Aydın Bəşirovun bacısı oğlanları da vəzifədən götürüldülər

Sabiq gəmiçilik şefinin ətrafında halqa daralır

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovun bacısı oğlu, Donanmanın Maddi-Texniki Təchizatı şöbəsinin rəisi Ramazan Ağaverdiyev vəzifəsindən azad edilib. Axar.az yazır ki, R.Ağaverdiyevə işdən azad olunduğu elan olunsa da, rəsmi qərar Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Donanmanın Maddi-Texniki Təchizat şöbəsində aparılan yoxlamaların yekununda veriləcək.

A.Bəşirovun digər bacısı oğlu, donanmanın kadrlar şöbəsinin bərə bölməsinin komandir heyətinin inspektoru Məmməd Şirinov və Gəmiçiliyin İstismar İdarəsinin rəis müavini, Dəniz Akademiyasının rektoru Rasim Bəşirovun oğlu Cavad Bəşirov da vəzifələrindən uzaqlaşdırılıblar.

“Yeni Müsavat”a daxil olan məlumata görə, artıq A.Bəşirov tutduğu vəzifədən uzaqlaşdırılandan sonra başlanan yoxlamalar da sona çatmaq üzrədir. Qeyd edək ki, bir qədər əvvəl redaksiyamıza daxil olan xəbərdə deyilirdi ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də aparılan daxili yoxlamalar on milyonlarla ölçülən maxinasiyaları üzə çıxarıb. Məlum olub ki, QSC-nin sələfi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirov özünə yaxın kadrların, yaxın qohumlarının vasitəsilə dövlət büdcəsinə ödənməli olan külli miqdarda vəsaitləri şəxsi məqsədlərinə sərf edib. Yoxlamalar zamanı bəlli olub ki, A.Bəşirov təkcə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin inzibati binasının təmirinə sənədlər üzərində nə az, nə çox düz 27 milyon manat silib. Bu fantastik rəqəmin qarşılığında bina orta səviyyədən də aşağı təmir edilib. Bundan başqa, A.Bəşirovun ikili mühasibatlıq aparması da üzə çıxıb. Məlum olub ki, gəmilər sənədlərdə göstərilən marşrutlar üzrə hərəkətdə olmayıblar. Çox ustalıqla həyata keçirilən ikili sənədləşmələrin varlığı gəmi kapitanları və ekipaj üzvlərinin sorğu-sualından sonra aydın olub. Həmin maxinasiyalardan A.Bəşirovun milyonlar qazanması şübhəsizdir.

A.Bəşirov “Həzi Aslanov”u 9 il ərzində təmir adı ilə “Zaqafqaziya Federasiyası” adına Gəmi Təmiri Zavodunda saxlayıb. Guya hər iki tankerdə ikinci dib adlanan yeni qatlar düzəldilməliymiş. Bu illər ərzində təkcə “Həzi Aslanov”un təmirinə sənədlər üzərində 7 milyon manat vəsait xərcləndiyi qeyd edilib. Realda isə “Həzi Aslanov” tankeri bu illər ərzində daha da istifadəyə yararsız vəziyyətə düşüb. A.Bəşirovla ona yaxın kadr olan zavodun direktoru Bəxtiyar Rəhimov isə hər il hesabdan hesaba pul köçürüblər. “Qafur Məmmədov” tankerində də eyni kateqoriyaya aid təmir işləri adı ilə zavodda 5 il dayanıb. Bu illər ərzində təmirə sənədlər üzərində 5 milyon manat ayrıldığı göstərilib. Amma işlər görülməyib, tanker sahildə dayanmaqdan korroziyaya uğrayıb. Qurumun yeni sədri Rauf Vəliyev hər iki tankerin vəziyyəti ilə maraqlanandan sonra gəmilərin istismara yararsız olduğunu söyləyib. Sonradan tankerlərin kəsilib metalloma verilməsini məqsədəuyğun hesab edib.

Xatırladaq ki, illər uzunu Aydın Bəşirovun örtülü bazarı olmuş CASPAR-da yoxlamalar dekabrın 22-nə qədər davam edəcək. Ən son məlumata görə, yoxlamaların nəticəsi haqda yuxarılara təqdim edilmək üçün qovluqlar artıq hazırdır.

Qeyd edək ki, bu il oktyabrın 22-də prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqda sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri təyin edilib.

Bundan sonra Baş Prokurorluq ləğv olunan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” yük gəmisində yol verilmiş qanun pozuntularına dair Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmaların başlandığını açıqlayıb.

Noyabrın ortalarında isə Almaniyaya getmək istəyən A.Bəşirovu Bakı Beynəlxalq Hava Limanından geri qaytarıblar. Hava alanında saxlanan A.Bəşirov ağır xəstə olduğunu və Almaniyaya müalicəyə getdiyini söyləsə də, onu eşidən olmayıb. A.Bəşirova deyiblər ki, əmr yuxarıdan verilib, dekabrın 22-nə qədər ölkədən çıxmasına qeyri-rəsmi qadağa var.

Bundan başqa, A. Bəşirovun üzərinə bu il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Naftalan” tankerinin Rusiya tərəfindən geri alınması öhdəliyi də qoyulacaq. Xatırladaq ki, Rusiya FTX-nin yaydığı rəsmi məlumatda qeyd edilirdi ki, tankerdə oğurluq neft olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar