəki mövqeyini hələlik dəyişməyib. Görəsən, bu cür mövqe səhvdirmi?

KRIMDAKI HƏRƏKƏTLƏRƏ GÖRƏ KART-BLANŞ

Frankfurt şəhərindəki Göte adına Universitetin professoru Eqbert Yan hesab edir ki, Qərb Kremlə Krım və Donbasda hərəkət etmək üçün, faktiki baxımdan, kart-blanş vermək məcburiyyətində qalıb, çünki əks təqdirdə bunun alternativi Üçüncü Dünya Müharibəsi olacaqdı. O, həmçinin əlavə edib ki, bu cür vəziyyət şox acı bir həqiqətdir və Ukrayna cəmiyyəti, Krım və Donbasın işğal altında qalacağını, gec və ya tez, nə zamansa anlayacaq. Bəzi Qərb strateqləri düşünürlər ki, Ukraynaya hərbi yardımı artırmaqla, Moskvanı güzəştə getməyə məcbur emək olar. Lakin Eqbert Yanın fikrinə görə, indiki vəziyyətdə Ukrayna özünü müdafiə etmək imkanına malik deyil və qarşıdurmanın yenidən kəskinləşdirilməsi durumunda, onun məğlubiyyəti daha böyük miqyas ala bilər.

BALTİK ÖLKƏLƏRİNƏ TƏHLÜKƏ VARMI?

Professorun nöqteyi-nəzərinə görə, Baltika ölkələri və Polşanın qorxacağı heç bir şey yoxdur. Onun sözlərinə görə , NATO belə ölkələrin ərazisindən bir santimetr qurban verəcəyi halda, bu blokun tezliklə dağılacağını yaxşı anlayır. Sözsüz ki, öz növbəsində Putin də bunun nə ilə nəticələnəcəyini çox gözəl başa düşür. Prezident Putin bilir ki, Rusiyanın aqressiv fəaliyyəti qarşısında, alyansın üzvlərinə hərbi yardım göstərməkdən başqa, NATO-nun başqa seçimı qalmayacaq. Bu barədə Erbert Yan deyir: ”Əgər Moskva Krımda etdiklərini Narvada təkrarlamaq istəsə, onda müharibə başlayacaq”.

Ancaq digər analitiklər, məsələn “Elm və siyasət” fondundan Marqaret Klyan başqa cür düşünür. O bu barədə bildirib: ”Rusiya tərəfindən hərbi fəaliyyətin hibrid formasına baş vurulması, Qərbin təcavüzkara qarşı sürətli reaksiya verməsini xeyli çətinləşdirir və beləliklə də, NATO nizamnaməsində yer alan 5-ci bəndin nə zaman işə salınacağı mürəkkəbləşir. Ona görə də, belə vəziyyətdə 5-ci bənd, başsağlığı teleqramından tutmuş, nüvə silahından istifadə olunmaya qədər, müxtəlif mənalar kəsb edə bilər”.

UKRAYNA ÜÇÜN “PATRİOT” RAKETLƏRİ?

Beynəlxalq Konversiya Mərkəzinin eksperti Andreas Haynman Qryuderin fikrinə görə, Ukrayna ərazisinə hərbi kömək məqsədi ilə “Patriot” zenit-raket kompleksləri və digər hava hücumundan müdafiə sistemləri yerləşdirilməsi mümkün variantlardan biridir. Onun sözlərinə görə, Rusiya-Ukrayna sərhəddi beynəlxalq nəzarətə götürülmək şərtilə, oraya sərt mandat altında sülhməramlı qüvvələr göndərilməlidir. Ekspert belə hesab edir ki, Qərb birinci Minsk razılaşması dərslərindən nəticə çıxarmalı və Rusiyanın Ukraynanın digər rayonlarına təcavüzünü genişləndirməsini gözləmədən, tərəflər arasında “qırmızı xətt” müəyyənləşdirməlidirlər ki, Rusiyanın buranı keçməsi durumunda, ona qarşı avtomatik tədbirlər görülsün.

Heyneman Qryuder bu tədbirlər sırasına Rusiyanın beynəlxalq maliyyə ödəmə sistemi - SWİFT-dən çıxarılmasını, ixrac və idxal üzərində embarqonun qoyulmasını daxil edir.

UKRAYNANIN AVROPA PERSPEKTİVİ

Rusların aqressiv hərəkətinə qarşı Qərbin mümkün cavab reaksiyasında rəsmi Berlinin üçüncü strateji elementi – Ukraynaya yardım variantıdır. Burada söhbət kreditlərdən, borcların yenidən formalaşmasından, islahatların aparılmasına köməklik göstərilməsindən, siyasi məsləhətlərin verilməsindən gedir. Lakin bütün bunlara baxmayaraq, perspektivdə Ukraynanın Avropa Birliyinə (AB) üz olmasından isə, heç bir söhbət getmir. Əvvəllər Bundestaqın xarici siyasət komitəsinin sədri vəzifəsini tutmuş, indi isə Şərqi Avropa ölkələrini öyrənən cəmiyyətin rəhbəri Rupreht Polenç, Kiyevə AB-yə daxil olma perspektivinin verilməsini çox vacib məsələ sayır. R.Polenç bu mühüm məsələ barəsində deyib: ”Əgər Ukraynaya xarici sərmayə daxil olarsa, ümumi yekunda ölkə iqtisadiyyatı ayaq üstə duracaq. Bunun üçün sərmayəçilər Ukraynanın beş və ya on ildən sonra harada olacağını bilməlidirlər. Beləki, AB üzvlüyünə qəbul olunmağın siyasi perspektivləri ilk növbədə Qərb sərmayəçilərinə lazımdır”.

Poloneç xatırladır ki, vaxtilə Brüssel ilə Ankara Türkiyənin AB-yə qəbulu barəsində danışıqlar aparanda, Türkiyəyə sərmayə kapitalının axını başladı. Nəticədə Türkiyəyə qoyulan illik sərmayənin miqdarı 1,5 milyard dollardan 20 milyard dollara qədər yüksəlmişdi. Bütün bunlar ona görə baş vermişdi ki, sərmayəçilər Türkiyənin hansı istiqamətdə inkişaf edəcəyinə diqqət yetirirdilər. Hərçənd ki, Türkiyənin nə zamansa AB üzvü olacağı təkzibedilməz bir fakt da deyildi. (Deutsche Welle)

Çevirdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar