REAL PUTİNİZM: MƏNASIZ BOŞLUQ! – “Bu şərtlərin heç birinə Rusiyada əməl olunmur”

Həqiqət üçün yer tapılmayan məkanda, müəyyən bir vaxtadək yalanın köməyi ilə çox şeyə nail olmaq mümkündür!

Brejnev dövrünün öz qürub çağına yaxınlaşdığı vaxtlarda, kommunizmın heç bir zaman baş tutmayacağı artıq tam çılpaqlığı ilə aydın görünürdü. Bunu yaxşı anlayan Kommunist Partiyası liderləri, öz həyatını yaşayıb qurtarmış siyasi sistemə yeni -“sosializm realizmi” adını verdilər. Həmin mənaya uyğun olaraq, yarımcan vəziyyətə düşmüş sistem, marksist inkişafın qayəsini, yəni Sovet İttifaqının bütün maddi nemətlərinin hamıya məxsus olduğu nöqteyi-nəzərini təsdiq etməliydi.

Sovet İttifaqının idarəetmə strukturu, təşkilatlanmış iyerarxik sistem üzərində qurulmaqla yanaşı, buna müvafiq şəkildə xarici aləmlə çox yaxşı tanınan və aydın qarşılıqlı əlaqələr yaratmışdı. Ancaq sovet dövründən fərqli olaraq, Rusiyanın gəlib çıxdığı indiki “Putin realizmi” isə heç bir forma kəsb etməyən mənasız boşluğa oxşayır.

Hətta uğurlu dövlətlərdə bu və ya digər şəkildə anoloji analizə məruz qalıblar. Frensis Fukuyamanın “Siyasi qaydalar və siyasi çöküş” adlı kitabında təklif olunan sxem, tam mənası ilə Rusiya üçün də uyğun gəlir. Müəllifin fikrinə görə, dövlət quruluşunun məqsədəuyğun sistemi demokratiyadır və həmin bu demokratiyanın təməlində mühüm elementlər - güclü, müasir, effektiv dövlət idarəetməsi, mülkiyyət hüququnu təmin edən hüquqi normalar, vətəndaşların təhlükəsizliyi, malliyyə əməliyyatlarının şəffaflığı və həmçinin də hakimiyyət nümayəndələrinin xalq qarşısında hesabat verməsi mexanizminin işlək forması dayanmalıdır. Sadalanan bu şərtlərin heç birinə Rusiyada əməl olunmur.

F.Fukuyamanın üç istiqamətdə təsnifatlandırılmış fikirləri ilə tanış olaq. Rusiyanın güclü dövlət olmamasını iddia etmək, bəlkə də ilk baxışda səhv və qəribə görünə bilər. Axı, hər necə olsa da, Putin öz ölkəsində hakim fiqurdur və o, Qərbə qarşı hiylə işlətməyə meyilli rəhbər kimi tanınır. Son dövrlər Rusiya prezidentinin populyarlıq reytinqi astronomik həddə kimi yüksəlib. Lakin onun hakimiyyətdə olduğu tarix - Rusiyanın idarə edilməsi üçün nəzərdə tutulmuş dövlət strukturlarının zəiflədilməsinə yönəlmiş bir dövrdür. Ölkədəki dövlət məmurlarının sayı, heç zaman olmadığı qədər çoxdur və xeyli qanunlar yazılıb, amma bu məmurların da xeyli sayda rəhbərləri var. Əslində isə onların əksəriyyəti ifrat dərəcədə korrupsiyaya bulaşıblar. Uzun illər ərzində daha da güclənərək yayılan bu böyük nöqsan, həm federal mərkəzdə, həm də ki, regionlarda eyni cür möhkəm kök salıb.

Bu yaxınlarda Putinin ictimai məkandan itməsi və 11 gün ərzində onun harada olması barəsində rəsmi orqanların susqunluğu, Rusiya dövlətinin personallaşdırılmış xarakterinin müasir sifətinin bariz nümunəsidir. Bundan əlavə, bütün baş verənlərin hamısı daha bir mühüm problemi - hakimiyyətin varislik məsələsini yada salır. Putinin ortalıqda görünmədiyi bir vaxtda, ölkınin kim tərəfindən idarə olunması və bundan sonra nəyin baş verəcəyi barəsində kimsə heç nə bilmirdi. Ancaq dəqiq demək olar ki, baş nazir Dmitri Medvedyev Putinin əvəzinə ölkənin idarə etmə sükanının arxasına keçməmişdi. Boris Nemtsovun öldürülməsində günahlandırılan çeçenlərin ünvanına tuşlanmış ittihamların fonunda, belə şayiələr yayılmağa başladı ki, hədlərini aşmış çeçenləri nəzarətə almaq üçün Rusiya Federal Təhlükəsizlik Xidməti Kadırovu neytrallaşdırmaq niyyətindədir. Məsələ həm də ondan ibarətdir ki, əsl həqiqət həmin bu ehtimallara nə qədər uyğun gəlir və ya bütün bunlar uydurmalardır. Amma yaxşı və düzgün təşkil olunmuş dövlətdə və yaxud da ki, öz postuna adekvat cavab verən rəhbərlərin idarə etdiyi dövlətdə belə şayiələrin yayılması mümkün deyil.

O ki qaldı Fukuyamanın ikinci şərtinə, yəni, Rusiyada mövcud qanunların və ya rəhbərlər tərəfindən həyata keçirilən maliyyə əməliyyatlarının şəffaflığının iddia edilməsinə - sözsüz ki, korrupsiya girdabındakı ölkədə bu iddiaların əsası yoxdur. Lakin Rusiya dövlətinin öz vətəndaşlarının təhlüksizliyini necə təmin etməsinə gəlincə isə, bu məsələyə daha təfsilatı ilə baxmağına dəyər. Heç bir şübhə yaxdur ki, dövlət, qanunların pozulmasına qarşı güc tətbiq edilməsi məsələsində inhisar hüququna malikdir. Ümumi qəbul edilmiş ideyaya əsasən, mərkəzləşdirilmiş avtoritar dövlətin xüsusi qısqanclıqla həmin bu hüququ qoruyacağına ümüd bəsləmək heç də əbəs sayılmaz. Lakin müasir Rusiyada bu mezanizmin həyata keçirilməsi görünmür. Bunu təsdiq edən xeyli əyani faktlar mövcuddur. Kadırovun Çeçenistanda və ondan kənarda özünü necə aparması, xalq nəzarəti drujinalarının təsirinin getdikcə artması (əsasən də bu yaxınlarda yaradılmış “Antimaydan” hərəkatı), skinhed və Putinpərəst nümayişlər zamanı asayişin qorunmasında istifadə olunan digər döyüşkən ruhlu gənclərin meydan sulaması, kazak dəstələri, məcburi şəkildə qəbul etdirilməyə çalışılan ”rus dəyərləri”, hər şeylə maraqlanmaq istəyən jurnalistləri döyən xuliqanlar, Kremllə əməkdaşlıq edən kriminal qruplar və ən nəhayət isə, Boris Nemtsovun qətlə yetirilməsi Rusiyadakı hüquq müstəvisinin bərbad mənzərəsinin açıq təcəssümüdür. Əlbəttə, Nemtsovun öldürülməsindən başqa, nümunə kimi sadalanan digər hadisələrin heç birini misli görünməmiş adlandırmaq olmaz. Lakin bəllidir ki, bu cür cinayətkar fəaliyyətlərin sayı dumadan artır və bu hərəkətləri törədənlərin Kreml tərəfindən nə zaman nəzarət altına götürüləcəyi isə tamam başqa bir mövzudur.

Bu isə bizi, Fukuyamanın üçüncü şərtinə - Rusiya hakimiyyətinin məsuliyyəti məsələsinə doğru gətirir. Yoxsa, Putin nə üçün daimi olaraq, rəngli inqilabların təhlükəsindən söz salır. Hal-hazırda yaxın ətrafında qərarların qəbul olunması məsələsində Putinə təsir göstərməyə cəhd etmək istəyən qüvvələrin varlığı barəsində heç bir əsaslı dəlil-sübut yoxdur. Rusiya prezidentini əhatə etmiş yüksək vəzifəli məmurlar, Konstitutsiyanın onlara vermiş olduğu səlahiyyətlər çərçivəsində zəifləmiş dövlət institutlarına deyil, elə birbaşa məhz Putinə tabedirlər. Bu deyilənlər həmçinin müəyyən mənada bir-birləriylə rəqabət aparan güc strukturlarına da şamildir. Lakin belə bir sual da ortalığa çıxır ki, görəsən Putin onlara nə dərəcədə ciddi nəzarət etmək imkanına malikdir. Hakim elitanın sərbəstliyinin nə qədər məhdud olmasına baxmayaraq, hər halda onların müəyyən hərəkət imkanları, tam yox da deyil.

Rusiya hakimiyyəti son on beş il ərzində öz ideyalarının və siyasi fəaliyyətlərinin tənqid olunma məkanını əhəmiyyətli ölçüdə daraldıb. Həqiqət üçün yer tapılmayan məkanda, müəyyən bir vaxtadək yalanın köməyi ilə çox şeyə nail olmaq mümkündür. Prinsip etibarilə, aparılan təbliğat, onu idarə edən qüvvə tərəfindən qarşıya qoyulan məqsədin həyata keçirilməsi üçün nəzərdə tutulur. Amma müəyyən zaman keçdikdən sonra bu təbliğatın aparıcıları öz yalanlarının qarmağına özləri ilişirlər.

Hazırda bütün gücü ilə Rusiyada tüğyan edən Putin realizminin başlıca anlamı, hətta rus əsgərlərinin Ukraynada həlak olması da daxil olmaqla, heç kimin, heç nəyə cavab verməməsindən ibarətdir.

(“The American İnterest”)

Çevirdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar