“İlqar Məmmədov azadlıqda olub öz kampaniyasını aparmalıdır”

Prezident seçkisində qeydə alınmış namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkəti ödənişsiz efir vaxtı ayıracaq. Seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdır (3 saat televiziyada, 3 saat radioda). Pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.

Prezident seçkisində 14 nəfərin namizədliyi rəsmiləşib: İlham Əliyev, Əhməd Oruc, İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, İlyas İsmayılov, İlqar Məmmədov, Cəmil Həsənli, Sərdar Cəlaloğlu.

Televiziya və radioda ödənişsiz efir vaxtını 14 namizəd arasında bərabər böləndə hər namizədə həftədə təqribən 26 dəqiqə düşür.

Namizədlərdən biri - REAL hərəkatının sədri İlqar Məmmədov hazırda həbsdədir. Qanunvericiliyə görə, təbliğat kampaniyası dövründə bütün namizədlərə eyni şərait yaradılmalıdır.

“Media forum” saytı İlqar Məmmədovun təbliğat kampaniyasında iştirakı üçün hansı hüquqi addımlar atılacağı ilə maraqlanıb.

REAL hərəkatı İdarə Heyətinin üzvü Natiq Cəfərli sentyabrın 10-da “Media forum”a deyib ki, imza kampaniyası başlananda İlqar Məmmədovun vəkilləri məsələ ilə bağlı Baş Prokurorluğa müraciət ediblər: “Müraciətdə İlqar Məmmədov barədə başlanmış cinayət işinə xitam verilməsi və ya həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluğun məhkəməyə vəsatət verməsi istənmişdi.

Azərbaycanda müstəqil məhkəmə olmadığı üçün vəkillərin verdiyi bütün şikayətlər nəticəsiz qalır. Vəkillər düşündülər ki, Baş Prokurorluğun özünün vəsatət qaldırması daha böyük effekt verər. Təəssüf ki, indiyə kimi prokurorluqdan cavab gəlməyib. Müraciətə bu günlərdə cavab veriləcəyini gözləyirik.

Dünən İlqar Məmmədovun imza kampaniyası yekunlaşdı, vərəqələr MSK-ya təqdim olundu. Hazırda MSK-dan da cavab gözləyirik. Bunları nəzərə alaraq düşünürəm ki, yaxın günlərdə prokurorluğun müraciətlə bağlı mövqeyini öyrənə biləcəyik.

İlqar Məmmədov qeydiyyata alınsa, MSK özü də məhkəməyə müraciət edə bilər. Çünki qanunvericiliyə görə, bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Bu o anlama gəlir ki, İlqar Məmmədov da azadlıqda olub öz kampaniyasını aparmalıdır. Qanunun tələbi belədir. Düşünürəm ki, qeydiyyat məsələsində çox şeylərə aydınlıq gələcək. Namizədliyinin qeydə alınması avtomatik olaraq İlqar Məmmədovla bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə nəticələnə bilər. Biz də bunu gözləyirik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar