"Hazırda iqtidarın əsas məqsədi Milli Şuranı dağıtmaqdır" - Rüstəm İbrahimbəyov

"Milli Şuranı sağdan-soldan tənqid edənlər, “onun uğurları yoxdur” deyənlər istər-istəməz iqtidara işləyir, bunu yüz faiz deyə bilərəm"

Milli Şuranın fəxri sədri, kinorejissor Rüstəm İbrahimbəyov uzun müddətdən bəri davam edən sükutu pozdu. Fəxri sədr seçilməsindən sonra barəsində səslənən fikirlərə, həmçinin postsovet məkanında yaşanan proseslərə, Milli Şuranın taleyi ilə bağlı suallara onun baxışını öyrənmək zəruri olduğundan çoxdan idi ki, kino xadimi ilə danışmaq istəyirdik.

Nəhayət, bir neçə günlük israrlı zənglərimizdən sonra telefonu açan R.İbrahimbəyov son vaxtlar gərgin iş qrafikində işlədiyini, yaradıcılıqla məşğul olduğunu bildirdi. Zəng etdiyimiz məqamda isə o, hava limanında olduğunu və Moskvadan Los-Ancelesə uçmağa hazırlaşdığını bildirdi. Ancaq təyyarənin trapı qarşısında olsa da, MŞ-nin fəxri sədrini söhbətə çəkməyə, aktual hesab etdiyimiz məsələlərə münasibətini almağa nail olduq.

- Rüstəm bəy, son zamanlar mediada az-az görünməyinizin səbəbi nədir? Yaradıcılıq işlərinin nə yerdədir?

- Biz Rəsul Həmzətovun (tanınmış avar yazıçısı-E.P.) barəsində film çəkirdik. O, mənimlə dost olub, onun xatirəsinə bədii film çəkmişik. Mən bu filmin prodüseri və müəllifiyəm. Çəkilişlər qurtarıb, indi montaj gedir. Bir-iki aydan sonra hazır olacaq. Bundan əlavə, Bakıda 10 il çalışan “İbrus” teatrının 10 illik yubileyi münasibətilə burda - Moskvada böyük bir kitab hazırlanır, onun tərtibatı ilə məşğulam. Həmçinin mənim bir romanım var, onunla bağlı işləyirəm.

- Belə görünür ki, bugünlərdə yaradıcılıqla bağlı işləriniz xeyli məhsuldar olub. Ancaq siz həm də Milli Şuranın fəxri sədrisiniz. Bu statusda hansı işləri görmüsünüz və yaxud görmək fikriniz var?

- Azərbaycanın ictimai həyatında iştirak etmək mənim vətəndaşlıq borcumdur və mən ömrümün axırınadək buna vaxtımı və gücümü sərf edəcəyəm. Amma mənim əsas peşəm yazıçılıqdır və çalışıram ki, bunu yaddan çıxartmayım.

- Şübhəsiz ki, sizə dünya çaplı sənətkar olaraq yüksək dəyər veririk və ömrünüzün hər saatı yeni əsər və ya ideyaların yaranması baxımından qiymətlidir. Bu mənada bəlkə heç sizin Milli Şuranın söz-söhbətə səbəb olan fəxri sədri seçilməyinizə də ehtiyac yox idi və yaradıcılığa daha çox vaxt ayırmağınız baxımından faydalı olardı...

- Mən sədrlikdə qalmamışam, getmişəm. Amma orda dostlarım, Milli Şuranın üzvləri özləri təklif ediblər, məni fəxri sədr seçiblər. Amma mən görsəm ki, bununla bağlı ayrı-seçkilik, dedi-qodular başlayıb, ondan da imtina edəcəyəm. Çünki mən bu vəzifədə qalmağı özümə borc sayıram. Lakin ayrı-ayrı partiyaların buna münasibəti mənfi olsa, onda bu məsələni də müzakirəyə çıxaracağam. Yəni mənə Milli Şuranın birliyinin qorunması lazımdır. Çünki Milli Şura tarixi bir hadisədir və çox vacibdir ki, bizim əsas partiyalar, görkəmli ictimai xadimlər bu qurumda iştirak etsinlər. Ancaq görsəm ki, mənim fəxri sədr olmağım çətinlik yaradır, onda mən ərizə yazıb bu vəzifədən gedərəm. Təki mənim orda sədrliyim birliyin qorunmasına mane olmasın.

- Müsavat başqanı İsa Qəmbər də proseslərin həssas bir mərhələyə adladığına işarə edib və deyib ki, başqa bir dövlətin vətəndaşının sədr olduğu təşkilatın üzvü olmaq Müsavat Partiyası üçün məqbul deyil. Avropa və Rusiya arasında seçim edildiyi bir məqamda bu fikirlərin haqlı olduğunu düşünürsünüzmü?

- Bilirsiniz, bu, süni şeylərdir. Çünki Müsavatın başqanı vaxtilə məni namizəd kimi dəstəkləyirdi. Amma bilirdi ki, mən Rusiya vətəndaşıyam. İndi başqa ölkələrdə o məsələlər qalxıb ki, vətəndaşlıq prezidentliyə mane ola bilməz və mane olmalı deyil. Azərbaycanda bu məsələləri niyə qaldırırlar, başa düşmürəm. Amma bizim partiyalar arasında 20 ildir mübahisələr gedir, səbəbini də başa düşmürəm. Ona görə də bunu ciddi qəbul etmirəm. Başa düşürəm ki, hansısa məqsədlə bir-birinə sataşırlar. Ancaq yenə deyirəm, dostlarım mənə məsləhət etsə ki, Milli Şuranın birliyini saxlamaq üçün yaxşı olardı sən istefa ərizəsi yazasan, onu da yazaram.

- Dostlar deyəndə kimləri nəzərdə tutursunuz?

- Mənim, ümumiyyətlə, müxalifətə böyük hörmətim var. Müxalifətin böyük nöqsanları var. Amma Azərbaycanda vəziyyət elə çətindir ki, iqtidar elə sərt siyasət yürüdür ki, müxalif olmaq qəhrəmanlıqdır. Bizim müxalifət isə 20 ildir bu vəzifəni öz öhdələrinə götürüb. Ancaq məncə, müxalifətdəkilərin öz aralarında lazımi birlik yoxdur. O adamlar ki, partiyaların üzvü deyillər, amma canlarını və güclərini qoyublar ki, Azərbaycanda demokratiya olsun. Dostlar deyəndə mən onları fikirləşirəm. Leyla Yunus, mənim dostum Cəmil Həsənli və digər çox adamlar var ki, mənimlə bir yerdə Milli Şuranı yaradıblar. Axı Milli Şura yarananda partiyalar çox müqavimət göstərirdilər. Sonra bizə birləşdilər. Ona görə də mənim üçün əsas odur ki, Milli Şura 2-3 partiyanın ittifaqı olmasın, geniş koalisiya olsun. Bir-iki partiyanın başqanının mövqeyi mənim üçün əsas deyil. Bir daha deyirəm, ümumi vəziyyəti təhlil edəndən sonra lazım olsa, bir qərara gələrəm.

- Bildiyimizə görə, Rusiya vətəndaşlığından imtina məsələsi artıq arxa plana keçib. Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, planınızda yaxın vaxtlarda Azərbaycana dönmək məsələsi varmı?

- Fevralın axırında, ya martda işlərimə görə Azərbaycana gəlməliyəm. Amma vətəndaşlıq məsələsi bir az, məni bağışlayın, müasir mövqe deyil e. Bu gün dünyada çox adamda ikili vətəndaşlıq var, bu, qüsur deyil, başa düşürsünüzmü? O vaxt məndən tələb etdilər və ikinci vətəndaşlıqdan çıxmaq üçün ərizə yazdım. Amma indi ola bilsin ki, vətəndaşlıqdan çıxmayım. Hələlik ərizəm ordadır, amma Azərbaycandakı vəziyyətə baxıram. Ola bilər bizim işimizin xeyrinə mənim başqa vətəndaşlığım da olsun. Ona görə də tələsmək istəmirəm. O zaman mən ərizəmi verdim və vətəndaşlıqdan çıxmaq fikrindəydim. Amma özünüz bilirsiniz ki, iqtidar buna mane oldu, ruslarla hansısa sazişə girdilər və mənə Rusiya vətəndaşlığından çıxmaq imkanını vermədilər. İndi isə heç vətəndaşlıqdan çıxmağı lazım da bilmirəm. Bunun mənasını görmürəm. O vaxt mən prezidentliyə namizəd olmağa məcbur oldum. Çünki həmin partiyalar deyirdilər ki, sən namizəd olmasan biz Milli Şuradan çıxacağıq. Hər dəfə bəhanə tapırlar ki, vəziyyəti gərginləşdirsinlər.

Bunun səbəblərini də başa düşmürəm. İndi yüz faiz deyə bilərəm; kim Milli Şuranın mənasını, məqsədlərini yüksək qiymətləndirmirsə, deməli, o, iqtidara işləyir. Hazırda iqtidarın əsas məqsədi Milli Şuranı dağıtmaqdır. Cürbəcür bəhanə tapıb Milli Şuranı tənqid edən, bu qurumun nəticəyə nail olmadığını, seçkilərdə məğlub olduğunu deyən adamlar istər-istəməz iqtidara işləyirlər. Çünki biz axırıncı seçkidə qələbə çalmışıq və Cəmil Həsənli seçkiləri udub, bunu bütün dünya bilir. Milli Şura bütün dünyada çox yüksək qiymətləndirilir və Amerikada da, Avropada da Azərbaycanın gələcəyini Milli Şura ilə bağlayırlar. İqtidarın əsas hədəfi Milli Şuradır. Milli Şuranı sağdan-soldan tənqid edənlər, “onun uğurları yoxdur” deyənlər istər-istəməz iqtidara işləyir, bunu yüz faiz deyə bilərəm. Bu gün ayrı-ayrı partiyalar, şəxslər Milli Şuranı, Cəmil Həsənlini tənqid edirlər. Bəlkə onlar bunu xüsusi məqsədlə etmirlər. Ancaq istər-istəməz onların hərəkətləri hökumətin məqsədlərinə xidmət edir.

- Bu arada AXCP və Müsavatla superpartiya ideyası var. Sizin bu məsələyə münasibətiniz necədir?

- Bu, onların öz işləridir. Mən heç vaxt heç bir partiyanın üzvü olmamışam. Müsavatın və Xalq Cəbhəsinin üzvlərinin çoxu kommunist olub. Ancaq mən Kommunist Partiyasında da olmamışam və heç vaxt hansısa bir partiyaya girməmişəm. Birləşirlərsə, deməli, bu, onlara lazımdır, baş versə, uğurlu bir şey olacaq. Əsas odur ki, bunlar bir-biriləri ilə mübarizə aparmasınlar. Bir-biriləri ilə mübarizə olmasa, bu, çox gözəl olar. Amma onların birləşməsi Milli Şuranın gizli yolla dağıdılması planı olmasın.

- Rüstəm bəy, sizin Maydana gedəcəyinizlə bağlı gözləntilər var idi. İsa Qəmbər də gəlib Kiyevdə izdiham qarşısında çıxış etdi və ukraynalıların avrointeqrasiya xəttinə Azərbaycan müxalifətinin dəstəyini ifadə etdi. Sizin ora getməməyinizə nə mane oldu?

- Mənim heç ora getmək fikrim də yox idi. Mən Azərbaycanın da, Ukraynanın da Avropaya inteqrasiya yolunu dəstəkləyirəm və Ukraynadakı proseslərə böyük hörmətlə yanaşıram. Bununla bağlı rəyimi də dostlarımıza bildirmişəm ki, bax, xalq özünü belə aparar, Ukrayna xalqı göstərdi ki, öz sözünü deyə bilir. Təəssüf ki, Azərbaycan xalqı hələlik buna hazır deyil. Amma ora gedib orda çıxış etmək... Mən siyasətçi deyiləm, ora niyə gedib çıxış etməliyəm?

- Bakıdakı bahalığa etiraz mitinqini necə dəyərləndirirsiniz?

- Çox yüksək səviyyədə. Çünki havalar çox pis idi. Amma camaat gəldi, öz sözünü dedi. Lakin bir məsələ də var, bizdə qiymətlərin qalxmağına fikir verirlər, səbəblərini isə təhlil etmirlər. Səbəbi də odur ki, elə bu günlərdə Anar Əliyevin gizli şirkətləri üzə çıxarıldı, məlum oldu ki, büdcədən 100 milyonlarla manat pul oğurlanıb. Qiymətlərin qalxmasının səbəbi belə faktlardır, bundan danışmaq lazımdır, mitinqlər bununla bağlı keçirilməlidir. Çünki qiymətlərin qalxması nəticədir, səbəb deyil. Səbəb korrupsiyadır və başqa bir ölkədə belə bir fakt açılsaydı, camaat küçələrə axışardı ki, xalqın pulunu talayırlar, oğurlayırlar.

- Yeri gəlmişkən, bir müddət öncə dəyərli aktyorumuz Rasim Balayev filmə çəkilmək istədiyini, ancaq bununla bağlı hər hansı dəvət almamasından şikayətlənmişdi. Nə əcəb keçmiş dostunuzu çəkdiyiniz filmlərin birinə dəvət etmirsiniz?

- Bilirsiniz, mən heç kəsi heç yerə dəvət etmirəm. Çünki mənimlə ünsiyyətə girən adamları dama basırlar. Rasim Balayevin xətrini çox istəyirəm, dahi aktyordur, mənim köhnə dostumdur. Amma onu bir yerə dəvət etsəm, ona pislik etmiş olaram.

- Amerika səfəriniz nə zaman başa çatacaq?

- Fevralda. Ay yarımlıq gedirəm, orda işlərim var. Mən akademiyanın üzvüyəm, orda iştirak etməliyəm...

("Yeni Müsavat")

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar